Rusiya hotelləri "halal"laşır

Rusiyanın mehmanxana və turizm biznesində “halal” standartların tətbiqinin tənzimlənməsinə dair sənəd qəbul edilib.
Xəbərlər 27 Yanvar 2015 00:00 1069
Rusiya hotelləri "halal"laşır

Seyyah.az-ın “Rossiyskaya qazeta” nəşriyyatına istinadən məlumatına görə, Beynəlxalq “Halal” Standartlaşdırma və Sertifikatlaşdırma Mərkəzi tərəfindən hazırlanan “halal xidmət” standartlarını Rusiyanın Müftilər Şurasının (RMŞ) və Müsəlman Ruhani İdarəsinin sədri şeyx Ravil Qaynutdin təsdiqləyib.

Beynəlxalq “Halal” Standartlaşdırma və Sertifikatlaşdırma Mərkəzinin direktoru Heydər Qazizov bildirib ki, Cənub-şərqi Asiyadan artan turist axınının həcmini nəzərə alsaq, yeni standartlar Rusiyada turizminin inkişafına kömək edəcək.

RMŞ-nın sədr müavini Ruşan Abbyasovun sözlərinə görə, sözügedən standartların tətbiq olunduğu restoran və mehmanxanalar təkcə halal qidaların verilməsilə məhdudlaşmayacaq. Bütün mehmanxana nömrələri şəriət qaydalarına maksimum uyğun olacaq. Standartlara əsasən, hər nömrədə “Qurani-Kərim” kitabının nüsxəsi, qibləni göstərən nişan, namaz xalçası və dəstəmaz almaq üçün su qabı olmalıdır. Bundan əlavə, “Halal” standartlı mehmanxanalarda Ramazan ayı boyunca xüsusi qidalanma qaydaları tətbiq olunacaq. İnanclı insanlar üçün xüsusi olaraq, imsak və iftar vaxtlarında süfrə açılacaq.


Hazırda Moskvada “Halal” standartlı mehmanxanalar fəaliyyət göstərir. Bunlara “Metropol”, “Kosmos”, “Dom Turista” mehmanxanalarını misal göstərmək olar. Kazanda fəaliyyət göstərən “Holfstrim” mehmanxanası da “Halal” standartlarla işləyir. “SSBT” şirkətinin prezidenti İldar Musinin sözlərinə görə, bir çox mehmanxana “Halal” standartları tətbiq etmək istəyir. Lakin bu, o qədər də asan deyil. Mehmanxanada spirtli içkinin qadağan olunması əsas 5 şərtdən biridir.


Amma Ruşan Abbyasov qeyd edib ki, mehmanxanada donuz ətinin və spirtli içkinin təqdim olunmaması şərt deyil. Həm qeyri-müsəlman, həm də müsəlman turistlərə paralel olaraq yüksək səviyyəli xidmət göstərən mehmanxanalarla yanaşı, alkoqol və donuz ətinin təqdim olunmadığı “təmiz” mehmanxanalar fəaliyyət göstərəcək. O, həm də onu qeyd edib ki, “Halal” standartlarla işləyən mehmanxana nömrələrinin qiymətində dəyişiklik olmayacaq.

OXŞAR XƏBƏRLƏR