"Mən də getdim - Nura Dünyamalıyeva: "Amsterdam.. Daha bir spontan səyahət..."

Möhtəşəm şəhərdi, gediləsi şəhərdi və əsas da azadlığın şəhəridi
Xəbərlər 28 Yanvar 2015 00:00 2659
"Mən də getdim - Nura Dünyamalıyeva: "Amsterdam.. Daha bir spontan səyahət..."

Ağlım kəsəndən televizor və jurnallarda adına rast gəldiyim və heç vaxt bir gün buraya ayaq basacaq olmam reallığını bilmədiyim, hətda xəyal etmədiyim ölkə - Hollandiya. Hollandiya haqqında çox söz demək olar, ki deyilir, yazılır hər dəfəsində. Mənim də Hollandiyada buraxdığım çox xatirələr oldu.

 

Əvvəlla, Yeni il gecəsini Hollandiyada keçirmək bizə necə deyərlər, 'çok pahalıya patladı'. Ümumiyyətlə, bəllidir ki, bayram günlərini xarici ölkədə keçirmək hər zaman çox pul tələb edir. Biz də vecimizə almadıq pul məsələsin, dedik ömrümüzdə ilk dəfə yeni ili başqa ölkədə keçirəcəyik, qoy çox pul getsin, amma əylənək. Bileti neçiyə aldığımızı xatırlamıram, amma baha olduğu yadımda qalıb ( 80 avro+ ohaaa ).

 

Uçuşumuz birbaşa Amsterdama olmadığından Hollandiyanın başqa şəhərinə uçduq - Eindhovenə. Bu şəhərə o qədər nifrət etdim ki, hələ də oranın məndə yaratdığı travma yoxa çıxmayıb.Onsuz da ölkəyə gecəyarısı ayaq basmışdıq, bir də təyyarədən düşər-düşməz şəhərin abu-havası lap ağır yük olmuşdu bizə. Qorxu filmlərinin çəkildiyi şəhərlər hər zaman maraq dairəmdə olub. Elə bil, hər qorxulu film bu şəhərdə çəkilmişdi. İnanılmaz təntimişdim (!) bir anlıq. Şəhər gecə olarkən qapqaranlıq olur, yol kənarlarına qoyulan gecə lampaları işıq saçmırdı. Sakit və ensiz küçələr, adi işıq qığılcımı belə olmayan hasarsız evlər, insan səsindən məhrum sükunət... Tərslikdən qalacağımız yer də uzaqda idi. Azı yalan olmasın, yarım saat, bəlkə də çox piyada gedəcəyimiz otelə doğru irəliləmişdik. Nəysə, əsəbimi cümlələrə töküb sizi də neqativə yükləmək istəmirəm.

 

Nağıldakı 'Az getdik, düz getdik, dərə-təpə düz getdik' cümləsin burda istifadə edirəm, çünki həqiqətən bir xeyli yol gedib mənzilə çata bilmişdik. Otelin bu qədər uzaqlıqda yerləşmə səbəbin çatanda anlamışdım. Sən demə Eindhovenin şəhərkənarı kurortunda otaq tutmuşuq. Amma, çox komfortlu otel idi. Həm də gülərüz personalı vardı. Belə ki, gecə dostlarla 3-ə kimi oturub söhbət etdiyimiz yerdə bizə pul istəmədən qəhvə belə hazırlayıb gətirmişdilər.

 

Sırf birbaşa uçuşun olmaması ucbatından burada gecələmək çox pis olmuşdu, həm puldan ziyan etmişdik, həm də kefimiz pozulmuşdu. Lənət olsun, sabah çıxıb gedəcəyik burdan deyibən yuxuya getdim.

Dekabr ayı, hava soyuq, saat 9-u göstərir, ədyala bürünüb qalmışam. Günəşin işıqları gözümü çıxartmasaydı yerimdən duran deyildim. Otelin çoxçeşidli səhər yeməyindən dadıb çantaları hazırladıq yola düşməyə.

Şəhərin qatar stansiyasına gəldik. Amsterdam üçün qatar bileti almalıydıq. 18 avroya biletimizi aldıq. İntersiti olduğundan yolüstü Hollandiyanın Utrex şəhərində də vaxt keçirmək imkanımız oldu. Biraz da Utrexin gözəlliyindən danışım.

