Qubaya gələn hər 4 turistdən 1-i Xınalığa qalxır

Xəbərlər 29 Yanvar 2015 00:00 989
Qubaya gələn hər 4 turistdən 1-i Xınalığa qalxır

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkandır. Ötən il rayona gələn 80 mindən artıq turistdən təxminən 20 mini qədim tarixə malik bu kəndi ziyarət edib. Seyyah.az saytının «AzərTAc»a istinadən məlumatına görə, bu barədə Quba Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacızadə deyib. O bildirib ki, 2014-cü ildə mərkəzə əcnəbi ölkələrdən mindən artıq onlayn müraciət edilib ki, bunların da əksəriyyəti Xınalıq kəndinə səfərlə bağlı olub.

5000 illik tarixə malik kəndə gələn turistlərin çoxu istirahət mərkəzlərində dincəlsə də, bəziləri fərdi evlərdə qalmağa üstünlük verib. Bu cür evlər əvvəlcədən qeydiyyata alınaraq turistlərin istirahəti üçün hər bir şərait yaradılıb. Böyük turizm potensialına malik Quba rayonuna gələn turistlərə əsasən dörd istiqamət üzrə səyahət təklif olunur. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah turizm marşrutlarıdır. Bu günədək turistlər daha çox Xınalıq kəndi istiqamətində hərəkət ediblər. Ümumiyyətlə, 2014-cü ildə Qubaya gələn 80 mindən artıq turistin 42 mini yay, qalanları isə qış turizm mövsümündə rayona səfər edib.

OXŞAR XƏBƏRLƏR