Lənkəranın kənd evləri: 5 manatdan 50 manata kimi

Lənkəranın kənd evləri: 5 manatdan 50 manata kimi
Xəbərlər 23 Mart 2018 14:16 2039
Lənkəranın kənd evləri: 5 manatdan 50 manata kimi

 

Azərbaycanın səfalı bölgələrindən olan Lənkəranda turistlər üçün yaradılan imkan, otel və hostellər, istirahət mərkəzlərinin sayı hər il artır. Rayonda rahat istirahət və gecələmə alternativlərindən biri də kənd evləridir. Bu otel şəraitində qalmaq istəməyən və ailəvi istirahət üçün xüsusi yer axtarışında olan turistlər üçün münasib seçimdir, həm də büdcəyə qənaət üçün sərfəli yoldur.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun Seyyah.Az Turizm və İnformasiya Portalına verdiyi məlumata görə rayonda evlər əsasən isti və mülayim havası olan aylar ərzində -  may ayından etibarən sentyabr aynın 15-dək kirayə verilir: “Əsasən İstisu, Haftonu əraziləridir. Bu il hələ əsas turizm mövsümü başlamayıb, amma keçən il 12 kənd evi turistlərin ixtiyarına verilmişdir. Bu bizim Mərkəzimizdə rəsmən qeydiyyatdan keçən və turistlər üçün kirayə verilən daimi evlərin siyahısıdır. Qeydiyyata düşməyən evlər də var ki, sayı təxminən 30-40 olar. Mənim sizə verdiyim rəqəm isə sırf turistlərə verilən evlərin rəsmi sayıdır. Rayonda əlavə olaraq 2 hostel də fəaliyyət göstərir, onlar da da şərait evdəki kimidir”.

Mərkəz direktoru bildirir ki, turistlərə evlər əsasən turizm mövsümü zamanı verilir: “Müvəqqəti qiymətlər tələbata uyğun olur, yay vaxtlarında tələbat çox olduğundan qiymətərdə 10% bahalaşma olur. Evin şəraitindən asılı olaraq qiymət bir adam üçün 5-12 azn civarında olur”.

Lənkəranda kirayə evlərin kordinatoru kimi işləyən Elmir Həsənov isə deyir ki, yerli sakinlər kirayə vermək üçün ev inşa edir: “Ailələr var ki həyətyanı sahəsi genişdir və Lənkəranın turizm potensialının hər gün artdığını görüb o boş ərazidə kiçik bir ev inşa edir, münasib qiymətə turistlərə təklif edir. Mənim işlədiyim adamlar da məhz belələridir, sadə kəndlilərdir. Elə ev var ki adambaşına 10 manat alır ev sahibi, elə ev də var adambaşı 40-50 manatdır. Yəni evin şəraitindən, yerləşdiyi ərazidən asılıdır. Hazırda əlimdə kirayə olaraq təklif edilən 13 ev var. Təxmini hesablamama görə rayonda 150-dən artıq ev kirayə verilir”.

Məlumat üçün qeyd edək ki, 2017-cı il ərzində Lənkərana gələn turist sayı 25 min nəfəri ötüb, onlardan 4 minə yaxın əcnəbi turist olub.

OXŞAR XƏBƏRLƏR