Onlar dünyaca məhşurdurlar – 10 SƏYYAH QADIN

Onlar dünyaca məhşurdurlar – 10 SƏYYAH QADIN
Xəbərlər 25 Aprel 2018 14:17 1753
Onlar dünyaca məhşurdurlar – 10 SƏYYAH QADIN

Səyahət etməyi sevənlər arasında dünyada məhşur olan 10 qadın səyyah da var ki, səyahət səbəbləri, marşrutları ilə diqqət çəkməyi bacarıblar. Səyyah.az Turizm və İnformasiya saytı dünyada məhşur olan 10 qadın səyyahı təqdim edir.

 

NELLY BLY (1864 – 1922) 72 GÜNLÜK DÜNYA SƏYAHƏTİ

Tarixdə ilk qadın səyyah olan Nellie Bly 1890-cı ildə 72 gündə dünya səyahəti edərək o dövr üçün rekord qırıb. Nelly, bu səyahətinə Jül Vernin “80 gündə dünya səyahəti” kitabını oxuduqdan sonra qərar verib. Xanım səyyahın hədəfi 80 gündən qısa müddətdə dünya səyahətini bitirmək olub. İxtisasca jurnalist olan Nellie, bu səyahəti haqqında “72 gündə dünya səyahəti” adlı kitab da yazıb.

 

 

AMELİA EARHART (1897 – 1937-Cİ İLDƏ VƏFAT ETDİYİ TƏXMİN OLUNUR) – AVİASİYA MÜTƏXƏSİSİ VƏ QADIN HAQLARI FƏALI

Amelia Earhart qadınlar haqqında “evdə oturub uşaqlarına baxmalı və yemək bişirməlidir”, – fikrinin çox güclü olduğu dövrdə, 1920-ci ildə, təyyarəçi olmağa qərar verir və Atlantik okeanın üzərindən təyyarə ilə keçən ilk qadın kimi tarixə düşür.

 

Xanım təyyarəçi 1937-ci ildə dünya səyahətinə çıxır. Ancaq səyahətinin dörddə üçünü tamamladıqdan sonra Amelia anidən yoxa çıxır və bir daha heç kim heç yerdə onun izinə rast gəlmir.

 

Amelia həmişə sırf qadın olduğu üçün arzularının qarşısına sədd qoymağın qəti əleyhinə olub: “Mən təhlükələrin fərqindəyəm. Buna baxmayaraq, arzularımı yaşamaq istəyirəm. Qadınlar da kişilər kimi arzuladıqları şeyləri edə blməlidirlər. Bu, uğursuz olsa belə onlar üçün təcrübə olacaq”.

 

EMMA GATEWOOD (1887-1973) 67 YAŞINDA 3500 KİLOMETRLİK YOLU PİYADA GEDƏN İLK QADIN

1954-cü ilin hansısa bir günündə diş həkiminə gedən Emma gözləmə otağında stolun üstündəki jurnalların arasından birini seçir və vərəqləməyə başlayır. Bu, 1949-cu ildə dərc olunmuş “National Geographic” jurnalı idi. Jurnalın həmin sayında Amerikanın Şərqini başdan-ayağa qədər keçən 3500 kilometrlik Appalachian yolu haqqında yazı varmış. Yazıda yolun uzunluğundan, çətinliyindən və bu yolu sona qədər gəzərək keçən insanlardan bəhs edilirmiş. Məqalədə həmçinin, bu yolun hələ indiyə qədər heç bir qadın tərəfindən yürüyərək keçilmədiyi qeyd edilirmiş. Bu, “hələ indiyə qədər” ifadəsi günlərlə Emmanın ağlından çıxmır və sonda bir qərar verir: “Mən bu yolu gedərəm!”.

 

LAURA DEKKER – (1995) YELKƏNLİ GƏMİ İLƏ TƏKBAŞINA DÜNYANI GƏZƏN ƏN GƏNC SƏYYAH

Hələ 13 yaşı olarkən yelkənli gəmiylə səyahətə çıxmağa qərar verir və təkbaşına gəmi vasitəsiyə Hollandiyadan İngiltərəyə gedir. Atası pis hava şəraitini əsas gətirərək qızının bu arzusundan imtina edəcəyinə ümid etsə də, Laura 14 yaşında yelkənli gəmi ilə ilk dünya səyahətinə çıxır və 16 yaşında səyahətini bitirərək, dünyanın ən gənc səyyahı olaraq tarixə düşür. Ancaq Laura səyahət etməyi dayandırmayıb, dünyanı gəzməyə davam edib. Macəralarını isə lauradekker.nl adlı bloqunda paylaşıb.

 

ANNİE LONDONDERRY – (1870 – 1947) VELOSİPEDLƏ DÜNYA SƏYAHƏTİ EDƏN İLK QADIN

1895-ci ildə velosipedlə dünya səyahətinə çıxanda Annienin 25 yaşı vardı. 3 uşaq anası idi. Daha öncə velosipedlə heç vaxt səyahətə çıxmamışdı. Buna baxmayaraq, 15 ayda dünya səyahətini tamamlamağı planlaşdırırdı. Annie, bu səyahətlə qadının təkbaşına çətinliklərin öhdəsindən necə gələ biləcəyini test etmək istəyirdi. Test uğurla başa çatdı. Annie Londonderry dünya səyahətini tamamladıqdan sonra Nyu Yorkda jurnalist olaraq işləməyə başlayır. Xanım səyyahın özü haqqında dediyi məşhur ifadə: “Mən bir jurnalist və modern qadınam. Bu, o anlama gəlir ki, mən kişilərin etdiyi hər şeyi edə biləcəyimə inanıram”.

 

Annie bir çox qadını velosipedlə dünya səyahəti etməyə ilhamlandırıb, onlardan biri də Loretta Hendersondur. Onun səyahətini skalatitude.comadlı bloqdan izləyə bilərsiniz.

 

JUNKO TABEİ (1939) EVEREST ZİRVƏSİNƏ VƏ YEDDİ ZİRVƏYƏ ÇIXAN İLK QADIN

Yaponiyalı alpinist Junko 1975-ci ildə Himalay dağının Everest zirvəsinə çıxaraq, bunu edən ilk qadın kimi tarixə düşüb. O, eyni zamanda dünyanın Yeddi Zirvəsinə çıxan ilk qadındır. Junki 73 yaşında olarkən alpinist fəaliyyətinə və bu kimi aktivitələrə son verərək “Himalayan Adventure Trust of Japan” adlı dağçılıqla bağlı əşyalar istehsal edən şirkətdə direktor işləməyə başlayıb. Hazırda da eyni işi davam etdirir.

 

MAUREEN WHEELER (1950) “LONELY PLANET” ADLI SƏYAHƏT ŞİRKƏTİNİN YARADICILARINDAN

Bir səyyah olaraq onun hekayəsi 1972-ci ildə həyat yoldaşı ilə Asiyaya səyahət edəndən sonra başlayıb. Geri qayıtdıqdan sonra ətrafda hər kəs onlara bu səyahət haqqında sonsuz suallar verməyə başlayıb. Nəticədə, cütlük Asiya səyahəti haqqında kitab yazmağa qərar verib. “Ucuz şəkildə Asiya səyahəti” kitabının önəmi odur ki, bununla dünyada, indi hamının bildiyi, səyahət bələdçiliyinin əsası qoyulub. Maureen hələ də səyahət edir və bələdçi yazılar hazırlayır. Onun haqqında “Lonely Planet”in saytında daha çox məlumat əldə edə bilərsiniz.

 

GERTRUDE BELL (1868 – 1926) ÇOXŞAXƏLİ İSTEDADA MALİK QADIN VƏ SƏYYAH

Arxeoloq, diplomat, dilçi, yazar, ərəbşünas və Beynəlxalq Qızılxaç Komitəsinin könüllüsüdür. Bütün bunlara 20-ci əsrin əvvəllərində sahib olan bu qadın İraq dövlətinin yaranmasında önəmli rol oynayıb. Onun bəzi sənədləri, qeydləri və əsərləri hələ də hökumət işlərində istinad kimi istifadə olunur. Və bütün bunlarla yanaşı, o, həm də bir səyyah idi.

 

TİNA SJÖGREN (1959) – DÜNYANIN HƏR İKİ QÜTBÜNDƏ OLAN İLK QADIN

Praqada doğulan Tina 9 yaşındaykən ailəsi ilə birlikdə İsveçə köçür. 1983-cü ildə isə bir İsveç vətəndaşı ilə ailə qurub Nyu Yorka köçür. Birlikdə səyahətə başlayan cütlük T&T (Tina və Tom) olaraq tanınırlar. Tina Himalay dağlarının Everest zirvəsinə çıxıb. Bundan başqa, Şimal və Cənub qütblərinə səyahət edib. Bununla da, o, Three Poles Challenge-ı tamamlayan ilk qadın olaraq tarixə düşüb. Bundan əvvəl heç bir qadın həm Everestə, həm də yer kürəsinin hər iki qütbünə səyahət etməmişdi.

 

ROSİE SWALE-POPE (1946) DÜNYANI QAÇARAQ SƏYAHƏT EDƏN QADIN

Həyat yoldaşını xərçəng xəstəliyi nəticəsində itirəndən sonra Rosie özünə idman ayaqqabısı alır. Bu, əslində uzun bir yolun başlanğıcı idi. Dünyanı qaçaraq səyahət edən xanım səyyahın məqsədi xərçəng xəstəliyinə diqqət çəkmək olub. Səyahətə başlayanda Rosienin 57 yaşı olub.

 

OXŞAR XƏBƏRLƏR