Naxçıvanda da xizək kurortu tikilir - YENİ LAYİHƏ

Naxçıvanda da xizək kurortu tikilir - YENİ LAYİHƏ
Xəbərlər 18 Iyul 2018 11:29 506
Naxçıvanda da xizək kurortu tikilir - YENİ LAYİHƏ

 

İyulun 17-də Naxçıvan Muxtar Respublikasının Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub.

FED.az xəbər verir ki, Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Təməlatma mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. 

Məlumat verilib ki, mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılacaq. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaq. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcək.

Tikinti işləri dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçiriləcək. Şirkətin mühəndisi Xavier Goya deyib ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ərazinin relyefi və iqlim xüsusiyyətləri bunun üçün geniş imkanlar açır. Layihələndirmə işləri aparılarkən bu amil əsas götürülüb. Şirkət 35 ildir dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirir.

Ağbulaq kəndində turizmin inkişafı üçün başqa işlər də görülür. Muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda bu ildən etibarən bütün evlərin dam örtüyü dəyişdirilir, fasadlar yenilənir, yararsız tikililər sökülür, həyətlərdə abadlıq işləri aparılır və çəpərlənir, lazımi kommunal-məişət şəraiti yaradılır. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilir. Həyata keçirilən tədbirlər, zəngin təbii turizm ehtiyatları və müasir sosial infrastruktur Ağbulaqda kənd turizminə üstünlük verənlər üçün ideal şərait yaradır.

Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mətləb Məmmədov deyib ki, Ağbulaq sakinləri öz evlərini turistlərə kirayə verməklə və onları gündəlik qida məhsulları ilə təmin etməklə yaxşı gəlir götürəcəklər.

OXŞAR XƏBƏRLƏR