Azərbaycana gələn ərəblərə XÜSUSİ TƏKLİFLƏR – 2 manata görə 20 manat

Azərbaycana gələn ərəblərə XÜSUSİ TƏKLİFLƏR – 2 manata görə 20 manat
Xəbərlər 9 Avqust 2018 14:52 109
Azərbaycana gələn ərəblərə XÜSUSİ TƏKLİFLƏR – 2 manata görə 20 manat

Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır. 

Səyyah.az turizm portalı ARB TV-yə istinadən xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

Qeyd edək ki, son illər Qubaya gələn turistlərin sayı artıb. Onlar daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır.

Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.

“Hər bir xidmət obyektində, kafedə, restoranda menyu, kalkulyasiya cədvəli olmalıdır. Demək olar ki, Qubanın əksər ictimai iaşə müəssisələrində ya menyu ya da kalkulyasiya cədvəli yoxdur. Bir çaynik çay 15 manata. Bir şiş kabab 8 manata. Kassa aparatı və ya digər bir ödəniş aparatının olmaması təsüf doğurur”, - deyə turizm eksperti Həzrətqulu Əhmədov bildirib.

Turizm ekspertləri ictimai nəzarət postlarının yaradılmasını təklif edirlər. Restoranlarda menyuların hazırlanmasına və tətbiq edilən qiymətlərə güclü nəzarət edilməlidir ki, Azərbaycan digər turizm ölkələri arasında nüfuzunu artıra bilsin.

Hər halda bu gün 5 manat artıq qazanmaq istəyən sahibkarlar bilməlidir ki, bu gəlirin daimi olması üçün turistləri aldatmaq yolverilməzdir. Xüsusilə də, əcnəbi turistləri. Heç kim bir dəfə aldadıldığı yerə ikinci dəfə üz tutmur.

OXŞAR XƏBƏRLƏR