 

Çox əla olmuşdu səyahətin bu hissəsi. Utrexə gəlməyi istəyirdik onsuz da. Lap yerinə düşmüşdü. Bir neçə saatımız vardı Amsterdam qatarını gözləyənədək. Bu saatı Utrexdə yaxşı dəyərləndirdik. Bilmirsinizsə deyim ki, Utrex Amsterdamdan öncə Hollandiyanın ən vacib şəhəri idi. Çox tarixi şəhərdi, antik izlər daşıyır. Amsterdamdan fərqli olaraq, Utrex əhalisinin əsası yerli sakinlərdi. Amsterdam kimi qarmaqarışıqlıq yoxdur bu şəhərdə, özünüz də ayaq basar-basmaz görəcəksiniz ki, çox sakit, normal həyat standartlarına cavab verə bilən, insanların həyatını yaxşılaşdırmaq üçün hər cür şərait yaradılan şəhərdi. Gəz-gəz doymaq olmur bu şəhərdən. Hollandiyanın ən böyük Universiteti də burada yerləşir. Bir çox xəbər portlallarında oxuduğum qədərilə tələbələrin çoxu Utrexdə təhsil almaq tərəfdarıdır. Doğruluğuna gəlincə, bir şey deyə bilmərəm, amma.

Amsterdamda görəcəyiniz kanallar Utrexdə də var. Amma bir fərqləndirmə etsək, görərik ki, Utrexdəki kanalların kənarı sahili xatırladır. Bu arada bu şəhərdən axan çay Ren çayı adlanır və əvvəllər bir qismi şəhər mərkəzindən axırmış. Bir çox tarixi binalarla rastlaşacaqsınız. Ən vaciblərindən biri bünövrəsinə 1254-cü ildə başlanan Gotik Saint Martin kilsəsidir. 200 ilə yaxın bərpa işləri nəticəsində bugünümüzə qədər gəlib çıxıb.

Şəhərin daha bir özəlliyini sizinlə paylaşım. Məlumdur ki, turistlərin səyahət zamanı ən çox ehtiyacı olacağı şey internet olur. Ki bu internet bağlantısını əldə etmək üçün pulunuzdan olub hansısa kafedə oturmalı olursunuz. Utrexi bu cəhətdən çox sevdim. Şəhərin hər küçəsində əhali üçün parolsuz wifi sistemi quraşdırılıb.

Sizə deyim qiymətlərdən. Demək olar ki, Amsterdam ilə eyni səviyyədədi qiymətlər. Azca ucuz olar Amsterdamdan. Şəhərin mərkəzi ( bizim tarqovi küçəsin düşünün ) başdan-başa fərqli, rəngli mağazalarla əhatə olunub. Tam mərkəzində böyük supermarket var ki. qiymətləri münasibdi. Utrexə gəlib atışdırmalıq nəsə alsanız, yolunuzu bu supermarketdən salın, cibinizə xeyir olar.

Supermarketlə yanaşı bir dönər restoranına girdik. Dönərçi türk dayı yunanıstan-türk müharibəsindən danışıb, yunanları haqsız çıxardıb bizi yolladı. Burada yunan dönəri çox məşhurdu, amma sizi timsah ətidi deyib aldada bilərlər ( qələt edirlər, donuz ətidi. Timsah əti bunların dönərçi zarafatıdı, amma mən gülmədim buna ).

Qatar saatına görə artıq Utrexi tərk etməli idik. Amsterdam qatarı demək olar ki az bir vaxtda yola düşəcəkdi. Stansiyaya doğru yollandıq. Utrexin gözəlliyindən sonra Amsterdamda olmaq, burada yeni il keçirtmək gözəl olacaqdı. Qatara daxil olduq və öz yerimizi tapıb yeni macəraya doğru yönəldik.

Utrexdən Amsterdma qatarla təxminən yarım saatlıq yoldu. Qatarlar wifi ilə təchiz olunub, yol boyu darıxmadım. Amsterdam haqqında blog yazılarını oxuyub şəhərə çatdım və budur Amsterdam qatar stansiyasındayıq.

