Paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində, Əhəd Yaqubov küçəsində köhnə “İnturist”in üslubunda yeni “İnturist” mehmanxanası inşa olunur.
Seyyah.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər. Hazırda binanın tikinti işləri yekunlaşmaq üzrədir, daxili tamamlanma və fasad işləri aparılır. Beşmərtəbəli mehmanxananın inşasında innovativ tikinti materiallarından istifadə olunub, inşaat işləri müasir standartlara uyğun aparılıb. Layihəyə görə, mehmanxana 160 nömrədən ibarət olacaq.
Qeyd edək ki, əvvəlki “İnturist” mehmanxanası 1934-cü ildə dünya şöhrətli memar Aleksey Şusevin rəhbərliyi ilə ucaldılmışdı. Mehmanxanada cəmi bir dəfə - 1988-ci ildə əsaslı bərpa işləri aparılmışdı. 2005-ci ildə mehmanxanada baş verən güclü yanğından sonra isə demək olar ki, bina tamamilə yararsız hala düşdüyü üçün sökülmüşdü.