Goranboyun bu qəsəbəsində dincəlmək istəyənlərin sayı hər il artır

Goranboyun bu qəsəbəsində dincəlmək istəyənlərin sayı hər il artır
Xəbərlər 17 Avqust 2018 10:14 2258
Goranboyun bu qəsəbəsində dincəlmək istəyənlərin sayı hər il artır

İsti yay günlərində Goranboyun Aşağı Ağcakənd qəsəbəsində dincəlmək istəyənlərin sayı hər il artır. Burada turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

  Səyyah.az turizm portalı azərtac-a istinadən xəbər verir ki, rayona üz tutanlar respublika turizm marşrutuna daxil olan əsas 3 istiqamət üzrə hərəkət edirlər.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi Murovdağın ətəyində yerləşir. Bu dağın zirvəsindən gələn Qaraçay çayı qəsəbəni iki yerə bölür. Bu yerlərin səfasını gur çayları ilə yanaşı, təmiz havası, sərin bulaqları, sıx meşələri və ən əsası başı qarlı dağları daha da artırır. Bir sözlə, təbiət Ağcakənddən heç bir gözəlliyini əsirgəməyib. Elə turistlərin diqqətini də cəlb edən budur.

Ağcakəndin istirahət mərkəzlərində bölgənin mətbəxi, mədəniyyəti, adət-ənənəsi, məşğuliyyəti də qonaqlara geniş təqdim olunur. Milli geyimli xanımlar ekoloji cəhətdən təmiz olan qida məhsullarından elə turistlərin gözü qarşısında nehrə çalxalayır, pendir tutur, yuxa yayırlar. Üstəlik əvvəllər məişətdə işlənilən qədim əşyaların, min bir naxışlı xalçaların təqdimatı da turistləri heyran edir. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafına yaradılan dövlət qayğısının nəticəsidir.

Murovdağın ətəyində, Qaraçayın sağ və sol sahillərində sağlamlıq kompleksləri, istirahət mərkəzləri fəaliyyət göstərir. İndi gün ərzində burada 180 ailə dincələ bilər. Goranboyun Ağcakənd qəsəbəsinin turizm potensialını statistika da yaxşı nümayiş etdirir. Ötən il bura 30 minə yaxın turist gəlib ki, onların da çoxu xarici ölkə vətəndaşlarıdır. Bu mövsüm isə turistlərin sayı daha çoxdur. Gələcəkdə rayonun turizm potensialından maksimum istifadə olunması üçün yeni layihələr reallaşdırılacaq.

 

OXŞAR XƏBƏRLƏR