Azərbaycanda aktiv turizm – dağlar, mağaralar, yürüşlər

Azərbaycanda aktiv turizm – dağlar, mağaralar, yürüşlər
Xəbərlər 2 Iyul 2018 10:18 1810
Azərbaycanda aktiv turizm – dağlar, mağaralar, yürüşlər

Aktiv istirahət dünyada turizmin ən populyar istiqamətlərindən biridir. Məzuniyyətini rahat keçirmək istəyən səyahətçilər də velosiped sürmək, at belində gəzintiyə çıxmaq, yaxud deltaplanda uçmaq təklifindən imtina etməzlər. Azərbaycanda bütün bu və bir çox digər imkanlar mövcuddur.

Alpinizm

Azərbaycanın rəngarəng landşaftının ayrılmaz hissəsi olan dağlıq və qayalıq ərazilər alpinizm və onun tərkib hissələri – qayayadırmanma, buzadırmanma, dağ texnikası, həmçinin dağ və piyada turizminin inkişafına əlverişli şərait yaradır. 

2005-ci ildə yaradılmış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) fəaliyyətində aktiv turizmin bu və bir çox digər növləri öz əksini tapıb. Hazırda bu təşkilat 59 klubu birləşdirir. Bundan başqa, əllidən çox idmançı və qayayadırmanma həvəskarlarını birləşdirən Bakı Dağ İdmanı Klubu da aktiv istirahət və sağlam həyat tərzi keçirmək istəyənləri cəlb edir. Klubun əsas məqsədi alpinizmin və qayayadırmanmanın inkişaf etdirilməsidir.

Qayayadırmanma

Dağlarda aktiv istirahət insanın könlünü açır və bədənə güc verir. Qayayadırmanma isə vaxtını maraqlı keçirmək istəyən həm yeni, həm də təcrübəli insanlar üçün ən maraqlı variantlardan biridir. Bütün qaydalara riayət edildiyi təqdirdə bu idman növü təhlükəsizdir və istənilən yaşda insanlar onunla ilboyu məşğul ola bilərlər. 

Azərbaycanda qayayadırmanma üçün münasib yerlər çoxdur. Məsələn, paytaxtın yaşayış məntəqələrindən biri olan Bakıxanov qəsəbəsində münasib qayalar var. Nardaran qəsəbəsinin yaxınlığında, Xəzərin sahilində də səhərlər dənizdə istirahət etmək, nahardan sonra isə bir neçə qayalıq marşrutu aşmaq üçün yaxşı şərait mövcuddur. Xızı rayonundakı (Bakıdan 104 kilometr məsafədə) Beşbarmaq qayalığından isə dənizə açılan mənzərəni seyr etmək olar. Adətən turistlər buraya gecələmək və çadır qurmaq üçün gəlirlər.

Qayayadırmanma ilə təbiətin qoynuna getmədən də məşğul olmaq mümkündür. FAIREX-in nəzdindəki “ClimBaku” zalında müxtəlif səviyyələrdə qayayadırmanma məşğələləri üçün hər cür şərait yaradılıb. Bundan başqa, paytaxtın “The Club” idman-sağlamlıq kompleksində 9 metr hündürlükdə olan qaya da bu idman növünün həvəskarlarının sərəncamına verilib.

Trekinq və piyada turizmi

Azərbaycanda Avropanın ən yaxşı yüksək dağ mənzərələri var. Trekinq həvəskarları Qafqaz dağlarının meşə vadiləri, mənzərəli dərələri, mağaraları, əzəmətli zirvələri və buzlu göllərinə biganə qala bilməzlər.

İstirahət günləri və daha çox müddət üçün idman və turizm təşkilatlarının təklif etdikləri kəşfiyyat yürüşləri və ekskursiyalar da sizin marağınıza səbəb ola bilər. Peşəkarlar marşrut və lazımi avadanlıq seçməkdə sizə kömək edəcəklər.

Piyada turizm həvəskarlarını Abşeron yarımadasının geniş ərazisində, Bakının yaxınlığında (palçıq vulkanları rayonları, Qobustan qoruğu və s.), həmçinin Azərbaycanın bölgələrində əsrarəngiz təbiət gözləyir. FAIREX assosiasiyası (“Berkut”, “Climb Club”, “Salavat”, “Gilavar”, “Sheki Ama” və “Badabag” klubları) trekinq turizmi marşrutlarının təşkili üzrə ixtisaslaşıb. Həmçinin “Golden Rock Travel”, “Victory Tour”, “Improtex Travel” və digər turizm agentliklərinə müraciət etmək olar.

Səmti müəyyənetmə ilə irəli

Azərbaycanla tanış olmağın daha bir gözəl yolu səmti müəyyənetmə idman növü üzrə tədbirlərdə iştirak etməkdir. Bu tədbirlərin iştirakçıları idman xəritəsinin və kompasın köməyi ilə bu və ya digər ərazidə yerləşən nəzarət məntəqələrini keçməlidirlər. Azərbaycanda bu maraqlı idman turizmi Səmti Müəyyənetmə İdman Federasiyasının (SMEF) səyləri sayəsində inkişaf edir. Qaçışlar həm paytaxtda, məsələn, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, həm də bölgələrdə - Xaçmaz rayonundakı Nabran kurort qəsəbəsi, Qalaaltı (Şabran şəhəri) və digər yerlərdə keçirilir. Federasiya tərəfindən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 marşrut üzrə xəritələr hazırlanıb və istifadə olunur.

Speleoturizm

Azərbaycanda speleoturizmin inkişafı üçün əlverişli mağaralar çoxdur. Stalaktitlər və stalaqmitlərin əhatəsində karst qatı olan quyu, şaxta və uçurumlara yeraltı səyahət aktiv istirahət həvəskarları üçün qeyri-adi macəra ola bilər. Əlbəttə, bu zaman təcrübəli təlimatçının müşayiəti zəruridir. Çünki speleoturizmin spesifik xüsusiyyətləri var. Burada alpinizm, sualtı üzgüçülük, dağ və turizmin digər növləri ilə bir çox ümumi cəhətlər var. Tam qaranlıq, havanın aşağı temperaturu, yüksək rütubətli şərait speleoturistlərin hərəkətini çətinləşdirir, onların texniki və psixoloji hazırlığı üçün xüsusi tələblər qoyur.

Azərbaycanda speleoturizm Hava və Ekstremal İdman Növləri Federasiyasının fəaliyyəti sayəsində inkişaf edir. Turizmin bu növü ilə məşğul olmaq üçün Gədəbəy rayonunun Novosaratovka kəndindən 5 kilometr qərbdə yerləşən Koroğlu mağaralarında, Qobustan rayonunun Sündü kəndinin cənubundakı Qəhlə dağında, Şərur şəhərindəki Hadı Qaib və Həmzə, Ordubad şəhərindəki Kilit, Culfa şəhərindəki Əlməmməd, Babək şəhərindəki Daşqala, Zaqatala şəhərindəki Pəri qalasında hər cür şərait mövcuddur.

Velosiped gəzintiləri

Velosiped təkcə orqanizmi sağlamlaşdırmaq deyil, həm də zövq almaq üçün əla vasitədir. Aktiv istirahətin bu növü ilə məşğul olanların velosipeddən başqa, demək olar, heç bir avadanlığa ehtiyacları yoxdur. Azərbaycanda müxtəlif klubları birləşdirən və velosiped sürmək üçün meydançaları olan Velosiped İdmanı Federasiyası fəaliyyət göstərir.

Bakının Şıx qəsəbəsində dünya standartlarına uyğun velopark, Nəsimi rayonunda isə velotrek var. Şəhərin mərkəzindəki Dənizkənarı Parkda velosiped kirayələmək və təmiz dəniz havası ilə nəfəs alaraq onu bir kilometrdən uzun olan hamar yolla sürmək olar.

Azərbaycanın bir çox ayrı-ayrı komplekslərində də velosiped kirayəsi xidmətləri göstərilir. Bu velosipedləri həm otel ətrafında, həm də meşələri və təpələri aşaraq cığırlarda sürmək olar.

Kartinq

Azərbaycanlılar sürəti sevirlər. Təsadüfi deyil ki, 2016-cı ildən Bakıda Formula 1 yarışlarının Azərbaycan Qran-Prisi keçirilir. Əgər özünüzü yarış trasında sınamaq istəyirsinizsə, paytaxtın Su İdmanı Sarayının ərazisində yerləşən Kartinq Mərkəzinə gələ bilərsiniz.

Mərkəzin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana bilər. Mərkəzin sərəncamında Fransanın “Sodi Karts” şirkətinin kartları da var. Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Yaşı və təcrübəsinə müvafiq olaraq, iştirakçılardan hər biri müvafiq kart seçir. Təzə gələnlər ikiyerli kartdan da istifadə edə bilərlər. Kartinq Mərkəzində peşəkar pilot kursları da fəaliyyət göstərir və müxtəlif yaş kateqoriyasından olan pilotlar arasında yarışlar keçirilir. Bu yarışlarda həm təcrübəli pilotlar, həm də gənc sürücülər iştirak edə bilər.

Nəhayət, siz 4 min kvadratmetrlik ərazisi olan özəl “Baku Karting & Event Center”ə gələ bilərsiniz. Burada asfalt tras çəkilib, Almaniyanın aparıcı “Rimo” istehsalçısının yeni peşəkar kartlarından ibarət maşın parkı var. Sükan arxasına keçməzdən əvvəl yetkinlər və uşaqlar Mərkəzin nəzdindəki sürücü kursunda təlimat ala bilərlər.

“Champion Sports bar & Restaurant” restoranı isə qəlyanaltı etmək istəyənlərin xidmətindədir. Buradan trasa açılan mənzərə sayəsində siz yarışları izləyər, ləzzətli yemək və içkilərin dadına baxa bilərsiniz.

Avtomobil və motosiklet safarisi

Azərbaycana səyahət zamanı ölkənin dilbər guşələrində cəlbedici və ecazkar avtomobil safarisindən istifadə etməyi unutmayın. Baharın sonu, yay və payızın əvvəli bunun üçün əlverişli vaxtdır. Azərbaycanda avtomobil safarisi ölkə boyu “Jeep” və motosikletlərlə qısamüddətli və çoxgünlük turlardan ibarətdir. Bu turlar zamanı ölkənin ərazisi və əhalisi ilə tanışlıq imkanı əldə edəcəksiniz.

Bu gün bir çox turizm şirkətləri sizə bu imkanları təqdim edir. Onlardan biri də “Improtex Travel”dir. Şirkətin mütəxəssisləri Azərbaycanın dağ kəndlərinə ”Jeep” və motosikletlərlə müxtəlif safari turları hazırlayıblar. Öz avtomobili ilə səyahət etməyi sevənlər üçün şirkət nəzərdə tutulan trasın ətraflı göstərildiyi xəritə, marşrut üzrə proqramların hazırlanmasına yardım, yüksəkixtisaslı bələdçilər, təlimatçı və texniki işçilər təqdim edir. Onlar turistləri bütün marşrutboyu müşayiət edirlər. Çətin dağ yolları, vəhşi təbiətin gözəllikləri və yerli sakinlərin qonaqpərvərliyi təkərlər üzərində səyahət edən cəsarətli səyahətçilərin marşrutunu daha xoş və mənalı edəcək.

Şamaxı, Quba, Salyan (Şirvan Milli Parkı) və digər yerlərdə də safari marşrutlarının təşkili üçün əla şərait mövcuddur.

OXŞAR XƏBƏRLƏR