Bakıda ikinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir

Fevralın 21-də Bakıda yerləşən “28 mall” Ticarət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ikinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir.
Xəbərlər 22 Fevral 2015 00:00 717
Bakıda ikinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir



Seyyah.az AzərTAc-a istinadən xəbər verir ki, yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Cəfər Qarayev birinci “Mövsüm Səyahət Yarmarkası”nın ötən ilin noyabr ayında keçirildiyini vurğulayaraq bu yarmarkanı Yeni il, Novruz bayramı və yay mövsümü ərəfəsində olmaqla ildə 3 dəfə keçirilməsini nəzərdə tutduqlarını söyləyib. Bu da şəhərin sakinləri və qonaqlarının öz istirahətlərini əvvəlcədən planlaşdırmasına xidmət edir. Bildirib ki, bugünkü yarmarkada 30-a yaxın ölkənin aparıcı turizm şirkətləri və mehmanxanaları iştirak edir. Qeyd edib ki, turizm şirkətlərinin nümayəndələri qarşıdan gələn bayram günlərində insanların istirahətlərini səmərəli keçirmək üçün xidmətlər təklif edir və bu barədə ətraflı məlumat verirlər.
AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, yarmarkanın keçirilməsinin əsas məqsədi turizm şirkətlərinin marşrutlarını, yeni xidmətlərini təklif etmək, həmçinin insanları turizmə cəlb etməkdir. Diqqətə çatdırıb ki, burada daxili və xarici turizm məhsulları insanlara təqdim olunur və hər bir turizm şirkətinin stendinin qarşısında həmin qurumu təmsil edən nümayəndə xidmətləri haqqında məlumat verilir. Bu məlumatlar yalnız şifahi şəkildə deyil, çap məhsulları – reklam materialları, bukletlər, kataloqlar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Azərbaycanda turizmin inkişafı üçün nəinki sərgilərin, eyni zamanda turizm yarmarkalarının mühüm rolu olduğunu söyləyən müsahibimiz bildirib ki, belə turizm yarmarkaları gələcəkdə də təşkil ediləcək.
Yarmarkadakı tədbir proqramına Mirzə Ələkbər Sabir Fondu maraqlı bir təkliflə qatılıb.
Dahi şairin adını daşıyan Fondun təklifi ilə mənəvi dəyərlərimizin daha bir gözəl nümunəsi olan milli geyimimizin təbliği də qeyd edilən tədbirin mövzuları sırasına daxil edilib.
Fondun prezidenti Sevda Tahirli və qurumun nümayəndəsi Rövşən Məmmədov məlumat verərək bildiriblər ki, əsas məqsəd milli geyimimizin təbliği, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli dəyərlərimizə bağlılığının möhkəmlənməsi, ona sevgisinin daha da dərinləşməsini aşılamaqdır.
Qeyd edək ki, axşam saat 20:00-dək davam edəcək yarmarkada müxtəlif əyləncəli proqramlar, viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr veriləcək.
Yarmarkada həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblı çıxış edib.

OXŞAR XƏBƏRLƏR