Soruşsalar ki, Yeni il üçün yenidən Amsterdama gedərdinmi, cavabım yox olardı, hər halda. Niyə yox? Yox ona görə yox ki, Hollandiya gözəl ölkə deyil. Kifayət qədər gözəldi, hətta əlimdə şans olsa, başdan-ayağa hər şəhərin gəzəcəyim ölkələrdəndi. Sadəcə tələbə adam gərək bayram günlərində qaxılıb otursun yerində, başqa vaxt hara istəyirsən get, daha ucuz olacaq, əminliklə deyirəm bunu. Üç gün qalacağın ölkəyə 400 avro xərcləmək qudurğanlıqdı (!) ki, mən bunu etmiş biriyəm, sonra da peşman olmuş biriyəm.

Bileti təxminən 80 avroya almışdıq (gediş-dönüş). Öz də təyyarə birbaşa Amsterdama da getmir. Yuxarıda dediyim kimi, Eindhovenə getməyə məcbur olmuşduq. Ordan Amsterdama getmək üçün 18 avro bilet pulu, sonra yenidən Eindhovenə qayıtmaq üçün yenidən alınmış qatar bilet pulunu da saysaq, 100 avroya yaxın pul elə biletlərə getmişdi. Bu bir tələbənin edə biləcəyi ən böyük səhvlərdəndi.
 


Nəysə, belə sıxıcı yazmaq istəmirəm, gəlin söhbəti dəyişək və bu qədər pul müqabilində nə dərəcədə əylənib-əylənmədiyimdən danışım sizə.

Demək, Central Amsterdam qatar stansiyasının qapılarından çıxan kimi Amsterdamın necə gözəl, füsunkar şəhər olduğunun şahidi olduq. Yolu keçib Amsterdamdakı iri kanallardan birinin qırağında dayandıq, kanalda saysız-hesabsız gəmi və qayıqlarla turistlərə Amsterdam gözəlliyi göstərilirdi ( 8 avro ).
 

Turistlərin bu şəhərə axını danılmazdı, özüm də şahidi oldum. Yolda gəzmək olmurdu, bir ton insan axını şəhəri ələ keçirmişdi, sanki.
 
 
Hələ sizə velosipedlərdən danışmamışam. Amsterdama gələn hər turist velosiped qəzasına düşmədən ölkəsinə qayıtmır, deyəsən. Kim buraya gəlibsə, velosipedlərdən boğaza yığıldığın dilə gətirir. Elə olacaq da, təbii. Amsterdam dünyada yeganə şəhərdi ki, velosiped sayı əhali sayından çoxdu.
 
Uşağın, kiçiyin, böyüyün, hətta yaşlısının belə öz velosipedi var. Təbii, Bakı kimi qeyri-velosiped şəhərinin sakini olaraq, mən çox əziyyət çəkirdim. Gün boyu yoldan keçən üç nəfərdən mütləq üçü də mənə siqnal verib, sanki, ' keysən? Bura velosiped yoludu, öz yolunla get də ' deyirmişcəsinə sifət edirdi. Düzü, velosiped yolu ilə piyada yolu xeyli fərqlənirdi. Həm ayrı ( yolun sağı və ya solu velosiped yolu olurdu ) yolları, həm də öz işıqforları vardı. Yerdə də velosiped yolu olduğunu xatırladacaq velosiped işarəsi. Amma, belində ağır yük çantası, hər yeri piyada səyahət edən tələbə o yorğunluqla yerdəki velosiped işarəsin görə bilməzdi. Belə düşünürəm ki, Amsterdamın hər velosiped istifadə edəni o vaxt məni babat siqnallayıb.
Keçək, mənim və dostlarımın görüş nöqtəsi olan Dam squareyə ( Dam meydanı ).
Dam square dediyimiz elə də möhtəşəm yer deyil, meydanın ortasında uzun bir heykəl kimi nəsə vardı, Dam square deyəndə onu xatırlayıram. Hə, bir də Yeni ildə meydanda çox uzun yeni il ağacı qurmuşdular. Nömrələrimiz rominq sisteminə keçdiyi üçün o ağacın altında görüşürdük. Bizdən kim itirdisə, ora gedirdi.

Qatar stansiyasından Dam meydanına gedən yolun kənarlarında yeni il marketləri qurulmuşdu. İnsanları əyləndirə və turistləri cəlb edə bilmək üçün hər şərait yaradılmışdı. Yadıma düşür, orda olan marketlərdən birində Hollandiyanın çoxçeşidli pendirləri satılırdı. Dadına baxmaq üçün də hər pendirdən təklif olunurdu. O qədər dadına baxmışdım ki (dada baxmaq da deyil bu, bildiyiniz pulsuz nahar etmişdim), gün ərzində aclıq hiss etmirdim.

İlk günü ancaq ətrafı tanımaq üçün istifadə etmişdik. Gəzirdik, gəzdikcə də çoxlu yeni yerlər, yeni insanlar kəşf edirdik. Amma, o ilk günü unutmuram da.
 
Hoteli tapa bilmirdik heç cür. O boyda Amsterdamda getmədiyimiz yer qalmamışdı. Yolu soruşmaq üçün kimə yaxınlaşırdıq, tərslikdən italyan olurdu. Belə başa düşmüşdüm ki, İtaliyanın yarısı Amsterdamda idi. Azı, yalan olmasın, saat yarıma hoteli tapdıq. Hotel də nə hotel! Adı Stay Ok idi. Bayrama görə tam dolu idi. Amma, rahat, təmiz və isti idi ( Hostel haqqında mәlumatları burdan tapa bilәrsiniz- http://www.stayokay.com/amsterdam ).

Onu da deyim ki, bizim öncədən tutduğumuz hostel çox uzaqda imiş, Amsterdama çatanda öyrəndik. Sərf etmədi, çünki hər dəfə şəhər mərkəzinə gəlmək üçün babat pul xərcləyəcəkdik. Ona görə yeni hostel axtarmalıydıq ( Stay Ok hotelin də elə Amsterdamda tutduq ). Hostel qaydalarına görə, tutduğunuz otaq rezervasiyasın 48 saat öncə ləğv edə bilmək olur, əks halda, ilk günün pulu geri qaytarılmır. Bizdə də bu cür oldu, ilk günün pulunu hesabdan çıxdılar, nəticədə ziyana uğradıq.
 
 
İndi isə sizə Amsterdamı daha yaxşı və ətraflı tanımaq üçün turistlərə təklif olunan muzey və nəqliyyat kartlarından danışım ( http://www.amsterdam.info/pass/ ).

Kartla səyahət etmək sərf edirmi? Mən kart almadım, amma peşman oldum, kaş ki, alardım. Onu da deyim ki, kartla səyahət etmək çox sərf edir. Bir günlük İAMsterdam kartı 40+ avro idi. Bu karta pulsuz çox sayda muzeyi görmə, çox sayda bəzi, baha olan muzeyləri endirimlə gəzmə, kafe və restoranlardan və bir neçə mağazalardan endirimlə istifadə etmə daxil idi. Həmçinin, nəqliyyatdan da pulsuz istifafə etmə də bu karta daxil idi.

Kartın 48 saatlıq qiyməti isə 50+ avro idi. Fikrimcə, bir günlük İAmsterdam kartını alıb gəzmək hər bir insana sərf edəcək, tələbələrə, ümumiyyətlə.
Amsterdamda kart almadığım üçün istədiyim muzeylərə gedə bilmədim ( başqa vaxt kartla hamsın gəzməyə söz vermişəm ). Rembrantın ev muzeyinə getməyi qərara aldım.
Yolda Amsterdamdakı bazarı görüb sevindim, çünki antik, ikinci əl olan, çoxlu sayda əşya, kitab, suvenir və bu kimi mənim sevdiyim şeylər bazara çıxarılmışdı.
 
 
 
