Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyevin müsahibəsində Azərbaycan vətəndaşlarının Avropaya rahat gedə bilməsindən danışıb.
- “ASAN Viza” 1 sistemi vasitəsilə əcnəbilərə elektron vizalar verilir. Azərbaycan vətəndaşlarına da viza verilməsi üçün “ASAN Viza” 2 konsepsiyası hazırlanır. İlkin olaraq Azərbaycan vətəndaşları üçün hansı ölkələrə vizaların verilməsinə başlanılacaq?
- Sizin də qeyd etdiyiniz kimi, “ASAN Viza” 1 konsepsiyası əsasında əcnəbilərə elektron vizalar verilməkdədir. “ASAN Viza” 2 konsepsiyasına əsasən isə, Azərbaycan vətəndaşları viza tələb olunan ölkələri seçəcək. Sistem özü elektron qaydada viza üçün tələb olunan sənədləri aidiyyəti dövlət orqanlarından toplayıb səfirliklərə göndərəcək. Səfirlikdə sənədlərlə tanış olacaqlar. Məqbul hesab olunacağı təqdirdə vətəndaşlarımıza vizalar veriləcək. Biz vətəndaşlarımızın xarici səfərlərə daha rahat getməsini istəyirik. “ASAN Viza” 2 konsepsiyası ilə bağlı texniki işlər həyata keçirilir. Bu işdə xarici ölkə səfirlikləri də maraqlı olmalıdırlar. Məsələ ilə bağlı müxtəlif səfirliklərlə danışıqlar aparılır. Artıq bir neçə səfirlik bu işə öz razılığını verib. Biz pilot layihə olaraq bir neçə ölkəni nəzərdə tutmuşuq. Gələcəkdə digər ölkə səfirliklərini də bu sistemə qoşmaqla vətəndaşlarımız xarici dövlətlərə asan və rahat səfər edə biləcəklər.
Biz Azərbaycan vətəndaşlarının daha çox səfər etdikləri dövlətləri sistemə cəlb etmək istəyirik. Əsasən də Avropa ölkələrini nəzərdə tuturuq.
© APA