Qış istirahətinə hazırsınız? - Bakıda Mövsümi Turizm Bazarı keçirilib

Xəbərlər 16 Noyabr 2014 00:00 2331
Qış istirahətinə hazırsınız? - Bakıda Mövsümi Turizm Bazarı keçirilib

Noyabrın 15-də Park Bulvar ticarət və əyləncə mərkəzində Azərbaycanda ilk dəfə olaraq 1-ci Mövsümi Turizm Bazarı keçirilib. Azərbaycan Turizm Assosiasiyası (AzTA) tərəfindən və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş Turizm Bazarı Azərbaycanın qış turizmi imkanlarına həsr edilib.



Saat 12-dən 20-yədək davam edən Turizm Bazarı çərçivəsində Bakı əhalisi və qonaqlar Azərbayanın bölgələrinin turizm imkanları, turizm şirkətlərinin səyahət təklifləri və hotellərin kampaniyaları ilə tanış olmaq imkanı əldə etdilər.
Yarmarkada əsasən daxili turizmlə məşğul olan 15 turizm şirkəti və 10 hotel öz xidmətlərini və qış təkliflərini ziyarətçilərə təklif edib. Bazarın iştirakçıları arasında "Greenwich Travel", "Vistory Tour", "Khazar Travel", "OK Tours", "Improtex Travel", "Gilan Tourism", "Vector Travel", "The Tour", "CTC Tourism" şirkətləri var idi. Eləcə də yarmarkada "Jumeirah Bilgah Beach Hotel", Qəbələdəki "Qafqaz" hotellər şəbəkəsi, "Shahdag" qış-yay turizm kompleksi hotelləri, "Naftalan" və "Shamakhi Rixos", eləcə də Masallıdan "Viləş" hotelləri yer alıb.



40%-lik endirimlər
Qeyd etmək lazımdır ki, həm turizm şirkətləri həm də hotellər maraqlı və cəlbedici təkliflərlə çıxış edirdilər. Sərgi iştirakçıları Qusardakı "Şahdağ" və Qəbələdəki "Tufandağ" komplekslərində yaradılan qış turizmi xidmətlərinə xüsusi maraq göstərirdilər. Hotellərin isə hamısı maraqlı kampaniyaları ilə diqqəti cəlb edirdi. Təkliflərin əksəriyyəti Yeni İl şənliklərinin keçirilməsi və qış tətilində istirahətə aid idi.
Son illər Azərbaycanın bölgələrində turizm obyektlərinin sayı artmaqadır. Bu baxımdan ən populyar istiqamətlərdən biri sayılan "Şahdağ" kurortunda yenilik var. Burada yeni fəaliyyətə başlayan "Park Chalet" hoteli turistlərə maraqlı endirimlə təklif edir. Məsələn, hotelldə 2 gün gecələyənlər 3-cü gecəni pulsuz əldə edir, həftə içi gələn qonaqlar isə hotelin qiymətində 40% endirim, xizək avadanlıqlarını isə ödənişsiz qazanırlar.


Yeni İl təklifləri
Ən maraqlı təklif isə ""Shamakhi Rixos" hotelindən gəlib. Burada Yeni İli qeyd edən ailə hoteldə 3 gecəlik yaşama, gündə 3 dəfə yemək, Yeni İl süfrəsi, hədiyyələr və saysız əyləncələrlə yanaşı, Türkiyənin tanınmış müğənniləri olan Gülşən və Güççənin iki konsertinə də qatıla biləcəklər. Bütün bunlar ailəyə cəmi 1200 manata başa gələcək.
Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirir ki, Turizm Bazarında əsas məqsəd, tur paketlərin və putyovkaların bazar qiymətlərindən aşağı təklif edilməsidir: "Adi halda turizm şirkətlərinə bir-bir müraciət edərək belə güzəştlər və sərfəli təkliflər tapmaq qeyri-mümkündür. Yarmarkada isə bu imkanlar göz qarşısındadır".




Yerli turizmə maraq artmaqdadır
AzTA-nın icraçı direktoru Aytən Əliyeva səyyah.az-a bildirib ki, ölkədə turizm infrastrukturu inkişaf etdikcə, obyektlərdə xidmət keyfiyyəti artdıqca ölkə əhalisinin yerli turizmə marağı da böyüyür. "Yerli turların satışının artması və hotel yerlərinin getdikcə daha çox tutulması ölkə daxilində səyahət edənlərin sayının artdığını göstərir. Bu vəziyyətdə AzTA olaraq bizim əsas vəzifəmiz bu prosesin daha təşkil olunmuş qaydada aparılmasıdır"-deyə icraçı direktor bildirdi.


Tədbir çərçivəsində çoxsaylı müsabiqələr, viktorinalar da keçirilib. Qaliblər müxtəlif turizm məhsulları, o cümlədən səyəhət paketləri ilə mükafatlandırılıb.



Yarmarkaların sayı və müddəti artacaq
Onun sözlərinə görə, bundan sonra Azərbayanda belə yarmarkalar ildə minimum 3 dəfə - Yeni İl, Novruz Bayramı və yay turizm mövsümü ərəfəsində keçiriləcək. Növbəti yarmarkaların daha böyük olması nəzərdə tutulub. Turizm yarmarkaları şəhərin mərkəzi meydanlarında təşkil ediləcək, bir yox, bir neçə gün çəkəcək və bura daha çox qonaq qatılacaq.
Mövsüm Turizm Bazarının ideyası və əla təşkil edilməsi ziyarətçilərin bu tədbirə böyük marağına səbəb olmuşdu. Bu isə gələcək yarmarkaların da uğurlu olacağına və ölkə əhalisinin turizm tələbatının ödənilməsi üçün əsas meydana çevriləcəyinə şübhə yeri qoymur.

OXŞAR XƏBƏRLƏR