Ötən il Naftalana dünyanın 62 ölkəsindən turist gəlib

Ötən il Naftalana dünyanın 62 ölkəsindən turist gəlib
Xəbərlər 16 Mart 2018 09:31 731
Ötən il Naftalana dünyanın 62 ölkəsindən turist gəlib

Bu gün Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə Turizm Şurasının Sağlamlıq turizmi üzrə işçi qrupunun üzvləri, ölkənin sağlamlıq turizmi sektorunun nümayəndələri iştirak ediblər.  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin turizm potensialı haqqında məlumat verərək bildirib ki, sağlamlıq turizmi sahəsində geniş tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına öz təsirini göstərir. Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onların da 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.

Ə.Qarayev isə digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirərək qeyd edib ki, bu turizm növünün inkişafı etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurası tərkibində Sağlamlıq turizmi üzrə işçi qrupu (eləcə də Naftalan üzrə nefttədqiqat qrupu) yaradılıb. Turizm Şurasının qərarına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Naftalan Şəhər İcra Hakimiyyətinin, Milli Turizm Təbliğat Bürosunun və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunun tərkibi təsdiq olunub. Nazirin sözlərinə görə, Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var: "Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb". Ə.Qarayev həmin turizm mərkəzlərində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılmasının vacibliyini qeyd edib. O bildirdi ki, yaxın şəhər və rayonlara ekskursiyaların təşkili, turistlərin asudə vaxtının səmərəli keçirilməsi də xüsusi önəm daşıyır. Bu, turizm müəssisələrinə əlavə gəlir gətirməklə yanaşı, həm də ölkəmizin mədəniyyətinin və tarixi məkanlarının təbliğinə xidmət etmiş olacaq. 

OXŞAR XƏBƏRLƏR