2018-ci ilin 29 may tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.
DSX-dən Səyyah.az turizm portalına verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.
“Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.
“Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.
“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.