"Mən də getdim"- Elnur Məmmədli: "Qəbələdə həmin yerə 2 dəfə getdik"

Xəbərlər 27 Yanvar 2014 00:00 3777
"Mən də getdim"- Elnur Məmmədli: "Qəbələdə həmin yerə 2 dəfə getdik"

"Mən də getdim" rubrikası səyyah.az təsisçilərinin öz həmkarları üçün yaratdığı imkandır. Müxtəlif mətbuat vasitələrində və ya sadəcə müstəqil şəkildə fəaliyət göstərən jurnalistlər istiraət və səyahətləri barədə təəssüratlarını bu rubrikada bölüşə bilərlər. Burada onlar olduqları yerlər, gəzdikləri ölkələr və ya məkanlar, eləcə də qarşılaşdıqları hadisələr, ən əsası, onlara göstərilən xidmət barədə fikirlərini qeyd edə bilərlər. Dostlar, səyahətinizi bizimlə də bölüşün! Rubrikanın növbəti qonağı, tanınmış jurnalist, Qafqazinfo.az saytının redaktoru Elnur Məmmədlidir.


-Səyahətləri, xüsusilə ekzotik yerlərdə olmağı sevirəm. Məsələn, dağ və meşələri gəzmək, orada pikniklər təşkil etmək. Azərbaycanın gözəl yerlərinin hamısını gəzə bilməmişəm. Amma maksimum çalışıram ki, hər dəfə fəqli yerlərdə olum. Belə səyahətlərə dostlarımla, ən çox da ailəmlə getməyi üstün tuturam. 

Azərbaycanda gəzməli yerlər çoxdur, amma problemli məsələlər də var. Əvvəla, getdiyin yerlərdə istirahət, yemək üçün alternativlər azdır. Üstəgəl xidmət səviyyəsi hələ də sıfırdan yuxarı qalxmayıb. Təsəvvür edin bir neçə gün əvvəl Qəbələnin ən məşhur istirahət mərkəzlərinin birində - "Xanlar"da olduq. Qəbələdə olduğumuz müddətdə həmin yerə 2 dəfə getdik.Hər dəfə 1 saata qədər gözləsək də, vaxtında xidmət olmadı. Təbii ki, oranı tərk etdik və bir də həmin yerə üz tutmadıq.

 

Amma belə xidmətin qarşılığında qiymətlər Azərbaycandakı həyat səviyyəsinə uyğun deyil. Həm yemək, həm otel xidmətləri çox bahadır. Məsələn, 7 nəfərin naharı bizə 150 manata başa gəldi. Özü də nahar yolüstü oldu, yəni orda maksimim 1 saat ləngidik. Maraqlıdır, 7 nəfər içkisiz nə qədər yemək yeyə bilər ki, qiyməti 150 manat olsun. Yəni bunu 3-4 saat bir istirahət mərkəsində əyləşib xidmətdən normal şəkildə istifadə edəndə anlamaq olar. Amma yolüstü bu qiymət həqiqətən bahadır. Bir nəfərin pensiyası qədər baha....

Eləcə də otellərin qiyməti - "Qafqaz Resort" otelində bir gecə üçün ən ucuz otaq 450 manat idi. Nisbətən ucuzu “Qafqaz Qebele City” hotel idi. O birilərinə baxanda buna kasıb hoteli demək olardı - gecəsi 110 manat.

Bütün bunlara görə, də mən həmişə səyahətə çıxanda xərcləyə biləcəyimdən daha çox pul götürürəm ki, sonra pis vəziyyədə qalmayım.

 

Amma xoşbəxtlikdən Azərbycanın təbiəti elədir ki, istənilən bölgəsində istirahət etmək mümkündür. Yetər ki, buna həvəsin və imkanın olsun. Hətta Bakının ətrafında - Salyanda da istirahət etmək mümkündür. Necə ki, bir neçə gün əvvəl bunu etdim, orada ova getdik və günümüzü çox maraqlı keçirdik.

 

Elnur Məmmədli, Qafqazinfo.az-ın redaktoru

 

Bu şəkillər isə Elnur Məmmədlinin lentə köçürdüyü təbiət mənzərələridir.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR