Pullular üçün Avropaya köçmək neçəyədir? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR

Avropada yaşayış icazəsi almaq neçəyədir? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR
Xəbərlər 18 Iyun 2018 14:41 2712
Pullular üçün Avropaya köçmək neçəyədir? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR

Avropada yaşayış izninin alınması maddi imkanı olan əcnəbilərin əksəriyyətini, o cümlədən Azərbaycan vətəndaşlarını da maraqlandırır. Seyyah.az Avropa ölkələrinə immiqrasiya üçün daha cəlbedici yolları araşdırıb.

Təbii ki, qeyd olunan ölkələrə digər şərtlərlə də köçüb işləmək olar. Bunlar: tələbə və iş vizaları, sərmayə qoyuluşları, biznes qurulması və s.-dir. Bu məqalədə söhbət ölkədə işləmək hüququ olmayaraq, sırf yaşamaq imkanının alınmasından bəhs edilir.

 

Avstriya – ayda minimum 2 512 avro gəlir

Maddi müstəqilliyi olan iş axtaranlar üçün Avstriyada ayrıca bir immiqrasiya proqramı vardır. Bu proqramda iştirak etmək üçün evli cütlüklər üçün€2 512-dan başlayaraq, eləcə də hər bir uşaq üçün €259 məbləğində aylıq passiv gəlirlər olmalıdır. Bu, təqaüd, qiymətli kağızlardan gələn gəlirlər və  ya bank əmanətlərindən gələn faizlər formasında ola bilər. Ailənin hər bir böyük üzvü üçün €85 min, hər bir uşaq üçün isə €45 mindən başlayan məbləğin olmasına dair bankdan (İsveçrə və ya Avstriya bankı) alınan arayış müvafiq gəliri lazımınca əvəz edə bilər.

Bundan başqa, müraciət edən şəxs Avstriyada daşınmaz əmlak sahibi olmalı (yaxud uzunmüddətli icarə müqaviləsi bağlamalıdır), həmçinin illik tibbi sığortası olmalıdır.

Ən sonda, yaşayış iznini almaq üçün Alman dilini başlanğıc səviyyədə bilmək lazımdır. Bu səviyyə A1 sertifikatı ilə təsdiqlənməlidir. Bu sertifikat olmadığı təqdirdə, Avstriyada yaşayış izni üçün müraciət ərizəsinə baxılmır. Dil biliyi həm ərizə sahibi, həm də onun həyat yoldaşı üçün zəruridir.

Sənədlərin təqdim edilməsindən qərarın verilməsinə qədərki müddət təxminən altı ay çəkir. Cari proqramın mənfi cəhəti onun sərt kvotasıdır: kvota dərəcələri kiçikdir, bir qayda olaraq, ilin birinci aylarında yığılır.

 

Almaniya – böyük bank hesabı

Muzdlu işləmək hüququ olmadan Almaniyada yaşayış izni almaq olduqca qəlizdir. İmmiqrasiya qanununun 7-ci bəndi Almaniyada "əsaslandırılmış səbəblər" əsasında yaşayış izninin verilməsini nəzərdə tutur. Belə səbəblərdən ibarət siyahı verilməsə də, təcrübədə müəyyən edilmişdir ki, ərizəçinin maliyyə vəziyyəti bu əsaslı səbəblərdən biri ola bilər.

Ərizəçinin aylıq gəlirlərinin miqdarı barədə konkret göstərişlərin olmamasına baxmayaraq, gəlirin olduğunu, yaxud irihəcmli bank hesabını və ya biznesdəki hissəni (əlahiddə və ya birgə formada) təsdiqləmək lazımdır. Istənilən halda aydın olmalıdır ki, normal həyat yaşamaq üçün ərizəçinin işə ehtiyacı yoxdur və iş yerlərinə iddia etməyəcək.

Yaşayış izni bir il müddətinə verilir, daha sonra onu iki illik aralıqla iki dəfə atırmaq olar. Alman dilini bilmək tələb olunmur, həmçinin ölkədə yaşamaq üçün zəruri olan günlərin sayı ilə bağlı xüsusi tələb yoxdur. Beş ildən sonra Almaniyada daimi yaşayış hüququnu almaq üçün sənədləri təqdim etmək olar.

