Qənaətlə daha çox səyahət edin – QIZIL MƏSLƏHƏTLƏR

Qənaətlə daha çox səyahət edin – QIZIL MƏSLƏHƏTLƏR
Xəbərlər 24 Aprel 2018 12:20 641
Qənaətlə daha çox səyahət edin – QIZIL MƏSLƏHƏTLƏR

Səyyah.az  səyahətçi Gülər Mehdizadənin səfərdə necə qənaət etməyin yollarını aydınlaşdıran yazısını təqdim edir. 

Səyahəti sevməyən yoxdur. İşdən, qayğılardan uzaq gəzib-görməyi, yeni ölkə və şəhərlər kəşf etməyi, məşhur muzeyləri, binaları, parkları görməyi kim istəməz ki?! Sadəcə, səyahətə çıxmağa kiminin maddi durumu yetərsizdi, kimi də xərcinin çox çıxacağından narahatdır. Manatın 2 dəfəyə yaxın dəyərdən düşməsindən sonra yerli aviaşirkət, AZAL biletləri avro və dollarla satmağa başlayıb. Əmək haqqları isə manatladır. Bu da səyahət planlarını təxirə salmağa sövq edir. Bu yazıda sizlərə minimum büdcə ilə necə səyahət etməyin yollarını izah edəcəyəm. Təbii sözüm səyahətçilərədir, işgüzar səfərə çıxanlara yol çətin və ya uzun görünə bilər.

 

AZAL-ın qiymətləri bahadır?

Bileti mütləq AZAL-dan almalısan deyə bir qayda yoxdur. AZAL-ı seçmirik. Bu zaman da sual yaranır ki, Bakıdan uçan digər hava yolları da baha aparır axı, neyləyək? O zaman da Bakıdan uçmuruq.

• Tiflis hava limanından uçmaqla ikiqat qənaət edin;

• Bakıya gəlməyən ucuz aviaşirkətlər Tiflisdən uçuş təşkil edir (Pegasus, Airbaltic, Atlasjet);

• Aviaşirkətlərin Bakı reysləri ilə Tiflis reysləri arasında 2-3 qat fərq olur.

 

 Əsas olan təyyarə ilə hansısa Avropa ölkəsinə gedib çıxmaqdır. Sonrakı mərhələlər asandı. Avtobus, avtomobil, qatar köməyə çatır. Onu da deyim ki, səyahətə iki nəfərdən çox adamla çıxanda görməli kəndləri, şəhərləri maşınla gəzmək sərfəli olur. Bir də ən əsas məsələ, təyyarə biletlərini öncədən almaqdır. Ümumiyyətlə, səyahəti 2-3 ay əvvəldən planlamaq 10-15 faiz ucuz başa gəlir.

 

Ucuz təyyarə biletini necə əldə edək?

Ucuz bileti bir neçə saytda axtarmaq mümkündür. Bu, aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də). skyscanner.com, opodo.com, edreams.com, skycheck.com, tripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə yardımçı ola bilər.

 

Qızıl məsləhət:

 

• Biletin ucuz olmasını istəyirsinizsə, uçuşdan minimum 60 gün öncə alın. Həftəsonu uçuşları baha olur çox vaxt.

• Daha 10 faizə yaxın qənaət etmək istəyirsinizsə həftə içi (xüsusən də 2-ci gün) uçuşlarını seçin.

• Gecələr aereporta getmək çətin olduğundan əksər insanlar gündüz reysləri ilə getməyə üstünlük verirlər. Odur ki, gündüz uçuşlar nisbətən baha olur. Biletin biraz da ucuz olmasını istəyirsinizsə, gecə yarısından sonrakı reysləri seçin.

Səfər zamanı harada qalaq?

Səfər  zamanı təhlükəsizlik səyahətçinin birinci qanunlarındandır. Odur ki, səyahətçilər ən çox mehmanxanalarda qalmağa üstünlük verir. Əlbəttə qiyməti münasib olanlarını seçmək lazımdır. Booking.com saytında qeydiyyatdan keçməklə sayt sizə sərfəli variantları təklif edir. Öncədən yer ayıranda ümumiyyətlə ucuz olur. Bəzən hostel qiymətinə otel tapmaq olur. Qonaqlama yerinin  mərkəzə yaxın olmasına çalışın. Beləcə xərc daha az çıxır. Şəhər mərkəzinə gəlmək üçün əlavə pul xərcləmirsiniz.

Booking.com turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytıdır. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir.

Digər məsləhətli mehmanxana axtarış saytları: www.expedia.com; www.orbitz.com; www.kayak.com; www.trivago.com; www.momondo.com-dur.

Hostellərdə qalmaq istəyənlər isə www.hostels.com və www.hostelsworld.com saytlarından istifadə edə bilərlər.

 

Qonaq qəbul et, qonaq ol

Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün qurulub. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün www.couchsurfing.com-da profil yaratmaq lazımdır. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Onu da deyim ki, couchsurfing.com saytı vasitəsilə gedəcəyiniz şəhərlərdə sizə gəzdirəcək bələdçilər də tapa bilərsiniz. Bələdçilər də bəzən könüllü, bəzən pulla xidmət göstərirlər. Seçim sizindir.

 

Çarəsizlikdən yaranan biznes

Bir də www.airbnb.com saytı var. Bu saytdan qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz. Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə airbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Qənaət et, onlarla ölkə, şəhər gəz

Səyahəti ucuz və yaxud bahalı etmək insanın öz əlindədir. Qənaətcil olmaq gələcək səfərlər üçün bir addım öndə olmaq deməkdir.

 

 

OXŞAR XƏBƏRLƏR