İslandiyanın rəqəmsal texnika olmayan bölgəsi

İslandiyanın rəqəmsal texnika olmayan bölgəsi
Xəbərlər 23 Sentyabr 2018 21:45 322
İslandiyanın rəqəmsal texnika olmayan bölgəsi

İslandiyada ucqar təbii qoruğun telefon və internet siqnallarından uzaq saxlanması kampaniyası aparılır. Lakin rəqəmsal texnikadan azad bir zonanın olması ilə hamı razı deyil.

İslandiyanın bu ucqar qoruğunda mobil telefon servisi demək olar ki, yox dərəcəsindədir. Qoruğun meşəbəyi telefonla zəng etmək üçün ucqar bir yerə çıxmalıdır. Lakin orada da həmişə siqnal olmur. Vestin Ronarson: “Hazırda mənim telefonum siqnalı çox zəif tutur və buna görə də zəng etmək mümkün deyil. Bəlkə buludlar dağılandan sonra mümkün olar.”

Lakin qoruq işçilərinin və turistlərin narahatlığına səbəb olan internet servisi bu təcrid olunmuş əraziyə yaxın zamanda gələ bilər. “Bəziləri üçün internetsiz qalmaq çətin olur. Lakin mənim fikrimcə, çoxları bunu xoşlayır, özlərini burada başqa cür hiss edir” deyə, Vestin Ronarson bildirir.

Bu ərazidə mobil dirəklərinin qoyulmasına uzun müddət etiraz edilirdi. Lakin ticari təşəbbüslər bu bölgəyə də rəqəmsal texnikanın gətirilməsinə nail ola bilər. Hollandiyalı turist Mikko Ronkonen: “Burada internet olarsa, istifadə etməmək mümkündürmü? Əlbəttə, insanlar kağız xəritələr əvəzinə, telefonlarını izləyəcək.”

Bu qoruğa gedən yol yoxdur. Buraya yalnız qayıqla gəlmək olur. Lakin bəziləri buranın rəqəmsal texnikadan azad olmasını alqışlasa da, digərləri mobil telefonsuz bir ərazinin olmasını ehtiyatsızlıq hesab edir. Parlament üzvü Hella Kristhansdottir: “Mobil telefonsuz səyahətin özünün müsbət cəhətləri var, lakin ayağını sındırıb haradasa qalmaq və yardıma çağırmaq imkanının olmaması o qədər də romantik deyil.”

Bu yay bu qoruğa dincəlməyə gələn ailənin bir üzvü mobil telefon olmadığına görə buraya gəlməyib. “Mənim yeniyetmə qızım bu il buraya gəlməkdən imtina etdi. Dünyanın 4G-dən istifadə etdiyi bir vaxt internetsiz yaşamaq onun üçün mümkün deyil.”

BMT-nin dünya ölkələrinin texnologiyadan istifadə indeksinə görə, İslandiya əhalisinin 98 faizi internetdən istifadə edir. İndi sakinlər rəqəmsal texnikadan istifadə edilməyən bəzi bölgələri ziyarət edib-etməyəcəklərinə özləri qərar verməlidir.

Mənbə: Amerikanın səsi

OXŞAR XƏBƏRLƏR