Səyahətə aylar əvvəldən hazırlıq görmüsünüz, həvəslə səyahət çemodanı hazırlamısınız, gedəcəyiniz marşrutu virtual olaraq hər gün gedib-qayıtmısınız və budur, səyahət gününüz gəlib çatıb. Xəyalını qurduğunuz o tətil şəhərində sizi ilk addımdaca aldadıblar, fırıldaqçıların tilovuna düşmüsünüz və həm maddi, həm də mənəvi zərər görmüsünüz? Səyahətdə olarkən peşəkar fırıldaqçılardan qorunmağın yollarını səyyah.az-ın bu yazısından öyrənin.
Taksi sürücüləri
Səyahətdə olduğunuz müddətdə ən çox taksi sürücülərinə diqqət edin. Çünki hava limanından kənara addımınızı qoyduğunuz andan etibarən onların fırıldağına tuş gəlməyiniz ən yüksək ehtimaldır. Səyahətçilərin ən çox şikayət etdikləri də məhz taksi sürücüləridir. Ən çox yayılmış taksi fırıldağı isə gedəcəyiniz ünvana sizi dolanbac yollarla aparması və taksimetrənin çox pul yazmasıdır.
İkinci taksi fırıldağı isə hava limanı önündə dayanıb “çox ucuz otel təklif edirəm” deyə turistlərin diqqətini cəlb edir. Bu taksi sürücüləri otellərlə əlbir işləyir. Belə ki, turisti ucuz otel adı ilə sövdələşdiyi otelə aparır, orada isə məlum olur ki, sərfəli qiymətə təklif edilən otaqların sonuncusu az öncə “bron edilib”. Beləcə siz əlavə otel axtarmaq əziyyətindən qurtulmaq üçün həmin oteldə qalmalı olursuz, taksi sürücüsü isə öz payına düşən faizi otel nümayəndəsindən alır.
Üçüncü taksi fırıldağı isə sürücünün sizə tarixi suvenirlərin satıldığı mağazalara getmək təklifidir. Nəticədə başqa yerdə 5-10 dollara ala biləcəyiniz əşyaya yüzlərlə dollar ödəməli olacaqsınız.
“Ölkəmizə xoş gəldin!” qolbaqları
Ən çox Roma, Barselona, Qahirə və Parisdə məşhur olan bu saxtakarlıq üsulu sizin pulunuzu almaq məqsədi daşıyır. Əvvəlcə sizə yaxınlaşıb qolunuza qolbağı taxacaq, çox səmimi formada “xoşgəldin” edəcək. Siz qolbağın ödənişli olduğunu düşünmürsünüz, çünki könüllü şəkildə qolunuza taxıblar. Minnətdarlıq edib uzaqlaşmaq istədikdə isə qolbağın pulunu ödəməyinizi tələb edir. Yerli valyutanı yaxşı bilmədiyiniz üçün baha olmasından şübhələnməyəcəksiniz. Əgər almaq istəməsəniz az öncə mülayim səslə qolbaq təklif edən küçə satıcısı sizi kobudluqla təhqir edəcək. Bu cür vəziyyətlərdə polisə gedəcəyinizi deyin, çünki küçə satıcıları üçün polisə düşmək arzuolunmazdır.
Aktyor oğrular
Oğrular əlbir işləyir. Biri və ya bir neçəsi diqqətiniz dağıdır, digəri isə pulunuzu aparır. Ən geniş yayılmış üsul isə bir kişi ilə bir qadının küçədə dava etməsi, və ya bir nəfərin qışqıraraq pulunun oğurlandığını deməsidir. Onlar yaxşı aktyordurlar, diqqəti özlərinə cəlb etməyi bacarırlar. İzdiham yaranır. Sizin başınız dava edənlərə qarışır, onların əlbir işlədiyi digər oğrular isə ciblərinizi boşaldır. Xaricdə səyahətdə olduğunuz müddətdə bu cür izdihamlardan uzaq qalmağa çalışın.
Qucağınıza oyuncaq atacaqlar
Ən çox Romada müşahidə edilən bu saxtakarlıq üsulu bir az qəribədir. Siz küçədə tək gedərkən bir qadın qəfil qarşınıza çıxır və çıxıb qucağınıza bir körpə atır. Siz hadisənin şokunda olursunuz və qucağınızdakının oyuncaq yox, canlı uşaq olduğunu düşünürsünüz. Axı indi canlı insana bənzəyən və çox məharətlə hazırlanmış oyuncaq körpələr va. İlkin baxışda onun oyuncaq olduğu anlaşılmır. Siz şokdan ayılanda ciblərinizi boşalmış görürsünüz.
Üzərinizə Yemək Tökülərsə...
Səyahətdə olduğunuz şəhərdə gəzərkən əlində souslu bir yeməklə və yaxud çay-kofe içərək gəzənlərdən uzaq durmağınız sizə faydalı ola bilər. Ən çox Rio de Jenerioda müşahidə edilən bu kimi hallarda fırıldaqçılar iti addımlarla yanınızdan keçir və “bilmədən” əlindəkini sizin üstünüzə boşaldır. “Nəzakət göstərərək” çantasından salfet çıxarıb sizin üzərinizi təmizləyir. Bu təmizlik sizə pul kisaniz və telefonunuzun yoxa çıxması bahasına başa gəlir.
Saxta Polislər
Yardımsevər vətəndaşlar və fotoqraflar
Son zamanlar bir çox ölkədə tez-tez istifadə edilən bu fırıldaq növü isə insanın rast gələcəyi ən çox yayılmış fırıldaqçılıq vəziyyətlərindən biridir. Təsəvvür edin, səyahətdəsiniz və gəzintidə olduğunuz zaman yanınızdan keçən yerli vətəndaş maraqla baxdığınız hər hansı bir tarixi abidənin haqqında sizə məlumat verə biləcəyini deyir. O çox səmimi görünür, mülayimdir və necə deyərlər “üzündən nur yağır”. Bu vəziyyət bir qədər davam edir, “səmimi yardımsevər” sizə bu məkanlarda foto çəkməyinizi məsləhət görür. Siz sevinərək telefonunuzu yaxud da fotoaparatınızı ona uzadırsınız, çəklinizi çəkir və sizdən bunun müqabilində pul istəyir. Vermək istəməsəniz ya telefonunuzu, ya da fotoaparatınızı götürüb qaçırlar.