Rahatlığı detallarda axtarın-kodlar biz nə deyir?

Kodlar vasitəsilə otaqların necə yerləşməsini, ölçülərini, nömrələrdə göstərilən xidmətlərin çeşidini və səviyyəsini əvvəlcədən bilmək olar.
Xəbərlər 30 Yanvar 2014 00:00 2239
Rahatlığı detallarda axtarın-kodlar biz nə deyir?

Ailə üzvlərinizlə birlikdə çoxdan planlaşdırılan səfərə gedirsiniz. Səyahəti, istirahəti harada keçirəcəyinizi, necə dincələnəcəyinizi müəyyənləşdirmisiniz. Təkcə istirahət mərkəzinə və ya otelə tezlikdə çatıb, gözəl təbiətdən həzz almaq qalır. Amma…


İstirahət yerinə çatanda məlum olur ki, siz oteldə ən pis otaqda, pəncərələri qonşu binanın arxasına baxan və qətiyyən gün düşməyən tərəfdə qalacaqsınız. Və ya sizin üçün ayrılan nömrə otelin əsas binasında yox, ondan 100 metr məsafədəki kiçik tikilidədir. Nəticədə hər gün səhər yeməyinə gəlmək üçün müəyyən məsafə qət etməli, və ya nəsə lazım olanda xidmətçiləri xeyli gözləmək lazım olur. Bir sözlə çoxdan gözlənilən istirahət korlanır.


Bu savadsız turizm kadrlarının müştərilər üçün yaratdığı problemlərdən biridir. Çünki belə vəziyyətin səbəbi səyahətin seçildiyi turizm şirkətindən başlanır. Müştəri turizm şirkətində səyahəti ona göstərilən qiymət və şəkillər əsasında seçir.


Amma otaqların satışı sistem vasitəsilə həyata keçirilir. Bu sistemdə isə otaq barədə məlumatlar adi qaydada, yəni mətn formasında yox, kodlar formasında olur. Amma bəzən nə müştəri, nə də şirkətin əməkdaşı bu otaqların qarşısındakı abberviaturalara və ya kodlara diqqət yetirmir. Halbuki bu kodlar və hərflər nömrə barədə şəkillərdən daha çox məlumat verir. Bu kodlar vasitəsilə otaqların necə yerləşməsini, ölçülərini, nömrələrdə göstərilən xidmətlərin çeşidini və səviyyəsini əvvəlcədən bilmək olar. 

 

Məsələ bundadır ki, turizm sektorunda, o cümlədən otelçilikdə səyahətin təşkili, o cümlədən oteldə yerləşmə ilə bağlı çoxsaylı variantlar var. Məsələn müştərilər oteldə, ondan kənardakı bunqalada, kottecdə, villada və s. yerləşə bilər. Otelin öz daxilində nömrələrin müxtəlif növləri mövcuddur. Buradakı şərait və xidmətlər bir-birindən ciddi surətdə fərqlənir.

Bu fərq isə özünü səyahətin və ya nömrədə yaşamağın qiymətində göstərir. Yerləşməsinə və ya mənzərəsinə görə, otellərdəki ayrı-ayrı nömrələrin qiymətləri digər nömrələrdən ciddi şəkildə, hətta bir neçə dəfə fərqlənə bilər.

 

Bütün bu detallardan xəbəri olmayan turizm şirkətinin əməkdaşı sistemdə çox ucuz nömrə tapır və onun nəyə görə belə ucuz olduğunu bilmədiyinə görə, həmin nömrəni müştəriyə adi otaqların qiymətinə təklif edir. Müştəri otelə çatanda isə yuxarıdakı vəziyyətlə üzləşir. Yəni məlum olur ki, onları otelin əsas binasında yox kənardakı kiçik bir evdə yerləşdiriblər. Və ya onun otağının pəncərəsi dəniz əvəzinə hansısa zibilliyə və ya qonşu binanın divarına baxır. Müştərinin narazılığı sonradan həm turizm şirkətinin, həm də qəbul edən otelin probleminə çevrilir. Başqa sözlə, həm müştərinin istirahəti, həm də şirkətlərin işi pozulur.

 

Mütəxəssislərin fikrincə, burada əsas məsuliyyət turizm şirkəti işçilərinin üzərinə düşür. Belə ki, müştəri belə detallardan (yəni kodlardan) xəbərdar olmaya bilər və adətən seçim zamanı turizm əməkdaşına etibar edir. Əməkdaşın savadsızlığı və ya məsuliyyətsizliyi isə sonradan bütün problemlərin yaranması ilə nəticələnir.


Bunun nəticələri isə turizm şirkətinin özü üçün pis olur. Səyahəti pozulan müştəri bir daha onun xidmətlərindən istifadə etmir. Yəni diqqətsizlik şirkətin müştərisinin azalmasına səbəb olur.


Müştərilər və turizm şirkətlərinin əməkdaşları bu üsuldan əks istiqamətdə də istifadə edə bilərlər. Məsələn, hansısa oteldəki nömrələrin birində mənzərə o qədər də yaxşı olmadığına görə, onun qiyməti adi nömrələrdən xeyli aşağıdır. Turizm şirkətinin işçisi bu barədə müştərinin fikrini soruşa bilər, ola bilsin ki, müştəri iş məqsədilə səfər etdiyinə görə, onun üçün otaqdan açılan mənzərənin əhəmiyyəti olmasın, belə halda o keyfiyyətli oteldə nisbətən yaxşı qiymətə yerləşə bilər.

 

Belə detalların səfər üçün əhəmiyyətini nəzərə alaraq «Evimiz Azərbaycan» otel nömrələri ilə bağlı bəzi göstəriciləri təqdim edir.

 

BİNALARIN KATEQORİYASI

 

MB – (main building) -  otelin əsas binası,

BGL, BG (bungalow) -  bunqala (birmərtəbəli yay evi), əsas binadan kənarda yerləşən tikili. Daha çox tropik və cənubi ölkələrdə təklif olunur.

Chale – kiçik kənd evi və ya otelin əsas binasına bitişik tikili, adətən dağlarda tikilir və 2 və ya daha çox otaqdan ibarət olur.

Cabana– çimərlikdə və ya hovuzun kənarında bunqala formasında tikili

Cottage – kottec.

Villa – villa, adətən ikimərtəbəli, ayrıca bağçası və hovuzu olan ayrıca ev.

 

NÖMRƏLƏRİN KATEQORİYASI

 

STD – standart, standart nömrə.

BDR, BDRM – bedroom, ayrıca yataq otağı olan nömrə.

Superior – standart nömrədən böyük olan nömrə.

Corner room – küncdə yerləşən otaq.

Family room – standart nömrədən böyük olan ailəvi nömrə, 4-dən çox adam yerləşdirilə bilər, adətən öz qonaq və yataq otağı olur.

Sitting area –  istirahətzonası, nömrənin kreslo, jurnal stolu, bəzən divan yerləşən hissəsi.

 

Suite – suit, yüksək komfortlu nömrə, adətən bu istirahət zonası olan böyük otaqdır.

Suitlərin bir neçə kateqoriyası mövcuddur:

Mini Suite – daha yaxşı nömrə (Superiordan yaxşı).

Junior Suite – yüksək komfortlu nömrə: adətən pərdələnmiş yataq yeri olan böyük və komfortlu otaq.

Senior Suite – yüksək komfortlu nömrə, adətən ikiotaqlı: qonaq və yataq otaqları olan.

Executive Suite –iki yataq otaqlı suit.

King Suite – «kral suiti», 2 yataq otağı, qonaq otağı, danışıqlar aparmaq üçün otağı və ya kabineti olan suit.

 

Studio – standart nömrədən böyük olan birotaqlı nömrə, adətən otaqla birləşdirilmiş kiçik mətbəxi olur.

APT (apartment) – otellərdə yaşayış yerindən əlavə bir küncündə mətbəx avadanlıqları və ləvazimatı – qab-qacaq, elektrik plitəsi, çaynik - quraşdırılmış otaq. Belə nömrələr kiçik uşaqlarla birlikdə istirahət edənlər və uzun müddət yaşamaq üçün əlverişlidir. Apartamentlərdə yataq otaqlarının sayı fərqli ola bilər.


Məsələn:      1 BDRM – bir yataq otaqlı

                    2 BDRM  - iki yataq otaqlı

 

De luxe – yüksək komfortlu nömrələr, sahəsi superiordan böyük olur.

Business – ofis texnikası (kompüter, faks aparatı) və çoxkanallı telefonla təmin olunmuş böyük nömrə. İş adamlarının işdən ayrılmadan istirahəti üçün nəzərdə tutulur.

Honeymoon room – yeni evlənənlər üçün nömrə.

Connected rooms – bir-birinə keçidi olan bitişik nömrələr.

Duplex– ikimərtəbəli nömrə.

President – otelin ən dəbdəbəli nömrələridir. Bir neçə yataq otağı, kabinet, 2-3 ayaqyolu.

Balcony room – balkonlu nömrə

Executive floor – oteldə daha yüksək xidmət səviyyəsi ilə fərqlənən bir və ya bir neçə mərtəbə.

 

PƏNCƏRƏDƏN GÖRÜNÜŞ  


ROH  (run of the house) – nömrənin növü və pəncərədən mənzərəni dəqiqləşdirmədən oteldə yerləşdirilmə

BV  (beach view) -  çimərliyə mənzərəsi olan nömrə

CV  (city view) -  şəhərə mənzərəsi olan nömrə

DV  (dune view) -  qumluqlara mənzərəsi olan nömrə

GV  (garden view) – bağa mənzərəsi olan nömrə

LV  (land view) -  ətrafa mənzərəsi olan nömrə

MV  (mountain view) -  dağlara mənzərəsi olan nömrə

OV  (ocean view) -  okeana mənzərəsi olan nömrə

PV  (pool view) – hovuza mənzərəsi olan nömrə

RV  (river view) -  çaya mənzərəsi olan nömrə

SF, FV  (sea front, front view) -  dənizə birbaşa mənzərəsi olan nömrə

SSV  (sea side view) -  dənizə yandan mənzərəsi olan nömrə

SV  (sea view) -  dənizə mənzərəsi olan nömrə

VV  (valley view) -  vadiyə mənzərəsi olan nömrə

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR