Dünyanın ən elit xizək məkanı - Courchevel - ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın ən elit xizək məkanı - Courchevel - ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 24 Sentyabr 2018 14:51 773
Dünyanın ən elit xizək məkanı - Courchevel - ŞƏXSİ TƏCRÜBƏ

Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi  Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.

Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.

Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.

Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim 

İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.

Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl  Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.

Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.

Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! 

Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır 

Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.

Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.

 

Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.

Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Mənbə: Gezeyenler 

OXŞAR XƏBƏRLƏR