Turizm, alma bağları və kənd evləri – QUBADA ƏMLAK NİYƏ BAHALAŞIR

Turizm, alma bağları və kənd evləri – QUBADA ƏMLAK NİYƏ BAHALAŞIR
Xəbərlər 15 Avqust 2018 14:44 865
Turizm, alma bağları və kənd evləri – QUBADA ƏMLAK NİYƏ BAHALAŞIR

 

Qubada kirayə evlərin günlük qiyməti  10%-ə qədər bahalaşıb. Quba ölkənin artıq inkişaf etmiş turizm zonası olduğundan onun əmlak bazarı da digər ərazilərdən həm qiymətinə, həm də əmlakların çeşidinə görə fərqlənir. FED.az  Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz əmlak” jurnalına istinadən bildirir ki, son 2 ildə Qubada evlərin və torpaqların qiymətində qəyişiklik olmayıb. Səbəbi tələbatın böyük olmamasıdır. Bahalaşma əsasən turizm üçün nəzərdə tutulan torpaqlar və kirayə evlərdə müşahidə edilir. 
 
Kənd evləri neçəyə kirayə verilir?
 Rayonda əmlak xidməti göstərən rieltor Elnur Ağayev bildirib ki, bahalaşma daha çox Qəçrəş zonasında müşahidə edilir: «Turizm mövsümü başladığı üçün ev sahibləri günlük evlərin qiymətlərini təxminən 10% qaldırıb». Kirayə qiymətinin artması ən çox minimal şəraiti  olan evlərdə müşahidə edilir. Hazırda onların günü 70-80 manatdan başlayır.

Rieltorun sözlərinə görə, gündəlik evlər əsasən turistlərin daha çox üz tutduğu Xınalıq, Qələduz  və Qəçrəş zonalarında verilir. Qışda bu evlərin günlük kirayəsi 40-60 manat olur. Bunlar yataq otaqları, mətbəx, ev və mətbəx əşyaları, kommunal infrastrukturu olanlardır. Bəzilərində internet də var, amma internetin olması qiymətə təsir etmir.

Daha yaxşı təmiri və həyatyanı sahəsi olan evlər isə günü 100-120 manatdan kirayəyə verilir. Belə evlərin həyətində əyləncə vasitələri və piknik zonası da olur. İstirahət zonalarına yaxın ərazilərdə isə 3 otaqlı evlərin gündəlik kirayəsi  160 manata,  4 otaqlı 190 manatadır. Belə evlərdə 6 nəfərədək turist, hətta 2 ailə də qala bilər. 
 
Çox qalan az ödəyir
Qubada kənd evləri ilə yanaşı geniş və lüks şəraiti olan villalar da kirayələmək mümkündür. Onların gündəlik kirayə haqqı 150 manatdan başlayaraq 400-500 manata qədər artır. Məsələn, 2 sot torpağı olan villalar 140-150 min manata satılır.  Torpağı 5-6 sot olanda isə qiymət 200 min manata qalxır. Villaları əsasən Bakıdan gələn vətəndaşlar alır.
 
Həmin evlərdə çoxsaylı otaqlar, bəzi otaqlarda ayrıca hamam olur, cakuzi, hovuz quraşdırılır. Ev bütün məişət əşyaları ilə təchiz edilir, mansardda oyun qurğuları, televizorlar və istirahət üçün digər şəraitlər olur.
 
Villalar mənzəsinin gözəlliyi, yerləşdiyi məkanın təbiətə daha yaxn olması ilə fərqlənir. Burada həyətdə manqal, samovar, əyləncə məkanları  olur. Bəzi villalarda həyətdə hovuz da olur, onlar günlük 550-600 manata verilir.
 
Onu da deyək ki, turistlərin qaldığı müddət artdıqca gündəlik qiymət azalır.  Evi 10-15 günlük və ya 1 aylıq kirayələmək istəyənlərə 10-20% endirim edilir.
 
Qubanın mərkəzində isə günlük evlərə tələbat yoxdur, burada evlər aylıq kirayə verilir. Əmlak satışı ilə məşğul olanlar deyir ki, belə evlərin kirayə haqqı dəyişməyib. Mərkəzdə evlərin aylıq kirayəsi 100-150 manatdan başlayır. Bunlar əsasən 3 otaqlı (Qubada evlər 3 otaqdan başlayır) orta təmirli, təchizatı zəif olan evlərdir. Ən bahalı evlər isə 500 manata kirayə verilir. Onların otaqları çox, yaxşı təmirli və həyətyanı sahəsi daha geniş olur.
 
Ev satışlarında kəskin fərqlər
Əsas turizm zonası olan Qəçrəşdə satılan evlər də bahadır. Rieltor Veysəl Məlikov deyib ki, bu ərazidə villaların  qiyməti 150 min manatdan 1,5 milyon manata qədər dəyişir.  Evlər isə  70-100 min manatdır. Həyətyanı sahəsi çox olan evlərin qiyməti daha yüksək olur.
 
Qubadakı xüsusi evlərdə qiymətlər dəyişməsə də bina evlərinin qiyməti qalxıb. Ən çox tələbat olan köhnə binalardakı  1 otaqlılardır. Bu səbəbdən onların qiyməti də bahadır - orta  təmirli evlər 20 min manat.  2 otaqlılar 30-40 min manata,  3 otaqlılar isə  45 min manata satılır. Yeni binalarda isə evlər kvadratmetrlə satılır - 1 m2-i 500-600 manata. Kəndlərdə isə evlərin qiyməti rayon mərkəzinə yaxınlıqdan asılı olaraq  40-70 min manat arasında dəyişir.
Evlərin qiymətinə həyətyanı sahənin ölçüsü də təsir edir. Həyət 3 sotdan yuxarı olanda, torpağın qiyməti ayrıca hesablanaraq evin qiymətinə əlavə olunur.
 