 

Yunanıstan – illik gəlir 24 min avro

Digər Aİ ölkələrində olduğu kimi, Yunanıstanda da maliyyə müstəqilliyi olan şəxslər üçün yaşayış izninin verilməsi proqramı mövcuddur. Aylıq passiv gəliri (bank əmanətlərindən, icarələrdən və s.) xaricdə yerləşən və zəruri yaşayış xərclərini ödəyən şəxslər, habelə onların ailə üzvləri maliyyə müstəqilliyi olan insanlar kimi qəbul edilir.

Aktiv gəlirlər (əmək haqqı) qəbul edilmir, çünki bu, Yunanıstana köçmə imkanlarına şəhadət etmir. Dividendlər də zəif arqument olacaq, çünki onları qeyri-stabillik xarakterizə edir.

Tələb olunan minimum illik gəlir əsas ərizəçi üçün €24 min, onun həyat yoldaşı üçün €4,8 min, habelə hər bir uşaq üçün €3,6 min təşkil edir. Məhkumluğun olmaması, ərizəyə daxil edilmiş ailə üzvlərinin hər birinin tibbi sığortası olması iştirakçılar qarşısında qoyulan əlavə tələblərdir.

Yunanıstanda işləmək hüququ olmadan yaşayış izni bir il müddətinə verilir, hər il uzadılır,  beş ildən sonra isə daimi yaşayış, nəticə etibarilə, vətəndaşlıq üçün sənədlərin təqdim edilməsi hüququnu verir. Yaşayış izninin verilməsinə dair qərar üç-dörd ay ərzində qəbul edilir.

 

İspaniya – 150 min avroluq əmlak

İspaniyada işləmək hüququ olmadan yaşayış izni dəyəri €150 mindən başlayan daşınmaz əmlak sahibi (İspaniyada) olan maliyyə müstəqilliyinə malik şəxslərə verilir. Bu məbləğ qanunvericilikdə təsbit olunmayıb, lakin təcrübə göstərir ki, daha ucuz əmlakın olması İspaniyada yaşayış izninin alınmasına imkan vermir.

Mənzil almaq əvəzinə, uzunmüddətli icarə müqaviləsini rəsmiləşdirmək də olar. Həmçinin əsas ərizəçi üçün €26 min, hər bir ailə üzvü üçün isə €6,5 min məbləğində illik gəlirin olmasını ərizədə göstərmək lazımdır. Bu, İspaniya hüdudlarından kənarda əldə edilmiş passiv (icarə, dividendlər, bank faizləri), həmçinin aktiv (əmək haqqı) gəlirləri ehtiva edə bilər. Və nəhayət, ərizədə qeyd edilmiş bütün ailə üzvlərinin tibbi sığortası olmalıdır.

Yaşayış izni bir illik verilir və hər iki ildən bir iki dəfə uzadıla bilər. Beş ildən sonra daimi yaşayış, daha beş ildən sonra isə vətəndaşlıq almaq üçün sənədlər təqdim edilə bilər. İspaniyada yaşayış izninin rəsmiləşdirilməsi üçün orta müddət üç-dörd ay təşkil edir.

 

İtaliya – illik 30 min avro gəlir

Öz maddi imkanını sübuta yetirə bilən və ölkədə fəal əmək fəaliyyətindən rəsmi şəkildə imtina etməyə hazır olan istənilən əcnəbi İtaliyada muzdlu iş hüququ olmadan yaşayış icazəsini (rəsmi qaydada "seçilmiş yaşayış yeri" adlanır) ala bilər.

Ərizəçi İtaliya hüdudlarından kənarda əldə etdiyi €30 mindən başlayan məbləğdə illik passiv gəlirlərini təsdiqləməlidir. Gəlir mənbələri bank hesabları, dividendlər, royalti, əmək haqqı, təqaüd ola bilər. Gəlirlər haqqında arayışdan başqa, ərizəyə daxil edilmiş bütün ailə üzvləri üçün tibbi sığorta tələb olunur.

