“Tufandağ”da şagirdlər üçün pulsuz təlimlərə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə başlanılıb.
Xəbərlər 3 Fevral 2015 00:00 1394
“Tufandağ”da şagirdlər üçün pulsuz təlimlərə başlanılıb

Seyyah.az-ın məlumatına görə, Kompleksin direktoru Əvəz Nəbiyev AzərTAc-a müsahibəsində bildirib ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün kompleksdə hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri tərtib edilmiş cədvələ uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər.

Türkiyədən dəvət olunmuş təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə düz sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilirlər. Kompleksdə şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədilə patrul və sağlamlığı üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək.

Əvəz Nəbiyev deyib ki, ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən bu təlimləri kompleksə dəvət olunmuş Türkiyənin 6 və Azərbaycanın 2 peşəkar təlimçisi həyata keçirir. Təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkil edilməsi və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.

Ə.Nəbiyev qeyd edib ki, bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə inşaat işləri görülür. Ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək yolu süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.

Direktorun sözlərinə görə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən bir il ərzində 140 min nəfər yerli və xarici qonaq bəhrələnib. Qəbələdə qış turizminin inkişafına təkan verən bu kompleksdə yeni xizək mövsümü başlayandan bəri artıq Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 10 minə yaxın xizək həvəskarı Qəbələyə gəlib. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir. Turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər. Turistlər bir nəfər üçün 10 manat pul ödəməklə kompleksin 3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə qət edə bilirlər. Qonaqlar, eyni zamanda, 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı əldə edirlər.

Turistlər xizəkdən istifadə etmək üçün isə yarım gün üçün 20 manat ödəməli olurlar. Hazırda xizək yolunda 5 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Ötən qış mövsümündə isə cəmi bir sürüşmə zolağından istifadə olunurdu.

OXŞAR XƏBƏRLƏR