Alicənab qəhrəmanların məşğuliyyəti-OV

Xəbərlər 28 Yanvar 2014 00:00 4185
Alicənab qəhrəmanların məşğuliyyəti-OV

Dünyada geniş yayılan və böyük gəlir gətirən turizm növlərindən biri də ov turizmidir. Hər il minlərlə turist xarici ölkələrə ov etməyə gedir. Azərbaycanda da ov turizminin böyük potensialı olsa da, hələlik ondan istifadə edilmir. Bəzi heyvanların və demək olar bütün quşların ovu qadağandır. Mütəxəssislər məhdudiyyətlərin azaldılmasını, özəl ov təsərrüfatlarının və ovçu kurslarının yaradılmasını təklif edirlər.


Ovun faydaları


Ov dünyada, bəlkə də, ən romantik məşğuliyyətdir. Heyvanı tapıb izləmək, güllə atıb, heyvan vurmaq əsrlərdən bəri ən cəsurların məşğuliyyəti olub. Bura təbiətlə ünsiyyət, təmiz havada dostlarla səmimi söhbəti də gələndə ov insanın sağlamlığı və əhval-ruhiyyəsi üçün son dərəcə faydalıdır.

 

Harada ov eləmək olar


Azərbaycanda ov etmək üçün quş və heyvanlar kifayət qədərdir. Məsələn, şimaldan cənuba qədər dəniz boyunca köçəri və yerli quşları - qaşqaldaqdan başlamış ördəklər, qazlar və s. ovlamaq mümkündür. Azərbaycanın coğrafi vəziyyəti elədir ki, köçəri quşlar qışlamağa və ya yaylamağa gedəndə bizim ərazilərdən uçur, enib dincəlirlər. Amma artıq neçə ildir ki, ölkədə quş ovu qadağandır.

Ölkəmizdə iri heyvanlar, məsələn ayı və qaban da kifayət qədərdir. Ovçular bildirir ki, ayının sayı adambaşına və ya ölkənin sahəsinə görə nəzərə alanda hətta Rusiya, Ukrayna və Belarusdan da artıqdır. Onların ovu qadağan edilsə də, onsuz da brakonyerlər onları ovlayırlar. Ona görə də, bu məsələ dövlət səviyyəsində leqallaşmalı və tənzimlənməlidir. Məsələn, ayı ovu üzrə kvota və böyük məbləğ müəyyən etmək lazımdır ki, onu ovlamaq istəyən böyük məbləğ ödəməli olsun.

«Dovşan isə o qədər çoxdur ki, əgər onun ovu qadağan edilsə dovşan bütün ölkəni bürüyər».

 

Ovçu neçə nəfər olmalıdır?


Ən sadə ov sayılan quş ovuna ən yaxşısı 2 nəfər getməkdir. «Üçüncü artıqdır» ifadəsi quş ovu üçündür. İri heyvan ovçuları isə 5 nəfərdən az olmamalıdır. Bunlardan azı biri bələdçi olmalı – ərazini yaxşı tanımalıdır. Bu yerli adam və ya köhnə ovçulardan da ola bilər. İlk dəfə ov edənlər ova təcrübəli ovçularla çıxmalıdırlar. İki nəfər naşı adamın ova çıxmasının özü təhlükəlidir.

 

Nəyi necə ovlamalı


25 illik ovçu təcrübəsinə malik olan Məmməd Məmmədov bildirir ki, hansı heyvan ovuna getmək insanın xarakterindən və ova getmək məqsədindən asılıdır. Ova sadəcə təbiətlə ünsiyyətdə olmaq, gərgin iş həftəsindən sonra dincəlmək üsulu kimi baxanlar quş və ya kiçik heyvan (dovşan və s.) ovuna getsələr  yaxşıdır.

