Səyyah.az Turizm və İnformasiya saytı facebook istifadəçisi Mətin Rəhimlinin səfər təəssüratlarını təqdim edir. Qeydlərin təhrif edilməməsi üçün yazılanlar redaktə olunmadan təqdim edilir:
“...İtaliyanın turistlər tərəfindən ən sevilən və gəzməli bölgələrindən biri olan Toskana yalnız Florensiyası, kiçik tarixi şəhərləri, qəsrləri, meyvə-tərəvəz plantasiyaları ilə məşhur deyil. Toskanın qərbində İtaliyanın dəbli və ən bahalı kurortu Forte Dei Marmi yerləşir.
Tirren dənizinin sahilində yer alan bu şəhərin tarixi XV-ci əsrdə yaxınlıqda yerləşən Apuan dağlarından çıxarılan mərmərin daşınması üçün inşa edilən limandan başlayır. Bir neçə əsr sonra isə hersoq I-ci Leopoldun əmri ilə şəhər əhalisini dəniz quldurlarından qorumaq üçün sahildə qəsr tikilir. Indi daşıdığı adı şəhər elə məhz o vaxt alır – Forte Dei Marmi. İtalyancadan tərcümüdə mərmərdən qəsr mənasını verir.
Keçən əsrin ortalarından populyar kurorta çevrilən Forte Dei Marmi əvvəl italyan aristokratları və tanınmışlarının diqqətini cəlb edir. Əsrin ikinci yarısından isə bura bütün dünyadan imkanlı turistlərin sevimli istirahət yerinə çevrilir.
90-cı illərdən başlayaraq adam içinə çıxan keçmiş SSRİ vətəndaşları da buralara gəlməyə başlayırlar. Hal hazırda Forte Dei Marmi`nin daşınmaz əmlakının MDB ölkələrinin pasportlarının daşıyıcılarına məxsus olması haqda buraya gəlməzdən biraz əvvəl oxumuşdum. Amma fikirləşməzdim ki, şəhərə girən kimi elə ilk gördüyüm maşın Moskva nömrələri ilə Maserati olacaq. Şəhərdə gəzdikcə hər addımda rus dili eşidirsən. Vikipediyaya inansaq şəhərdə olan 7000 evdən 2500-ü rusiyalılara məxsusdur. Bu xoşbəxt villa sahiblərinin siyahısında Abramoviçin, Deripaskanın, Tinkovun və Putinin bacısının adları var. Bir nəfər bizim həmyelimiz də var, amma bu haqda tarix susur.
Forte Dei Marmi`nin çimərlikləri İtaliyanın digər məşhur Positano, Amalfi, Portofino və s. çimərliklərindən baxımlığı, təmizliyi və qumun çoxluğu ilə fərqlənir. Buranın havası da İtaliyanın digər kurort bəlgələrindən fərqlənir. Çox nadir hallarda hava 30 dərəcədən çox qızır, çimərlik mövsümü isə may ayından sentyabra qədər davam edir. Yerli infrastruktur çox inkişaf edib. Burada yerləşən villa və otellər sahildə ən rahat və komfortlu sayılırlar. Şəhər çoxlu sayda villalardan və brend otellərdən ibarətdir. Bu istirahət obyektlərinin əksəriyyəti tropik bağlarla əhatə olunur. Idman meydançaları, tennis kortları və qolf meydançaları da öz yerində.
Yaradılan hər bir şərait elə özü imkanlı turisti bura çağırır. Üç ulduzlu mehmanxana kurortda yoxdur. İmkanlı turistlər arasında ən populyarları təbii ki, ənənəvi toskan stilində tikilmiş villalardır. Otellərdən fərqli olaraq bu villalar bir aydan az müddətə icarəyə verilmirlər, əksər hallarda isə tam yay mövsümünə təklif olunurlar. Sahil boyu yalnız pullu çimərliklər yerləşib. Qiymət isə... İlk üz tutduğumuz çimərlikdə yalan olmasa 300 çətir olardı. Bizi qarşılayan yerli persona çimmək arzumuzu ürəyimizdə qoydu. Verdiyi cavabları heç ağlıma gətirə bilməzdim. Çətirlərin hamısının pulu ödənilib, yiyələri gələ də bilər, gəlməyə də. Bir neçə dəqiqə donub aldığımız informasiyanı emal edəndən sonra yollandıq digər çimərliyə. Burada bir çətirin gününə 65 Avro pul istədilər. Bu yerdə azərbaycanlığımıza salıb başladıq alverə və çətirin üç saatlıq icarəsinin qiymətini 30 Avroya qədər sındırdıq. Amma insafən onu da deyim ki, burada qiyməti 200 Avro olan çimərliklər də var. Dünyanın heç bir yerində bü cür insafsız və heç bir məntiqə sığmayan qiymət – keyfiyyət nisbəti yoxdur.
Forte Dei Marmi`nin çox kiçik ölçülərinə baxmayaraq, darıxmağa vaxt tapmaq olmur. Əsas görməli yeri qeyd etdiyim kimi şəhərə indiki adını verən qəsrdir. Şəhərdəki mağazalar yalnız tanınmış brendlərdən ibarətdir. Şəhərin coğrafi baxımdan bir üstünlüyü də ondan ibarətdir ki, buradan İtaliyanın digər populyar istiqamətlərinə yollana bilərsiniz. Əyri qülləsi ilə tanınan Pisa, Toskananın ən görməli şəhərlərindən olan Siena, incəsənət paytaxtı sayılan Florensiya və Livorno Forte Dei Marmi`dən maşınla bir saatlıq məsafədə yerləşirlər. Həmçinin buradan Portofino və Elba, və Kapri adalarına dəniz gəzintiləri təşkil olunur. Bakıdan gəlməyin ən asan yolu isə birbaşa təyyarə reysi ilə Milana uçub oradan da icarəyə götürülməş avtomobillə Forte Dei Marmi istiqamətinə naviqatoru yönləndirməkdir.
Forte Dei Marmi`nin ruslar arasında populyarlıq sirrini mən bu cür izah edərdim. Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir və bu velosipedləri idarə edənlərin arasında ən çox rast gəldiyim rusdilli dayələr və qulluqçular oldu. Monakonun iki saatlıq məsafədə olduğunu nəzərə alsaq, yəqin ki, oliqarxlar uşaqlarını qulluqçularla birlikdə burada buraxıb özləri isə gecələri Monte Karlo kazinolarında keçirirlər. Bir sözlə, Forte Dei Marmi`də uzun müddətli qalmağa yox, amma gedib check in etməyə dəyər...”