Tətilini xaricdə, uzaq ölkələrdə keçirmək imkanında olmayanlar, buna həm maddi, həm də vaxt baxımından gücü yetməyənlər üçün alternativ istirahət üçün məkanlar respublikamızın səfalı rayonlarıdır. Doğrudur, rayonlarda fəaliyyət göstərən otellərin əksəriyyəti bir həftəlik istirahət üçün əlçatmaq məbləğ təyin edir və bu istirahət üçün hamımızın maddi vəziyyəti yetərli olmur. Bu vaxt ağlımıza kənd evləri gəlir – həm ev, həm komfort, həm təbiət qoynu, kənd, həm də maddi baxımdan sərfəli.
Ölkəmizin bölgələrində hər büdcəyə uyğun kənd evi tapmaq mümkündür. Günü adambaşı 5 manatdan 100 manatadək hər şəraitə, komforta malik kənd evləri var. Hovuzlu, bağçalı, geniş həyəti olan bu evlər xüsusilə ailəsi ilə istirahətə gedənlər üçün sərfəlidir.
Qusar Turizm İnformasiya Mərkəzindən Səyyah.az Turizm və İnformsiya saytına verilən məlumata görə hal-hazırda mərkəzdə 86 qeydiyyatlı ev var: “Bu mənzillər sahibləri tərəfindən turistlərə kirayə verilir. Evlərin qiyməti 30 manatdan 150 manatadək dəyişir. Kirayə üçün təklif edilən evlər rayonun bütün istiqamətlərindədir”.