Torpaqlar da bahalaşdı
Qubada evlər kimi torpaqlar da təyinatından asılı olaraq 4 qrupa bölünür: - həyətyanı torpaq sahələri, turizm təyinatlı torpaqlar, sahibkarlıq üçün və kənd təsərrüfatı təyinatlı torpaqlar.  Onlardan 2-sində kəskin bahalaşma müşahidə edilir. V.Məlikovun sözlərinə görə, həyətyanı torpaqların qiyməti son 2 ildə dəyişməyib. Qubanın mərkəzində və Qəçrəş yolu adlanan ərazidə belə torpağın 1 sotu 5 min manata satılır. Yoldan uzaqlaşdıqca qiymət azalır, bir qədər kənarda torpaqları 2,5-3,5 min manata da almaq mümkündür.  Turizm obyektlərindən uzaqda isə torpaqlar 2 min manata satılır.
 
V.Məlikov deyib ki, son 2 ildə turizmə yararlı torpaqların qiyməti 1 sot üçün  1000 manat bahalaşıb. Turizm zonalarında - Qəçrəş, Qələdüzdə qiymətlər daha yüksəkdir. Qəçrəşdə turizm təyinatlı torpaqların ən ucuzunun 1 sotu 3 min manatdan başlayıb 8 min manatadək yüksəlir.
 
Qubada kənd təsərrüfatı təyinatlı torpaqlar da bahalaşıb. Hazırda bu ərazidə 1 -3 hektar torpaq sahəsi tapmaq mümkün deyil. Torpaq almaq istəyənlər 30-50 ha, hətta 100 ha ölçülü ərazilər ala bilərlər. V.Məlikov bildirir ki, 2 il əvvəl hektarı 7 min manata olan yer indi 10 min manata satılır. Məsələn, Atüz istiqamətində, Xaçmaz yolu, Bakı yolu adlanan ərazilərdə qiymətlər belədir.
 
Qubada ən baha bağ hansıdır? 
Qubada sahibkarlar üşün maraqlı əmlaklardan biri də meyvə bağlarıdır. Burada qimətlər meyvənin növündən və bağın məhsuldarlığından asılı olaraq dəyişir. Məsələn, gilas bağları qiymətinə görə alma bağlarından xeyli bahadır. Regionda geniş yayılan alma bağlarının 1 hektari 25-30 min manata satıldığı halda, gilas bağında qiymət  40 min manatdan başlayır və 60-70 min manata yüksələ bilir.
 
Gilas bağının bahalağı ona əlavə pul xərcləməyə, əziyyət çəkməyə ehtiyac olmaması ilə bağlıdır. Hazır ağaclar mövsümdə bar verir, onu satmaq üçün başqa yerə getməyə də ehtiyac yoxdur. Gilası gəlib bağdan alıb aparırlar. Amma gilas bağı tapmaq asan deyil, belə sahələri satan azdır.
 
Alma bağları isə daha çoxdur. Onlar 2 növdür: intensiv bağ və köhnə üsulla salınan bağlar. İntensiv bağlar nisbətən bahadır - 35-40 min manat. Köhnə alma bağlarında isə 1 ha 25 min manatdır. Qeyd edək ki, meyvə bağlarının yerləşdiyi ərazi onların qiymətinə təsir etmir.  Alma bağları əsasən Bakı-Quba yolu və Quba Xudat yolunun üzərində yerləşir.
 
Torpaq azaldıqca qiymət artır
Qubada sahibkarlıq üçün nəzərdə tutulan torpaqların həcmi də azalıb. Bu səbəbdən qiymətləri 2 il əvvəllə müqayisədə daha bahadır. Torpağın  sahəsi az olanda daha baha başa gəlir. Məsələn, sahibkarlıq üşün nəzərdə tutulan 1 ha torpaq 500 min manata satıldığı halda, mərkəzdə yerləşən 5 sot torpaq da  eyni qiymətə təklif edilir.V.Məlikov qeyd edib ki, sahənin mərkəzdə yerləşməsi qiymətə ciddi təsir edir. 
“Quba şəhərində 10-15 sotdan ibarət olan kommersiya torpaqlarının 1 sotunun qiyməti   40 min manatdan başlayır.  Eyni ölçülü torpağı mərkəzdə 50-60 min manata, hətta 100 min manata da satanlar var. Bunlar əsasən sahəsi kiçik olan  yerlərdir.
 
Kommersiya obyektlərinin qiymətləri
Hazır obyekt satışlarına gəlincə, bu sektorda alıcılar hələlik az olsa da, qiymətlər də ucuz deyil. Qubanın mərkəzində kommersiya obyektinin kvadratmetri 1500- 2000 manata təklif edilir. Satışda olan turizm obyektlərinin qiyməti baha olsa da burada da alıcı tapmaq çətinləşib. Məsələn, sahəsi 2 ha olan belə obyekt gözəl mənzərəsi, çayın kənarında yerləşməsi ilə seçilir. Obyektə kifayət qədər turist axını da var. İçərisində də hər cür şərait yaradılıb,  24 koteji, pavilyonu,restoranı, əyləncə məkanaları, ərazidə  internet mövcuddur. Qəçrəşdə yerləşən belə bir obyektin qiyməti ən azı 5 milyon manatdır. Ancaq 3 milyon manata da sata bilmirlər.

OXŞAR XƏBƏRLƏR