Yaşayış izni bir il müddətinə verilir, daha sonra uzadılır. Beş ildən sonra daimi yaşayış yeri üçün, daha beş il sonra isə İtaliya vətəndaşlığını almaq üçün müraciət edilə bilər.

 

Malta – azı 220 min avroluq əmlak

Aİ vətəndaşlığı olmayan ərizəçilər yalnız daşınmaz əmlak alışı və uzunmüddətli icarə müqaviləsi şərtləri ilə işləmək hüququ olmadan Maltada yaşayış izni ala bilər. Ərizəçi Qozo adasında və ya Maltanın cənub hissəsində yaşamağı planlaşdırırsa, bu zaman daşınmaz əmlakın minimal dəyəri €220 min, illik icarəsi €8,75 min təşkil edir. Valettada yaşamağı planlaşdırırsa, məbləğlər müvafiq olaraq €275 min və € 9,6 min təşkil edəcək.

Bundan başqa, ərizəçi €15 min məbləğində illik sabit vergini, habelə ölkəyə gətirdiyi kapitalın 15%-ini ödəməlidir (ikiqat vergilərə yol verilməməsi haqqında qanunda nəzərdə tutulmadığı təqdirdə). Ərizəçi həmçinin təsdiqləməlidir ki, əsas yaşayış yeri kimi Maltada qalmaq fikrindədir, bununla əlaqədar digər bir ölkə ərazisində il ərzində altı aydan çox qalmamalıdır.

 

Monako – azı 500 min avroluq əmlak

Yalnız çox zəngin şəxslər Monakoda yaşayış izni ala bilər. Bunun üçün onlar Monakoda daşınmaz əmlak almalı (yaxud uzunmüddətli icarə müqaviləsi bağlamalı), yerli bankların birində hesab açmalı və həmin hesaba minimum €500 min məbləğ yatırmalıdır. Qanunverici orqanlar minimal məbləğin €1 milyona qədər artırılması məsələsini nəzərdən keçirməkdədir. Həmçinin həmin şəxsin özü və ailə üzvləri üçün tibbi sığortanın alınması da tələb olunur.

 

Fransa – ayda azı 2 min avro gəlir

Fransada işləmək hüququ olmadan yaşamaq imkanı "qonaq vizası" ilə mümkündür. Bu viza ölkə ərazisində şəxsi daşınmaz əmlakı olan (yaxud uzunmüddətli icarə müqaviləsi imzalayan) və iş yerlərinə iddia etməməsi üçün kifayət qədər vəsaitə malik olan şəxslərə verilir.

Minimal vəsait məbləği ərizəçinin özü üçün ayda €2 min, ailə üzvləri üçün əlavə maliyyə vəsaitlərini ehtiva edir. Fransa banklarına qoyulan əmanətlər, habelə ölkə hüdudlarından kənarda əldə edilən biznes gəlirləri gəlir mənbəyi kimi qəbul olunur.

Yaşayış izni bir illik verilir, sonra ərizəçinin ölkə daxilində ən azı yarım il müddətinə qalması şərti ilə bu izn statusu uzadıla bilir. Bu statusda beş il qaldıqdan sonra Fransada daimi yaşayış hüququ əldə etmək üçün sənədləri təqdim etmək olar.

 

İsveçrə - ildə 250 min avro vergi

İsveçrədə işləmək hüququ olmadan yaşayış izni ərizəçi ilə kantonların biri arasında (bu imkanı təmin etməyən Sürix istisnadır) bağlanan müqavilə əsasında verilir. Bu müqavilə €250 min civarında sabit illik verginin kanton büdcəsinə ödənilməsini nəzərdə tutur. Bu məbləğ ərizəçinin özü və bütün ailə üzvləri arasında bölüşdürülür.

Yaşayış izninin saxlanılması və uzadılması üçün bu ölkədə ildə ən azı 183 gün yaşamaq lazımdır. Bu statusda 10 il qaldıqdan sonra (uğurlu inteqrasiya və kantonun dilinə yiyələnmək şərti ilə 5 ildən sonra) daimi yaşayış statusunun əldə edilməsi məqsədi ilə sənədlər təqdim oluna bilər.

OXŞAR XƏBƏRLƏR