Daha aktiv istirahətə və fiziki yüklənməyə üstünlük verənlər isə iri heyvan, məsələn kəl və ya qaban ovuna gedirlər. Belə ovlar ağır zəhmət və böyük enerji tələb edir. Amma ovlanan heyvan böyük və təhlükəli olduqca, insan ovdan yüksək adrenalin alır: «Məsələn, quşa atılan güllə dəyməyəndə quş uçub gedir, böyük heyvan, çöl donuzu ovunda isə, heyvan yaralananda və ya ovçu onu izləyəndə özü adama hücum edə bilər». Heyvan ovu ilə məşğul olanların əksəriyyəti ölüm təhlükəsi ilə rastlaşıblar: «Bunsuz mümkün deyil, amma ovun bir ləzzəti də budur. Məsələn mən özüm təzə ova başlayanda yaralı qabanın dalınca qaçmışdım və o geri dönüm üstümə gələndə yalnız cəld reaksiya göstərib onu vurmağım məni xilas elədi».

 

Müharibədə olduğu kimi


İri heyvan ovunda da yüksək intizam olmalı, hamı işini bilməlidir – əks halda uğurlu ovdan söhbət gedə bilməz. Ona görə də burada qrupun lideri yaranmalı, qalanları onun göstərişlərini dəqiq yerinə yetirməlidirlər.

Ov kəşfiyyatla başlayır, heyvanın yeri və marşrutu, hürküdəndə hansı tərəfə qaçacağı müəyyən edilir: «Heyvanı zorla başqa istiqamətə qovmaq mümkün deyil. Məsələn,  ayı qaçanda hündür yerə üz tutur, qaban isə enişə qaçır ki, sürət yığıb canını qurtarsın». Ovçular pusqular (buna «nömrə» də deyirlər) quraraq heyvanın mümkün qaçma yollarını bağlayırlar. Hər şey hazır olanda heyvanın olduğu ehtimal edilən yerə itlər buraxılır –onlar heyvanı tapıb, hürkütməli, qaçmağa vadar eləməlidirlər. Bu zaman qaçan heyvan əvvəl-axır pusquda duran ovçulardan hansı iləsə üzbəüz çıxır və ya yanından keçir. O zaman da vurulur.

Yeri gəlmişkən, iri heyvan ovunda vəzifələr bölündüyünə görə, heyvanı atəşlə yerə sərmək hamıya qismət olmur: «Heyvan ovunda 7-8 nəfər iştirak edir, amma onlardan yalnız biri ovu vurur, buna görə də kimsə hökmən heyvanı vurmalıyam deyib ova gedirsə 99% ovdan əsəbi qayıdacaq. Demək lazımdır ki, ova təbiətlə ünsiyyətə və dincəlməyə gedirəm, qalanı qismətdir».  Doğrudan da, ov zamanı dostlarla səmimi söhbət, havanı dəyişmək, bulaq suyu içmək, təbiətdən enerji almaq əla istirahətdir.

 

Özəl ovçuluq təsərrüfatları yaranmalıdır


Peşəkar ovçunun sözlərinə görə, Azərbaycanda ovçuluğun inkişaf etdirilməsi üçün özəl ovçuluq təsərrüfatları yaradılmalıdır. Belə təsərrüfatlar bütün Avropada, hətta Rusiya, Ukrayna və Belarusda var. Bu təsərrüfatlarda artırılan heyvan və quşların bir hissəsi ovlanır, qalanları isə artım üçün saxlanılır. Bu işi görənlər isə dövlətdən dəstək alırlar.

Peşəkar ovçunun sözlərinə görə, Azərbaycanda da şərait yaradılmalıdır ki, kim istəsə, ölkədə ovçuluq təsərrüfatı yaradıb burada heyvanları və quşları artıra bilsin. İstəyənlər lisenziya alıb həmin ərazilərdə rahat ov edə bilməlidirlər - tamamilə qanuni və leqal şəkildə. Yəni elə şərait yaradılmalıdır ki, ov etmək istəyənlər brakonyerliklə məşğul olmasın, qadağan edilən vaxtda və ya ərazidə heyvan vurmasınlar. Məsələn, Belarusdan və ya Bolqarıstandan qabanlar gətirib ov məqsədilə Azərbaycanda artırmaq olar. Bununla bağlı xüsusi proqram və ya qanun da qəbul edilməlidir ki, təbiəti qorumağa da imkan versin. Bir sözlə, hamı bundan faydalansın.

