Uşaqla necə səyahət etməli? 

Uşaqla necə səyahət etməli? 
Xəbərlər 23 Aprel 2018 11:06 580
Uşaqla necə səyahət etməli? 

Səyahət çoxlarının arzusu olsa da, bəzən gərgin iş qrafikinə görə gedə bilmir, bəzən də yetərincə pulu olmadığı üçün arzusunu ürəyində boğmalı olur. Bir çoxumuz da uşaqla səyahətin mümkün olmadığını düşünür, buna cəhd etmirik. 
Dünyada səyahətdən yazan bloqçular, eləcə də səyahət saytları uşaqla səyahətə çıxmanın qaydalarını müəyyənləşdiriblər: təyyarədə rahat olmaq üçün uçuşu gecə saatlarına salmaq, təyyarəyə minməzdən öncə uşağı yedirmək, onu tualetə aparmaq, ürəyi bulanan uşaqlar üçün çantaya limonlu, nanəli konfetlər atmaq və s. kimi tədbirlər var. Təbii bunlar standart normalardır. Uşaqlı analar üçün bunlar rahatladıcı olmur. 
Hər şeydən öncə uşaqla səyahətə çıxmaq niyyətindəsinizsə bunu əvvəlcə pediatrla məsləhətləşməyiniz vacibdir. Pediatr sizə səyahət vaxtı qarşılaşacağınız problemlərdən danışacaq və onlardan çıxış yolunu göstərəcək, lazımı dərman preparatlarını və onların təyinatını məsləhət görəcək. Həmçinin gedəcəyiniz ölkələrdə körpənizin həyatı üçün təhlükəli xəstəliklərin ola biləcəyini də diqqətə almaq, lazım gələrsə peyvənd olunmaq və yaxud da xəstəlikdən müdafiə üçün başqa üsullardan istifadə barədə məlumatlanmaq lazımdır.
Körpənin xarici pasportu varsa, onun təyyarə ilə getməsi üçün heç bir əngəl yoxdur. Amma  gənc analara hava limanında bəzi çətinliklərdən qaçmaq üçün bəzi xırdalıqlar var. Məsələn:
Ana və atanın soyadı eyni deyilsə, bir balaca çətinlik yarana bilər. Uşağın anası olduğunu sübut etmək üçün onun kimliyini özünüzlə götürün. Eləcə də, səfərə gedəndə uşaq arabası da önəmlidir, təyyarəyə qədər uşağı kolyaskada aparmaq olur.
Həm hava limanında, həm də təyyarədə uşağın bezinin dəyişdirilməsi üçün şərait var.  Sadəcə, bizim hava limanında digər ölkələrdəkindən fərqli olaraq, bu şəraiti niyəsə əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş tualetdə yaradıblar. 
Təcrübəli səyahət yazarları uşaqla səfər zamanı təyyarədə, avtobusda, gəzintidə slinqlərdən (körpəni ana qucağına bağlayan kəmər-red) istifadə etməyi tövsiyə edir. Səyahəti sevən analar bunun asan vasitə olduğunu və çox işə yaradığını deyir. “Kenquru”dan fərqli olaraq “slinq” yeni doğulmuş uşaqlar üçün idealdır və onda uşaq həm uzana, həm otura, həm yata, hətta yemək də yeyə bilir.
Gənc analar körpəylə səyahətdən zövq almaq üçün onu çox erkən vaxtdan bəzi vərdişlərə alışdırmağı vacib bilirlər. Belə ki, sadəcə evdə yox, kənarda da ana olmağı bacarmaq lazımdır. Körpənizlə istənilən şəraitdə, istənilən yerdə birlikdə vaxt keçirin. Qoy həyətdə, küçədə səs-küyə, insanlara, ünsiyyətə alışsın. Buna alışmış körpə səyahət zamanı restoranlarda, diskolarda, şou proqramlarda yuxudan zövq alacaq, siz də gündən zövq alacaqsınız.
Uşaqla səyahətə çıxanlar qeydlərində bunun insana çox şey öyrətdiyini yazırlar. Övladınızın olması əl-qolunuzu bağlamasın. Əvvəlki həyatınıza davam edin, heç nədən vaz keçməyin. Hətta o çox zövq aldığınız səyahətdən belə. Bunun üçün ikiqat planlı, məsuliyyətli və dəqiq olmaq kifayət edir. Bir də səyahəti sevən anaların qızıl məsləhətlərini oxuyun. 

 

OXŞAR XƏBƏRLƏR