Havalar mülayimləşdikcə turizm obyektlərində - otellərdə, istirahət mərkəzlərində, kənd evlərinin kirayə bazarında canlanma müşahidə edilir. Qəbələ ölkə turizmində önəmli çəkiyə malik rayonlardan biridir və bu rayonda həm yerli Turizm İnformasiya Mərkəzinin nəzarətində olan, həm də sadə vətəndaşlar tərəfindən kirayə verilən kənd evləri ən çox təlabat hiss edilən istirahət məkanlarındadır.
Qəbələ Turizm İnformasiya Mərkəzindən Səyyah.az Turizm və İnformasiya portalına verilən məlumata görə Qəbələdə kənd evləri 30 manatdan 300 manatadək dəyişən qiymətlərlə təklif edilir. Turist axınına daha çox yeni il ərəfəsində və isti aylarda məruz qalan Qəbələdə 4 nəfər qonaq qəbul etmək imkanına malik 30-50 manat civarında olan evlər də var.
Vəndam və Nohurqışlaq kəndlərində turizm obyektlərinə yaxın yerlərdə kənd evlərinin qiyməti 60-100 manat ətrafındadır. Qəbələ şəhərində evlər 4 nəfər üçün 50-70 manat, villalar isə 150-300 manata təklif edilir. Mərkəzdən verilən məlumata görə qiymətlər turistin qalacağı günə görə də dəyişə bilər. Belə ki, əgər turist 5-7 gün qalarsa 50 manat olan ev 40 manata təklif edilə bilər.
Qəbələdə kirayə evlərin koordinatorluğu ilə məşğul olan Ümid Bağırov deyir ki, rayonda kirayə təklif edilən kənd evlərinin dəqiq sayını öyrənmək çətindir: “Mənim vasitəçiliyini etdiyim evlərin sayı 210-dur. Təxminimə görə rayonda ümumilikdə 500-dən çox kirayə təklif edilən kənd evi var”.
Kənd evlərinə təlabat əsasən Vəndam, Nohurqışlaq, Tüntül, Qəmərvan kəndlərində olur.