 

Ovçulara təlim keçirilməlidir


«Hər il ov zamanı minlərlə təsadüfi atəş açılır, ehtiyatsızlıqdan açılan atəş və digər hadisə nəticəsində neçə nəfər yaralanır və ya həlak olur. Səbəbi odur ki, ova gedənlərin 90%-nin ov haqqında heç bir təsəvvürü yoxdur». Peşəkar ovçunun sözlərinə görə, belə halların qarşısını almaq üçün ovçu olmaq istəyənlərə xüsusi təlimlər keçilməli, onlar təhlükəsizlik qaydaları, müxtəlif vəziyyətlərdə özünü necə aparmağı öyrənməlidirlər ki, ov zamanı özünün və başqalarının həyatını təhlükəyə atmasınlar.

 

Ovda istənilən halda həyat üçün təhlükə yarana bilər

Məsələn, əlində tüfəng qayıqda gedirsənsə, qayıq bir balaca yırğalananda müvazinətini saxlaya bilməzsən və ya bu zaman əlindəki silah açıla bilər. İlk baxışda qayıqdan suya yıxılmaq təhlükəli deyil, üzüb çıxmaq olar, amma suya yıxılan şəxs ovçu geyimindədirsə, vəziyyət dəyişir. Bu geyimdə insan adi haldakından xeyli ağır olur, üstəlik, su uzunboğaz çəkmələrin içərisinə daxil olub insanı aşağı çəkir. Belə vəziyyətdə kənardan kömək olmasa xilas olmaq qeyri-mümkündür. Eyni hal bataqlıqda baş verə bilər. İslanmış paltar, çəkməyə dolan lil də insanı aşağı dartır – bu çox təhlükəlidir. Ona görə də ova hazırlaşanlar bütün elə gözlənilməz hallara hazır olmalıdırlar.

 

Ovçuluq kurslardan başlamalıdır


Ovçunun sözlərinə görə, kurslarda təhlükəsizlik qaydalarından başqa silah tutmaq, nişan almaq, atəş açmaq, hansı heyvanları necə ovlamaq öyrədilməlidir. Çünki ova gedən adam boş-boşuna - güllə atıb heç nə vurmayıb, əsəbi qayıtmasın. Kurslarda həm də adamın hansı ova (quş, iri heyvanlar və s.) gedəcəyindən asılı olaraq həmin sahə üzrə də əlavə bilik verilməlidir: «İndi quş və ya iri heyvan ovuna hazırlaşan adamlar ovçuluq biletini eyni prosedurla alırlar. Amma bunun böyük fərqi var. Quş və iri heyvan ovunun təhlükəsizlik  prinsipləri, quşların və heyvanların davranışı, sürəti və psixologiyası tamamilə fərqlidir». Ovçu hazırlığı da digər kurslar kimi pullu olmalıdır: «İnsanlar pullarını ödəyib mütəxəssislərdən ovçuluğu öyrənməli, sonra isə imtahan verib ovçuluğa hazır olduqlarını sübut etməlidirlər. Yalnız bundan sonra bu şəxslər ov etməyə buraxılmalıdır».

Ovçuluq lisenziyası da kursa uyğun verilməlidir. Məsələn, quş ovu üzrə kurs keçənlərə yalnız bu növ üçün lisenziya verilməlidir. Başqa heyvan ovlamaq istəyən şəxs yenidən kurs keçib, ona vəsiqə almalıdır.

 

Bilmək lazımdır


Azərbaycan ərazisində 2012-2013-cü illər üçün ov mövsümü 2012-ci ilin iyunun əvvəlindən açıq elan edilib və müxtəlif ovlardan asılı olaraq 2013-cü ilin fevralınadək davam edib. Ekologiya və Təbii sərvətlər Nazirliyinin məlumatına görə, ölkəmizdə rəsmi olaraq təkə, qaban (çöl donuzu), dovşan, bataqlıq qunduzu (nutriya), eləcə də çaqqal və yenotun ovlanmasına icazə verilir.

 

Hansı ərazilərdə ov etmək olar?


Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; 
Təkə - Zaqatala, Şəki, Qax, Quba ; 
Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı. 

Hansı ərazilərdə ov edilməsi qadağandır?


Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağandır. 

 

 

Ov icazəsinin qiymətləri:  


• Dovşan - 2,2 manat; 
• Çaqqal – 3,96 manat;
• Yenot və qunduz 1,65 manat; 
• Təkə 24,75 manat; 
• Qaban (çöl donuzu) 16,50 manat.

OXŞAR XƏBƏRLƏR