Azərbaycanlılar Gürcüstanda pulu qənaətlə xərcləməyə başlayıblar

Azərbaycanlılar Gürcüstanda pulu qənaətlə xərcləməyə başlayıblar
Xəbərlər 5 Sentyabr 2018 15:32 502
Azərbaycanlılar Gürcüstanda pulu qənaətlə xərcləməyə başlayıblar

Gürcüstana səfər edən əcnəbilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşlarıdır.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında bildirilib.

Araşdırmaya əsasən, 2018-ci ilin II rübündə azərbaycanlı turistlər qonşu ölkədə orta hesabla 349 lari (230 manat) xərcləyiblər. Bu ilin I rübü ilə müqayisədə Azərbaycan vətəndaşlarının qonşu ölkədəki orta xərci 52 lari (34 manat) azalıb.

Hesabat dövründə Gürcüstanda ən çox pul xərcləyənlər rusiyalı turistlər (1 253 lari / 825 manat) olub. Türkiyəli (865 lari / 570 man) və erməni turistlərin də (578 lari /  380 manat) orta xərcləri çox olub.

Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 1,9 mlrd. lari (726,692 mln. ABŞ dolları) təşkil edib. Ziyarətçilər bir səfər ərzində orta hesabla 1 144 lari (437 dollar) xərcləyiblər. Xərclərin 27%-i qida və içkilər, 22,1%-i yerləşmə, 18,4%-i mədəni və əyləncə xidmətləri, 15,5%-i alış-veriş, 6,8%-i yerli nəqliyyata, 10,3%-i isə digər xidmətlərə sərf olunub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 956 057 nəfər, təkcə avqust ayında isə 200 454 nəfər səfər edib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR