“Aquapark”dakı ölümün - TƏFƏRRÜATI

“Aquapark”dakı ölümün - TƏFƏRRÜATI
Xəbərlər 7 Iyul 2018 11:14 801
“Aquapark”dakı ölümün - TƏFƏRRÜATI

 

Novxanıda yerləşən “AF Hotel & Aquapark” əyləncə mərkəzində gənc oğlanın ölümünə qıcolma səbəb olub. 

Səyyah.az turizm portalı xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında mərkəzin icraçı direktoru Azər Alıyevdeyib. Qeyd edək ki, dünən mətbuatda 1983-cü il təvəllüdlü Zamiq Nağıyevin attraksiondan yıxılaraq öldüyü haqda xəbərlər yayılmışdı. Bundan başqa, Nağıyevin qardaşı Nicat Nağıyev Qafqazinfo-ya açıqlamasında başqa iddia irəli sürüb. Qardaşı Nicat Nağıyev mərhumun qıcolma və ya hər hansı bir xəstəliyinin olmasını qəti qəbul etmir. Mərkəzin təhlükəsizlik kameralarına baxan N. Nağıyev hadisəni belə şərh edib:

“Zamiq saat 13:36-da “Aqua park”a gəlib, hadisə isə 15:07-də baş verib. Attraksionun yuxarısında və ya aşağısında, ümumiyyətlə istirahət mərkəzində  nəzarətçi yoxdur. Buna səbəb kimi insanların nəzarətçinin sözünə baxmamasını göstərdilər. Dedilər ki, zırpı-zırpı oğlanlar çimir, mühafizəçi də onlara bir söz deyəndə problem yaradırlar. Videodan görünür ki, Zamiq attraksionun aşağısında çimir, bu zaman yuxarıdan hələ ki, şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Daha sonra, Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxarır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər.

Özüm hüquqşünasam, maraqlandığım zaman məlum oldu ki, mərkəzdə nə həkim, nə nəzarətçi, nə mühafizəçi olub. İlkin tibbi yardımı belə hovuzda çimən şəxslər edib. 

Orada sürüşən şəxs də aşağıda kiminsə olub olmadığını görə bilmir. Onlara nəzarətçilər xəbərdarlıq etməlidir. 35 yaşlı biri 1.30 metrlik hovuzda boğula bilməz”. 

N. Nağıyev qeyd edib ki, bu məsələni boş buraxan deyil:

“Bu, 3-cü hadisədir, artıq nəsə bir tədbir görmək lazımdır. 6 nəfərin izahatını alıblar heç birinin əmək müqaviləsi yoxdur. Elə bu şirkətin əmək məcəlləsində 100-120 min mülki məsuliyyəti var. Elə bir yerdə istirahət etməyi heç kimə məsləhət görmürəm. Hər an hər şey ola bilər”.

Hotelin direktorunun sözlərinə görə, bu informasiyalar həqiqəti əks etdirmir. 

“Faktla bağlı cinayət işi başlanıb. Prokurorluğun əməkdaşları hadisənin təfərrüatını araşdırır və mən hər şeyi deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, Nağıyev və dostları bir-biri ilə zarafat edirmiş.

Bu zaman Nağıyevin dili qatlanıb. Ona dərhal ilk yardım göstərilib. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - Alıyev bildirib. 

Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır.

OXŞAR XƏBƏRLƏR