Yanacaqsız təyyarə dünya səyahətinə hazırlaşır

Təyyarə fevral ayında səyahətə çıxacaq və bir də iyul ayının sonunda “evinə” qayıdacaq.
Xəbərlər 23 Yanvar 2015 00:00 1114
Yanacaqsız təyyarə dünya səyahətinə hazırlaşır

Günəş enerjisi ilə çalışan təyyarə gələn ay görünməmiş dünya səyahətinə çıxmağı planlayır. Layihənin təşkilatçıları sübut etmək istəyirlər ki, səmada yanacaqsız da uçmaq olar. "Seyyah.az"-ın məlumatına görə, “Solar Impulse 2” təyyarəsi uçuşa Abu-Dabidən başlayacaq, Hindistan, Myanma, Çindən uçub keçəcək, Sakit Okean, ABŞ və Avropanın cənubundan keçərək yenidən BƏƏ-nin paytaxtına enəcək. 5 aylıq səyahət zamanı ümumilikdə 35 min kilometr məsafə qət ediləcək və bu müddət ərzində təyyarənin mühərrikləri (4 mühərriki var) yalnız günəş enerjisi hesabına çalışacaq. Təyyarəni 2 isveçrəli pilot idarə edəcək. “Solar Impulse 2” enişsiz 5 gecə havada olacaq.

Layihənin təşkilatçısı və həm də pilotlardan biri olan Bertran Pikar jurnalistlərə bildirib ki, “Günəş enerjisi kimi tükənməyən enerji növləri ilə möcüzələr yaratmaq olar. Biz göstərmək istəyirik ki, idarə edəcəyimiz bu təyyarə 1 damcı yanacaq sərf etmədən sutkalarla uçuş həyata keçirə bilər”.

Avtomobil ağırlığında (2,2 ton) olan və qanadları arasındakı məsafəyə görə dünyanın ən iri sərnişin avialaynerləri ilə müqayisə olunan bu təyyarə fevral ayında səyahətə çıxacaq və bir də iyul ayının sonunda “evinə” qayıdacaq. Səyahət zamanı təyyarə təqribən 50-100 km/s sürətlə təqribən 25 reys həyata keçirəcək. İkinci pilot və təşkilatçı Andre Borşberqin sözlərinə görə, “Dünya səyahətinə hazırlıq 12 il vaxt aparıb.Təyyarə İsveçrə konstruktorları tərəfindən hazırlanıb. Bu təyyarə günəş enerjisi ilə işləyən ilk təyyarə deyil, lakin materik və okeanlar üzərindən uçub bu qədər böyük məsafə qət edəcək ilk təyyarə olacaq”.

Pilotlar qarşıda onları nə gözləyəcəyini bilmirlər, amma mümkün olmayanı etməkdə qərarlıdırlar. Əgər nə isə düz getməsə, təşkilatçılar yeni təyyarə hazırlayıb dünya səyahətinə davam edəcəklərinə söz verirlər.

 

OXŞAR XƏBƏRLƏR