Top-10-Rest- Azərbaycanın ən böyük istirahət mərkəzi

Seyyah.az bölgələrdə ən böyük turizm obyektlərini müəyyənləşdirib
Xəbərlər 1 Fevral 2014 00:00 12322
Top-10-Rest- Azərbaycanın ən böyük istirahət mərkəzi

Seyyah.az bölgələrdə ən böyük turizm obyektlərini müəyyənləşdirib. Azərbaycanın regionlarında ən böyük istirahət mərkəzləri və otellər turistlərin daha çox üz tutduğu yerdə - şimal bölgəsində toplanıb. Təsadüfi deyil ki, reytinqimizdəki 10 turizm obyektindən 8-i Xaçmaz və Qəbələdədir. Beləliklə...

 

 

  1. "Atlant" istirahət və əyləncə mərkəzi  - 176 otaq (640 yer)

Azərbaycanın regionlarında ən böyük istirahət mərkəzi və ümumiyyətlə ən böyük turizm obyekti Xaçmazın Seyidlərkəndyeri kəndində yerləşən  "Atlant" istirahət və əyləncə mərkəzidir. Mərkəzə gəlməzdən əvvəl fikirləşin ki, geri qayıdanda uşaqları akvapark və hovuzlardan necə ayıracaqsınız. Ekzotikanı sevənlər də razı qalacaqlar - onları qeyri-adi bar - yelkənli qayıq qarşılaşacaq. 550 nəfərlik diskoteka isə stressi unutdurmalıdır.

 

  1. "Dostluq" turist bazası - 137 otaq (405 yer)

Çoxsaylı istirahət mərkəzləri ilə məşhur Nabran qəsəbəsinin ən böyük nümayəndəsi "Dostluq" turist bazası AHİK-nin Turizm və Ekskursiyalar Şurasının tərkibindədir. 1975-ci ildə yaradılmış və o zaman Azərbaycanın ən böyük turizm obyekti sayılan «Dostluq» turist bazası bu gün də yerini qoruyub saxlayır.

 

  1. "Qafqaz River Side"- 161 otaq (386 yer)

Qəbələdə yerləşən və 2010-cu ildə istifadəyə verilmiş 5-ulduzlu  "Qafqaz River Side" oteli ölkənin regionlarında ən müasir istirahət obyektlərindən biridir. 7 mərtəbəli əsas korpus və kotteclərdə eyni vaxtda 400 nəfərə yaxın qonaq istirahət edə bilər. Müxtəlif səviyyəli nömrələrlə yanaşı oteldə 5 "Kral suit"i də var.

 

  1. "Xəzər" turist bazası - 97 otaq (381 yer)

Xaçmaz rayonunun digər təmsilçisi "Xəzər" turist bazası rayonun Şimali qəsəbəsində yerləşir. Hələ sovet dövründən ailəvi istirahət məkanı kimi nəzərdə tutulub. Orta hesabla hər nömrə 4 yerlikdir.

 

  1. "Malibu" istirahət mərkəzi - 74 kottec (332 yer)

Bakıdan 185 km məsafədə Nabranın Seyidli qəsəbəsində yerləşən "Malibu" istirahət mərkəzi gözəl istirahət məkanıdır. «Özünüzü meşədə, dəniz sahilinin yaxınlığında lüks kotteclərdə rahat hiss edəcəksiniz»-deyə mərkəz haqda yazılır  

 

  1. "Çinar Hotel & Spa Naftalan"- 170 otaq (312 yer)

Sovet dövründən "Çinar sanatoriyası" adı ilə məşhurlaşan, sonra isə yenilənərək 5 ulduz otel səviyyəsinə gətirilmiş "Çinar Hotel & Spa Naftalan" hoteli Naftalan şəhərinə sanki göydən düşüb. Əla ekoloji şəraitdə yerləşən otel əsasən müalicə üçün nəzərdə tutulur - burada Naftalan neft vannalarının köməyi ilə 70-dən artıq xəstəlik müalicə olunur. 

 

  1. "Duzdağ" Otel- 135 otaq (310 yer)

Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən "Duzdağ" oteli əvvəllər sanatoriya olub və eyni adlı fizioterapiya  mərkəzinin yaxınlığında yerləşir. Amma oteldə yaradılan şərait müalicəni unutdura bilər - müxtəlif səviyyəli nömrələrlə yanaşı, 1 «King Suit» (Kral Dairəsi) və 7 villa da var.

 

  1. "Palma" istirahət mərkəzi - 43 kottec (287 yer) 

"Palma" turistik kompleksi Xəzər dənizinin sahilində, Nabran rayonunda yerləşir. Kompleksin ümumi ətrafında nadir və gözəl ağaclardan ibarət ecazkar meşə salınıb. "Palma"da sağlam istirahət üçün hər şey var - dəniz suyu, təmiz hava...

 

  1. "Qafqaz Resort Hotel" - 109 otaq (268 yer)

Qəbələ şəhərinin şimal hissəsində, Qəbələ istirahət zonasında yerləşən «Qafqaz Resort Hotel» regionlardakı ən komfortlu otellərdən biridir. Otel dağlıq ərazidə yerləşir. Qonaqlar burada Dəmiraparan çayının sularından və Böyük Qafqaz dağlarının yaşılı meşələrindən ləzzət alacaqlar.

 

  1. "Yeddi Gözəl" - 80 otaq (220 yer)

Azərbaycanın regionlarında 10-cu ən böyük istirahət mərkəzi olan «Yeddi gözəl» Qəbələnin ən gözəl guşələrinin birində - Vəndam kəndində yerləşir. Mərkəzi hər tərəfdən heyranedici təbiət gözəllikləri, gur sulu şəlalələr, sıx meşə əhatə edir. Rahat və komfortlu otaqlar, idman zalları, böyük açıq hovuz, oyun meydançası, çardaqlar, terraslar və s. qonaqları gözləyir. 

OXŞAR XƏBƏRLƏR