Bu kəndlərə minlərlə turist gəlib – ƏHALİ PUL QAZANIR

Bu kəndlərə minlərlə turist gəlib – ƏHALİ PUL QAZANIR
Xəbərlər 13 Sentyabr 2018 11:51 576
Bu kəndlərə minlərlə turist gəlib – ƏHALİ PUL QAZANIR

Azərbaycanda turizm mövsümündə qərb bölgəsinə, xüsusilə Göygölə üz tutan turistlərin sayı xeyli artıb. Seyyah.az xəbər verir ki, bundan rayondakı turizm obyktləri ilə yanaşı, evini turistlərə kirayəyə verən kənd sakinləri də böyük gəlir götürürlər. 

«Yaşıl turizm», yəni, kənd turizmi insanlar üçün ucuz başa gəlməsi ilə yanaşı, həm də turistlərə daha çox rahatlıq gətiririr.

Göygöl rayonunun yarıdan çox kəndi Göygöl Milli Parkına yaxın ərazidə yerləşir. Yeni Zod, Aşıqlı, Toğanalı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar və sair kəndlərdə yay istirahətini keçirənlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər.

Ötən il bu kəndlərə 81 min nəfərdən çox turist gəlib ki, onun da 5 min nəfəri əcnəbilər olub.

Rayonda ən çox turist qəbul edən Aşıqlı kəndidir. Kəndin 2340 nəfər əhalisi var, rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşir və hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektriklə təminat yüksək səviyyədədir. Ərazisində "ADA”, "Gilavar”, "Kəpəz” və sair istirahət mərkəzləri fəaliyyət göstərir.

Aşıqlı kəndində 400-dən artıq ev var. Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər. Ona görə də kənd sakinləri hər il mövsümqabağı evlərini təmir etdirir, burada turistlərə şərait yaradırlar.

Yüksək şərait yaradılmış evlərin bir günü 20-30 manat civarında dəyişir.

Keçən il kənddə 2000 nəfərdən artıq turist istirahət edib. Bu il havalar həddindən artıq isti keçdiyindən turistlərin sayı da kəskin artıb.

Aşıqlı kəndinin sakini İkram Məmmədov deyir ki, turistlərin qəbulu üçün evində hər cür şərait yaradıb. 4 otaq tikdirib. Hər il 60-70 nəfər ailəvi turist qəbul edir.

Kənd sakini Lamiyyə Əliyeva da hər il turistlərdən xeyli miqdarda gəlir əldə edir. Həyətində eyni vaxtda 10 nəfərədək turist qəbul etməyə şəraiti var. Burada yaradılan səliqə və sahmanın yüksək səviyyədə olduğundan yay mövsümündə ev boş qalmır.

Aşıqlı kənd nümayəndəliyinə daxil olan Köşkü və Üçbulaq kəndləri də turistləri özünə cəlb edir. Üçbulaq kəndində müalicəvi əhəmiyyəti olan "Nurud” suyu çıxır.

Üçbulaq sakinləri turistlərin istəklərinə uyğun olaraq onlara təbii süd məhsulları, kənd çolpaları təklif edirlər. Yerli və xarici turistlərin maraq göstərdikləri Üçbulaq kəndini Göygöllə cəmi bir dağ ayırır. Sıx meşələrin arası ilə asfalt yolla cəmi 20 dəqiqəyə göllər tacı Göygölə, eləcə də onun ətrafındakı digər göllərə getmək olar.

Göygölə ən yaxın kənd isə Toğanalıdır. Buradan cəmi 5 dəqiqəyə Göygölə çatmaq olar. Odur ki, hər il rayona gələn turistlər bu kəndə daha çox maraq göstərirlər. Son illər burada infrastruktur tamamilə yenilənib. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 8 kilometr məsafədən içməli su xətti çəkilib. Burada tibb məntəqəsi, poctamt, kitabxana fəaliyyət göstərir. Kəndə yaxın ərazidə "Cənnət məkan”, "Ağrı dağı”, "Gəncəbasar” və sair istirahət mərkəzləri fəaliyyət göstərsələr də, yerli və xarici turistlər ən çox kənd turizminə üstünlük verirlər. Əvvəla, onlar bunu ona görə istəyirlər ki, evlərdə qalmaq çox ucuz başa gəlir, digər tərəfdən təbii şəraitdə istirahət edirlər.

Toğanalı kəndi hər il 100 nəfərə yaxın xarici turist qəbul edir. Gələnlərin əksəriyyətini almanlar təşkil edir. Onların daha çox maraq göstərmələri vaxtilə ata-babalarının burada yaşamasıdır.

Bu il rayona gələn xarici turistlər arasında Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, eləcə də Rumıniyadan çoxluq təşkil edib. Bəzi turistlər buradakı şəraitdən çox razı qaldıqlarına görə gələn il də Göygölə gələcəklərini bildirirlər. 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR