Turist qəbulu sayına görə ötən illərlə müqayisədə bu il öndə olan Naxçıvan MR-na turistlərin marağı artır. Naxçıvan Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə bu ilin yanvar-fevral aylarında muxtar respublikaya 45 min 833 turist gəlib. Bu 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% və ya 1 161 nəfər çoxdur.
Naxçıvan Turizm İnformasiya Mərkəzindən Səyyah.az Turizm və İnformasiya saytına verilən məlumata görə Naxçıvanda kirayə verilən kənd evlərinin sayı 50-dir. Bu Mərkəzin qeydiyyatında olan evlərin sayıdır. Bundan əlavə kənd evlərini qeydiyyatdan keçirmədən şəxsən kirayə verənlər də var ki, dəqiq sayı bilmək çətindir. Naxçıvanda turistlərə kirayə verilən evlərin koordinatorluğunu edən Ramin Babayevin sözlərinə görə bu rəqəmi öyrənmək müşküldür: “Mən 11 evin kirayə vermə məsuliyyətini yerinə yetirirəm. Tanıdığım 3-4 həmkarım da təxminən mənim qədər evə vasitəçilik edir. Dəqiq rəqəm demək çətindir, çünki evini kordinatora həvalə etməyən insanlar da çoxdur, bunu öz imkanları daxilində edərək bizə faaiz ödəmək istəməyənləri nəzərdə tuturam. Amma təxminlərimə görə 100-dən artıq belə ev var Naxçıvanda”.
Qeyd edək ki, kiray verilən evlərin böyük bir qismi Ordubad, Culfa, Şərur rayonlarında yerləşir. Eyni zamanda Naxçıvan şəhərində də turistlərin kirayə evlərə təlabatı çoxdur.