“Əgər 3-4 nəfərə 3 saat ərzində viza versəm, bütün Azərbaycan gələcək ki, “mənə də üç saat ərzində viza ver””
Avropaya səfər etmək arzusunda olanlar bu qitənin ölkəmizdəki səfirliklərinə müraciət edərək, şengen vizası almaqla istəklərinə nail ola bilərlər. Amma bir sıra səfirliklər bəzən heç bir əsas göstərmədən də viza verməkdən imtina edir.
Son zamanlar Azərbaycandan İtaliyaya üz tutanlar daha çoxdur. Ona görə yox ki, azərbaycanlıları italyanlara çox bənzədirlər və yaxud Neapolu bir zamanlar Bakıyla müqayisə edirdilər. Çünki İtaliya səfirliyi yeganə diplomatik korpusdur ki, çox az hallarda şengen vizası ilə bağlı müraciət edənlərə “yox” deyir və səfərə getmək istəyənlər vizaya qısa zamanda sahib ola bilirlər. Deyilənləri nəzərə alıb, İtaliyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin rəhbəri Luçiano Lazaraçina ilə görüşərək, həm də yeni yaradılmış Visametric İtaliya Viza Mərkəzi, onun fəaliyyəti barədə söhbət etdik.
Seyyah.az Luçiano Lazaraçinanın Modern.az saytına müsahibəsini təqdim edir.
- Cənab Lazaraçina, Bakıdakı Visametric İtaliya Viza Mərkəzi nə zaman və nə üçün yaradıldı?
- Mərkəz keçən ilin avqust ayından fəaliyyət göstərir. Visametric İtaliya Viza Mərkəzi tək Azərbaycanda deyil, İtaliyanın səfriliyi olan bütün ölkələrdə açılıb. Mərkəz səfirliyə kömək məqsədilə yaradılıb. Yəni bu mərkəz İtaliya səfirliyi tərəfindən təsdiq olunmuş yeganə şirkətdir. Bu ofisdə sadəcə olaraq sənədlərin qəbulu həyata keçirilir. Gün ərzində yığılmış sənədlər səfirliyə göndərilir, sonra baxılır, kimə viza verilib-verilməyəcəyi qərara alınır. Viza nə vaxt və neçə müddətlik veriləcək, bütün qərarlar konsulluqda baş verir.
Sənədlərin qəbulu üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Visametric İtaliya Viza Mərkəzinin dörd dildə (www.visametric.az) internet saytı fəaliyyət göstərir. İstənilən şəxs istər qeydiyyata düşmək üçün saytın müvafiq bölməsindən ərizəni doldura, yaxud mərkəzə zəng edə, yaxud da birbaşa ofisimizə gələ bilər. Mərkəzdə 5 pəncərə istifadəyə verilib. Əgər müraciət edənlərin sayı çox olarsa, digər pəncərələrdən də istifadə edilir. Gələn şəxs qeydiyyatdan keçib nömrə alıb öz növbəsini gözləyir. Bəzən insanlar uşaqlarla gəlməli olurlar. Biz bunu nəzərə alaraq gözləmə salonunun bir künçündə balacalar üçün ayrıca guşə ayırmışıq ki, uşaqlar bu vaxt ərzində darıxmasın, həmçinin valideynlərini, qonaqları incitməsinlər. Gözləmə salonundakı müraciətçilər isti və soyuq su içə, ayaqyolundan istifadə edə bilərlər. Onu da deyim ki, gözləmə salonunda qonaqlara və menecerlərə mane olmamaq üçün telefondan istifadəyə icazə verilmir.
- Əvvəllər viza almaq üçün ərizələri səfirliyin konsulluq şöbəsi qəbul edirdi. İndi bu prosesi bu mərkəz həyata keçirir. Mərkəzin konsulluqdan fərqi, nə kimi üstün çəhəti var?
- Mərkəz yaradılmamışdan əvvəl viza üçün müraciət edənlər səfirliyə üz tutmalı olurdu. Bayram ərəfəsində də yüzlərlə insan müraciət edirdi. Səfirliyin viza şöbəsinin əməkdaşlarının sayı məhdud olduğundan, fiziki olaraq bunu çatdıra bilmirdik. Səfirliyə, işimizə kömək olsun deyə, bu mərkəz yaradıldı. Bayaq da dediyim kimi sənədlərin qəbulu və geri qaytarılması səfirlikdə deyil, bu mərkəzdə həyata keçirilir. Yəni indi insan axını bura gəlir.
- Yeni viza prosedur qaydaları müvəqqəti xarakter daşıyacaq, yoxsa bu daimi olacaq?
- Nə qədər ki, İtaliyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərəcək, bu mərkəz də onunla birgə fəaliyyətini davam etdirəcək. Və ya o vaxta qədər ki şengen vizası bizə gərək olmayacaq. Yəni Azərbaycan Avropa İttifaqına daxil olacaq.
- Mərkəz daha çox hansı tipli səfərlər üçün viza verir?
- Bir çox tipli vizalar üçün ərizələr qəbul edilir. Bunların arasında daha çox turizm vizası üçün müraciət edənlərin sayı deyərdim 60 faiz təşkil edir. İşgüzar səfərlər üçün müraciət edənlər 30 faizdir.
- Digər şengen ölkələri kimi burda da eyni sənədlər tələb edilir?
- O biri ölkələrdən fərq yoxdur. Mən insanlara kömək etməyə çalışıram. Bankdan arayış təqdim olunmasını tələb edirik. Amma mən son 6 ay ərzində bankdan çıxarış tələb etmirəm. Çünki bilirəm ki, burada çox zaman insanlar pullarını banka qoymur. Nəğd puldan istifadə etməyə üstünlük verirlər. Bu kimi məsələlərdə güzəştlər edirik. 4 ildən çoxdur Azərbaycanda olduğum və insanların mentalitetini bildiyim üçün çalışıram kömək edim.