Düşünün ki, möhtəşəm və bir o qədər də maraqlı ikinci əl kitabların hər biri bir avrodan satışa qoyulmuşdu. Amsterdama bel çantamla gəldiyim üçün çantamda çox yer yox idi, olsaydı, bir ton ikinci əl kitab alardım, belə ucuz kitabları hardan tapacaqdım başqa vaxt?!
Kitablarımı alıb muzeyə tələsdim. Yolüstü Yeni İlә xüsusi olaraq hazırlanmış Light Show Amsterdama da tamaşa edә bildim.
Rembrantın ev muzeyi biraz qarışıq adresdə yerləşir. Amma, insanları çox köməksevərdi, yol soruşsanız, sizə detallı olaraq hərşeyi başa salacaqlar. Biz də muzeyi soruşub tapdıq.
Bu muzeyə babat turist axını vardı. Turistin ardı-arası kəsilmirdi. Heyf ki, muzeyə giriş biletini neçəyə aldığımı unutmuşam. Maraqlananlar üçün muzeydə diqqətimi çəkən və mənə maraqlı olan nüansları da qeyd edim:
Rembrantın o dövr üçün çox qəşəng evi olubmuş. Muzey səs sistemi ilə təchiz olunub. Evin hər nöqtəsi rəqəmlənib və siz hər rəqəmə yaxınlaşdıqca, sizə verilən mikrafon yardımı ilə evin hər nöqtəsində Rembrantın yaşayış tərzi ilə tanış olacaqsınız. Evin hər mərtəbəsində Rembrantın müxtəlif tərəflərini görəcəksiniz. Ən yuxarı mərtəbə isə mənim ən sevdiyimdi. Demək, yuxarı mərtəbədə muzeyə gələnlər istədiyi şəkili müəllim nəzarətində çəkə bilərlər. Bir neçə cəhddən sonra mən də gözəl olmasa da, bir foto ərsəyə gətirə bildim. Hazırda Rembrantın ev muzeyinin ən yuxarı mərtəbəsində saxlanılır bu şəkil. Hər muzeyə gəlib buna cəhd edən turistin çəkdiyi şəkil muzeydə divara asılıb.
 
 
 

Amsterdama demək olar ki, çox insan marixuana dadmaq üçün yollanır. Gəzdikcə görürdüm ki, hər kafedə, hər barda insanlar ot çəkməkçün nəsə bükür. Marixuanası ən məşhur olan kafe Bulldog kafedi ( belə eşitmişəm ). Hәlә bir kafeyә baxın, möhtәşәm dizayna sahibdi ( http://www.thebulldog.com ).

Siz hələ hostelləri görəsiniz. İkinci Amsterdam günündə gecə şəhərə çıxacaqdıq deyə axşamüstü hotelə gəldim ki, azca yatım, yorğunluğum getsin. Yuxudan marixuana qoxusuna oyanmışam, özü də bu qoxunu xüsusi sevirəm, ürəyim gedir, hətta. Oyanmışam ki, mənimlə qalan alman qızlar ot sarırlar. Təklif etdilər, amma ayıq olmaq lazımdı deyə razı olmadım.

Qış olduğundan hava çox soyuq idi. Düzü, qardan əsər-əlamət yox idi, hə. Amma, qışın ayazı deyilən bir şey var ki, mən bunu Amsterdamda hiss etdim.
Amma soyuq hava bizə Amsterdamın gözəlliyindən həzz almağa mane ola bilmirdi.
 

Gözəllik demişkən, sizə Amsterdamın məşhur Red Light District ( oxu: Qırmızı İşıqlar küçəsi ) danışmışdım? Düzü, hamının da bildiyi kimi, Amsterdam deyəndə ağıla ilk marixuana gəlirsə, ikinci ön plana çıxan şey isə bu qırmızı küçə olur. Gözüm heç o qədər gözəli bir arada görməmişdi, möhtəşəm yerdi. Heyf ki, foto çəkməyə icazə verilmirdi. Bu tipdə küçəyə ilk dəfə Belçikanın Gent şəhərində rastlamışdım, amma Amsterdamdakı tamamilə möhtəşəm idi. Axırıncı gün öyrəndik ki, gecə saat 4-dən sonra bu möhtəşəm şəhərin əksər hissəsi qırmızı rəngə boyanır, yalnız Red Light küçəsilə limitlənmir ( bu haqqda artıq məlumat yazmayım, maşallah hamınız gəzib-görmüş, çoxbilmiş (!) adamlarsız. Həm yaza da bilmərəm, ana-bacı söhbəti var ). Bir ara oğlan dostumuzun әlindә fotoaparat görәn vitrindәki qadınlardan biri anlayıb-dinlәmәdәn vitrindәn çıxıb dostumuzu babat söydü :D Nəysə, keçək.

