Pullarını ödəmiş turistlər - ƏLAVƏ ÖDƏNİŞ ETMƏYƏCƏK

Xarici səyahət paketlərini əvvəlcədən almış vətəndaşlar dolların bahalaşmasına görə, əlavə ödəniş etməməlidirlər.
Xəbərlər 23 Fevral 2015 00:00 805
Pullarını ödəmiş turistlər - ƏLAVƏ ÖDƏNİŞ ETMƏYƏCƏK

Seyyah.az-ın fins.az-a istinadən məlumatına görə, bu barədə xarici səyahətlərin təşkili ilə məşğul olan «Dervish travel» şirkətindən bildirilib. Qeyd edək ki, manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq hazırda «Dervish travel» fəaliyyətini davam etdirir və müştərilərin müraciətləri qəbul olunur.

Şirkətin rəhbəri Nadir Nadirov bildirib ki, erkən rezervasiya zamanı səyahətin pulunu 100% ödəyən müştərilər öz səyahətləri ilə bağlı qətiyyən narahat olmamalıdırlar: «Əgər müştəri ödəniş etdikdən sonra dolların məzənnəsi artıbsa, bu artıq turizm şirkətinin problemidir». 

Şirkətdən bildirilib ki, erkən rezervasiya ilə bağlı ödənişin bir hissəsini etmiş müştərilər isə qalan hissəni yeni məzənnə ilə etməli olacaqlar. Müştəri brondan imtina etdikdə isə tələb olunan cəriməni ödəməli olacaq. 

Ümumiyyətlə, şirkətdən bildirilib ki, manatın məzənnəsinin aşağı enməsi səyahətlərin və təyyarə biletlərinin  qiymətini təqribən 30% artırıb: «Səyahətlərin qiymətləri sırf dolların məzənnəsinə uyğun olaraq dəyişir». Amma maraqlıdır ki, bu vəziyyət, şirkətə müraciət edən müştərilərin sayını azaltmayıb: «Buna baxmayaraq şirkətimizə müraciətlər var və onlar qəbul edilir. Bu günkü müraciətlərin sayı digər vaxtlardakından o qədər də fərqlənməyib».

OXŞAR XƏBƏRLƏR