Əksər Şərq ölkəsi kimi Azərbaycanda da milli kulinariyanın əsasını ət yeməkləri, habelə yumurta, süd və süd məhsulları təşkil edir. Bu səbəbdən də vegetarian və veqanlar evdən kənarda qidalanmağı sevmir, məcbur qaldıqda isə yemək saatını meyvə, habelə əlavə sous və qarnirlərlə qarışdırlmamış tərəvəzlərlə yola verirlər. Vegetarian və veqan olmaq öz evində nə qədər rahatdırsa, səyahətdə bir o qədər çətin olur. Xüsusilə veqanlar üçün səyahət ağır keçir. Səyyah.az Turizm və İnformasiya Portalının bu yazısı vegetarian və veqanlara səyahətdə qidalanmalarını təşkil etməyə kömək edəcək.
Dünyada vegetarian və veqanların sürətlə artdığı bir vaxtda təəssüf ki bu istiqamətli fəaliyyət göstərən kafe və restoranlar çox azdır. Vegetarian bir yolla ac qalmaya bilir, çünki o yalnız ət, göbələk, soğan, sarımsaq və yumurtadan imtina edir, amma veqanlar üçün səyahətdə qidalanmaq işgəncəyə bərabər olur desək yanılmarıq. Çünki o heyvan mənşəli bütün qidalardan imtina edir, onun qida rasionunda süd və süd məhsulları-kərə yağı, pendir, süd, qatıq, şor, kəsmik, qaymaq, ət, balıq, yumurta, soğan, sarımsaq, göbələk kimi qidalar da olmur. Bütün bu qida şərtlərinə əməl etmək evdə rahat olur, amma səyahətdə qarşılaşdığı çətinliklər veqanları gəzməkdən soyuda və səyahəti sevməməyi aşılaya bilir.
Əgər siz qətiyyətli bir vegetarian və ya veqansınızsa istirahətdə də qida rasionunuzu qoruya bilərsiniz. Bunun üçün sizə yalnız doğru istiqamətlərə yollanmaq qalır. Ətsiz, heyvan mənşəli digər qidalarsız bir menyunu sizin üçün istənilən mehmanxanada, qonaq evlərində məmnuniyyətlə təşkil edə bilərlər. Dəbdəbəli restoranlara xərcləyəcəyiniz məbləğin cüzi hissəsini bu qonaq evlərinə xərcləyərək həm gecələyə, həm də baş aşbazın sizin üçün hazırlayacağı özəl menyudan yararlana bilərsiniz. Bununla da veqanlar üçün menyusu olan restoran axtarmaq əziyyətindən qurtulmuş olarsınız və bu vaxtı istirahətinizə sərf edərsiniz. Mehmanxana aşbazının sizin üçün tərtib etdiyi menyunuzda istədiyiniz hər şey olacaq – göyərtilər, tərəvəzlər, xəmir yeməkləri, hətta indiyədək dadmadığınız bir çox meyvə.
Səyahət etdiyiniz şəhəri gəzmək üçün oteldə vaxt az keçirirsiniz, şəhəri gəzərkən acanda yemək yeməyə yer tapa bilmirsiniz? Bunun da sadə həll yolu var. Sizin qidalanmanız haqqında məlumata sahib olan otel aşbazından sizin üçün veqan buterbrodları hazırlamağını xahiş edə və bu buterbrodları çantanızda özünüzlə götürə bilərsiniz. Qarşınıza çıxan istənilən kafedə bir stəkan bitki çayı sifariş edərək öz buterbrofunuzu yeyə, həm pulunuza qənaət edə bilərsniz, həm də qida rasionunuzu qorumuş olarsınız.
Plov və şorbalarda sizi qorxudan bir məqam da olacaq – yemək ət suyu ilə hazırlanmış ola bilərmi? Bunun da sadə həll yolu var, inzibatçıya narahatlığınızı bildirin və sizin üçün tərkibində ət suyu olmayan şorba hazırlanmasını xahiş edin. Çünki bütün səyahət boyunca quru yeməklərlə qidalanmanız sizin mədə-bağırsaq probleminizin yaranmasına səbəb ola bilər və siz səyahətdən həzz ala bilməzsiniz. Şirniyyatların tərkibində heyvani yağ və süd məhsullarının ola biləcəyi ehtimalı da sizi narahat edəcək, bunu da otel kulinarı ilə dəqiqləşdirin, bitki yağları ilə hazırlanmış südsüz şirniyyat məsləhətləri alın. Səyahətdə çərəzlər və quru meyvələr də sizin qida rasionunuzda mühim yer tutacaq. Üstəlik siz indiyədək yemədiyiniz fərqli meyvələr və çərəzləri dadacaqsınız.
Veqanların özünü rahat hiss edəcəyi istirahət yerləri
İstirahət üçün gedəcəyiniz yerə qərar verərkən veqanların dostu olan şəhərləri və ya otelləri seçməyiniz işinizi asanlaşdırar. Ölkə içərisində bir səyahət düşünürsünüzsə işiniz bir qədər çətindir, çünki bir az əvvəl qeyd etdiyimiz kimi bizim kulinariyamızın əsasını ət və heyvan məhsulları təşkil edir. Amma yenə də hər vəziyyətdən çıxış yolu var. Mİlli mətbəximizin göyərtilərdən, pomidor, badımcan, lobiya kimi təzə tərəvəzlərdən, habelə noxud və digər paxlalılardan hazırlanmış onlarla çeşiddə veqan və vegetarian yeməkləri var.
Dünya ölkələrinə səyahət planlaşdırırsınızsa Şri Lanka, İspaniya, Hindistanda 100 faizli veqan mətbəxinə sahib otellər mövcuddur. Bir vegetarian və ya veqan üçün unudulmaz səyahət və mistik gəzinti Hindistan ola bilər. Hindistanın Palitana qəsəbəsi dünyada qanuni olaraq vegetarian həyat tərzi sürən ilk və yeganə yerdir. Bu bölgədə hər hansı bir heyvanın öldürülməsi, ətinin satılması qəti qadağandır. Bununla belə yumurta və balıq da satılmır.
Tayvannın paytaxtı Taipei də fərqli din və mədəniyyətləri özündə birləşdirdiyi üçün burada 100 faizli ət yeməkləri olan otellərlə yanaşı 100 faizli veqan qidalanması olan restoranlar da var. Amerikanın Oreqon ştatında Portland şəhəri də veqanların dostu adını alıb. Bu şəhərdə yalnız qidalanma sektoru deyil, döymə-tatu işi ilə məşğul olan studiyalar da veqan dostu sayılır. Çünki tatu üçün istifadə edilən rənglərin tərkibində heyvan mənşəli boya olmur.
Vegetarian və ya veqansınızsa istirahət üçün bir alternativiniz də İsrailin ikinci böyük şəhəri olan Tel-Əviv ola bilər. Bu şəhər dünyanın ən böyük veqan festivallarına ev sahibliyi edir. Üstəlik tətil üçün çox əlverişlidir, şəhər “National Geographic”ə görə dünyanın ən yaxşı 10 sahil şəhərindən biridir. Qeyd etdiyimiz şəhərlərdən əlavə Bali, Qvatemala, Yamayka və Belçika kimi ölkələrdə veqan dostu şəhərlər və qəsəbələr tapa bilərsiniz.