Sizə danışım nədən? Marixuana, xaş-xaş muzeyindən. Adamlar o qədər azad cəmiyyətdə yaşayırlar ki, bizim qanunsuz bildiyimiz şeyləri etmək bir yana, hələ bir muzeylərin də açıblar. Amma, muzeyə getmədik, nə yalan deyim (http://hashmuseum.com/ ).  Kart almamışdım deyə muzeylər baha başa gəlirdi. Bu arada, Dam meydanına çatmamış, yolun sağında Seks muzeyi var ( http://www.sexmuseumamsterdam.nl/index2.html ) , bu muzeyin oxşar tipi olan Erotik muzey  ( http://www.erotisch-museum.nl/ ) də fəaliyyət göstərir. Düzü, cəlb etmədi, bildiyimiz şeylərdi də. Amma, muzeyə girmək üçün uzun quyruq var idi.

Bizdən bir nəfər muzeyə girib maraqlı heçnə yoxdu deyəndən sonra ürəyim yerinə gəldi ki, çox şey itirməmişəm.
Gedəcəksinizsə, gedin Anna Frank muzeyinə ( http://www.annefrank.org/ ), Amsterdamı xüsusilə, 2 May tarixində, yəni, gül bayramı ərəfəsində gözəlləşdirən gül marketinə ( http://www.amsterdam.info/shopping/flowermarket/ )  gedin. Gedin ki, gözünüz gözəllik görsün.
 
 

Bu arada, Museumplein adlanan yerә getmәmәk günah olar. Bu yer insanların Amsterdama gәlib İAmsterdam yazısıyla şәkil çәkdirdiyi yerdi. Budur hәmin mәkan:
 

Hәmçinin, onu da qeyd edim ki, bu yazının arxasında Amsterdamın mәşhur muzeylәrindәn vә interyer olaraq da möhtәşәm tikililәrindәn sayılan Rijksmuseum yerlәşir ( Muzey haqqında әlavә mәlumat almaq üçün -https://www.rijksmuseum.nl/  ).
Amsterdam taxtadan olan rәngli ayaqqabılarla mәşhurdu. Amsterdamda olarkәn hәr küçәyә, hәr mәkana bu ayaqqabılardan turistlәri cәlb etmәkçün yerlәşdirmişdilәr, foto çәkmәyi unutmadım.

Tarixçәsi barәdә belә rәvayәt etdilәr ki, guya keçmiş zamanlarda kanalların üstündә körpülәr olmadığından insanlar su olan hissәlәrdәn keçәrkәn hәmin bu ayaqqabılardan istifadә edirmişlәr. Daha әtraflı mәlumat üçün ( http://www.iamsterdam.com/en-GB/experience/about-amsterdam/history-and-society/clogs ) saytına nәzәr salın.

İndi də deyim sizə yeyib-içməkdən. Hollandların xüsüsi, belə insanın iştahını yerinə gətirəcək milli və dadlı mətbəxi yoxdu. Həm, tələbə adamıq, guya olsa yeyəcəkdik? Həm də Yeni il bayramı vaxtı bahalaşan qiymətlərə baxmayaraq?Nəyinizə gərək, əşiii.. Əsas odur ki, yol yerimək üçün enerji yığacaq qədər mədəniz yemək görsün. O da sağ olsun türklərə ki, bu dönəri kəşf ediblər. Birin yeyirsən və bütün gün tox saxlayır. Amma, təbii ki, marketdən alıb yemək ən əlverişlisidi. Lakin, neynəyim ki, mən marketdə qarnımı doyuracaq heçnə tapmadım.

İçki içmədiyimə görə səyahət zamanı pulum cibimdə qalır, daha sərfəli yerlər üçün istifadə edirəm pulumu. İçki demişkən, ilahiiii... Şəhərdə hamı sərxoş idi, əsas da Yeni İl gecəsi. Belə deyim də, barlar boş qalmırdı.
Gecə həyatı isə möhtəşəmdi. Dar küçələrin sağı-solu başdan-başa kafe, bar, restoranlarla əhatələnib, və əlbəttə ki, klublarla. Bura gəlmişkən, gecə həyatını da gördük.
 
Həm də çox soyuq idi və biz Yeni İl gecəsini şəlləndirmək üçün həmin gecəni küçədə qalmağa qərar vermişdik ( Ana, bunu oxuyursansa, məni bağışla ). Ona görə də, isti yer tapan kimi ora doluşurduq. Bir klub tərzində məkan tapıb oturduq. İçənlər içdi, qəlyan çəkən çəkdi. Heç də zövq almadım, amma musiqi zövqləri yaxşı idi.

Özüm də hiss etmədən Yeni İl gecəsin anlatmağa başlamışam. Davam edim.

Demək, dörd qız və bir oğlan Yeni İl gecəsi küçədə qalaq deyə qərar verdik, bayaq da qeyd etmişdim bunu. Yaxşı ki, hostel işçiləri xeyirxah adam çıxdı və biz ağır çantalarımızı gecəyə kimi hosteldə saxlaya bildik. Gün boyu gəzdik, dolaşdıq, yeni yerlər, yeni insanlar kəşf etdik və fişənglərin atılacağı saatdan öncə gəlib hosteldə əşyalarımızı yığmağa başladıq. Vaxtımız olduğundan oturub yeyib-içdik üç qız, sonra isə hostelin internet sistemi sağ olsun ki, ailəmizlə danışıb bayramların təbrik etməmizə yardımçı oldu. Bir balaca da oturub istirahət etdikdən sonra saat 12-yə 20-cə dəqiqə qaldığın görəndə cəld hosteli tərk edəsi olduq. Qrupdan olan digər 3 nəfər, ( ikisi qız, biri oğlan ) bizi Dam meydanında gözləyirdi. Dam meydanına çatanda nə görsək yaxşıdı? Şəhər dağılır ya Rəb.
Bakıda iki-üç balaca uşağın qızları qorxutmaq üçün ayaqlarına atdıqları o fişəng tərzində olan partlayıcıların bir tonu da Dam meydanında partladılırdı, özü də baxmırdılar, hara gəldi atırdılar. Şəhər coşmuşdu, bu dərəcədə olacağın gözləmirdim. Şəhərin bu hissəsi bizim üçün çox təhlükəli görünürdü deyə fişənglərə baxmaq üçün Amsterdamdakı bir körpü tərəfə yollandıq. Partlayıcıların əlindən zorla yeriyirdik, bir-birmizin əlindən bərk-bərk yapışmışdıq ki, insan axını arasında itib-batmayaq.
Nəysə, gəldik həmin o körpüyə. Deyilənə görə, bura fişənglərə baxmaq üçün ən ideal yer imiş. Körpünün üstünün insanlarla dolu olduğunu görəndə əmin oldum ki bəli, düz yerdəyik. Amma, körpüyə çıxa bilmədik, ayaq basacaq yer yox idi, kanalın kənarında dayandıq. Bir neçə dəqiqəyə çox sayda yerli və turist insanlarla birgə 12-dən geriyə doğru sayıma başladıq. Sonrası da məlum, Yeni İli qarşıladıq.
 
 
 

Bu həmin günün yaxşı tərəfləri. İndi keçək əsas məsələyə.
Düşünmüşdük ki, Central stansiya gecə açıq olar, ona görə də ora yollandıq ki, qatarlar işə düşənə kimi qalaq stansiyada, hava çox kəskinləşmişdi. Amma, şans üzümüzə gülmədi, qapılar bağlıydı, saat 5-də açılacaqdı. Qaldıqmı soyuq küçələrdə?!

Nə edək, necə edək deyə düşünərkən özümüzü Amsterdamın heç gəzmədiyimiz küçələrində tapdıq. Nələr, nələr görmədim. Küçədə sevişənlər, küçədə dalaşıb söyüşənlər, içkili halda özlərin buraxan bir ton insan, hətta iyrəncliyə bax ki, tualet ehtiyacın küçəyə edən qızları da gördüm. Bu həqiqətən Amsterdam kimi bir şəhərin bütün gözəlliyin pozacaq iyrəncliklər idi. İmmiqrantlar məhv edirdi şəhəri, eləcə də turistlər. Hər yer zir-zibil idi. Heyf ki, yuxulu olduğum üçün bu çirkinlikləri çəkə bilmədim.

Yuxu demişkən. İsti yer axtardığımızdan Burger Kingdə oturub stansiyanın açılış vaxtın gözləyək dedik. Sırf həmin gün fast food restoranları qiymətləri kəllə-mayallaq dərəcədə qaldırmışdı. Çünki, o saatda heçbir restoran, kafe açıq olmur və dolayısıyla, turistlər bu havada küçədə qalmayacaqlarına görə açıq restoran tapan kimi oraya sığınacaqdı ( bizim etdiyimiz kimi ). O qədər insan gəlirdi ki fast food restoranlarına, oturmağa yer olmadığından hamı sıra ilə yuxarı qalxırdı. Yuxarıya da bir nəzarətçi qoymuşdular. Allah kəssin xasiyyətin, yeməyini bitirdiyi halda hələ də boş-bekar oturub söhbət edən, eləcə də yuxulayıb yatan insanları bir-bir qaldırıb qovurdu. Sırf qovulmayaq deyə aldığımız yeməkləri elə tərzdə yeyirdik ki, tam saat 5-də yeməyi bitirib gedə bilək. Arada yuxusuzluq o qədər mənə güc gəlmişdi ki, bir butulkaya başımı qoyub yatmışammış. Tam qulağımın dibində bomba effekti ( bəli, bəli, bomba effekti ) verən fişəng partlayanda diksinib oyandım ( o fişəngi partladıb məni yuxumdan edən və eləcə də, illər sonra bu dərəcədə qorxmama səbəb olan kəsin boyun yerə soxuram ). Gözümüzü nəzarətçiyə zilləmişdik ki, bu dəqiqə yaxınlaşıb oturduğumuz yeri tərk etməyimizi istəyəcək. O an o qədər dua etmişdim ki, hesablasan heç bir ildə o qədər dua etməmişəm. İşin ucunda küçədə donmaq vardı. Nəysə ki, saat 5 oldu və qovulmadan çıxa bildik ordan.

Yarı oyaq halda stansiyaya çatdıq. Qatar saatına hələ vardı deyə oturmağa yer tapan kimi əyləşib yatdım. Sonra başımıza nələr gəldi? Ehh.

Demək, biz yuxarı çıxıb qatarı gözləmək qərarına gəldik. Oturduğumuz yer açıq havadaydı deyə soyuq külək bizi məhv edirdi, daha doğrusu məni yox, yanımızda olan türk qızı. Bir ara siqaret çəkmək üçün bizə ' Zəhmət olmasa, mənim başımı sağa fırlada bilərsən? Donmuşam deyə tərpənə bilmirəm. ' deyəndə yalan olmasın, bir saata yaxın güldük. O da burnumuzdan gəldi. Məgər, səhv yerdə dayanmışıq və qatar gedib. Ofisə yaxınlaşdıq və ikinci qatarı gözləyəsi olduq. O da birbaşa getmirdi Eindhovenə. Gərək, Hollandiyanın başqa şəhərinin havalimanına gedib ordan qatarı dəyişərdik. Birtəhər qatara mindik. Qatarda hamı içkili, bir biz ayıq idik. İçib öz-özünə danışan, özünü bilet yoxlayan kimi qələmə verən və öz-özünə gülən çoxlu sayda dəli adlandıra biləcəyimiz insanlarla birgə eyni qatarda gedirdik. Biri az qalsın üstümə yıxılırdı, son anda qurtuldum. Beləcə çatdıq havalimanına. Burdan da digər qatarla Eindhovenə gedəcəkdik.

Vaxta vardı və yuxarı çıxıb azca istirahət edək dedik. Yuxusuzluğa dözümüm olmadığından orda da başımı yerə qoyub yatdım.
 

Hələ gedər ayaq yuxulu halda yerə yıxıldığım da oldu. Oğlan dostum yerdən məni qaldırmaq istəyəndə ' Eləmə, yatmaq istəyirəm. Məni burda buraxıb gedin, nolar. ' deməyim hələ də yadımdadı.

Axır ki, qatara minib Eindhovenə yollandıq. Uçuş isə günorta vaxtı idi. Günortaya qədər babat yatdım havalimanında. Unudulmaz gün idi.
Romaya çatıb günəşin istiliyini hiss edəndə içimdə olan sevinci heçnəyə dəyişməzdim. Romadan Viterboya qədər olan yol boyunca isə ancaq yatağımı xəyal etmişdim. Qatardan düşən kimi evimə qaçdım.
Bax belə, bu da başıbəlalı və eyni zamanda bir o qədər də maraqlı təəssüratla ayrıldığım Amsterdam. Möhtəşəm şəhərdi, gediləsi şəhərdi və əsas da azadlığın şəhəridi.
Öz aramızdı, hollandlar da bəxtəvər millətdi, azadlığa doyublar ən azından.
Müəllif: 
OXŞAR XƏBƏRLƏR