Özbəkistan televiziyasında Azərbaycan haqqında veriliş

Xəbərlər 21 Sentyabr 2013 00:00 1384
Özbəkistan televiziyasında Azərbaycan haqqında veriliş

Bu gün Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın "Dunyo böylab" televiziyası "Qafqazın incisi - Azərbaycan mədəniyyəti və milli geyimləri" mövzusunda veriliş üçün çəkiliş aparıb. Qeyd edək ki, Dünya libasları seriyasında yayımlanan veriliş hər həftənin bazar günü nümayiş etdirilir. 
"Dunyo böylab" televiziyasına müsahibə verən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun xidmətlərindən danışmış, bu gün də bu münasibətlərin hər iki ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O, müsahibəsində qeyd etmişdir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənd şəhərində, Özbək şairi Əlişir Nəvainin Bakı şəhərində büstlərinin açılışını, Daşkənd Dövlət Pedaqoji Universitetinə Nizami Gəncəvinin adının verilməsini, Özbəkistanda Azərbaycan müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını, habelə Daşkənddə azərbaycanlıların kompakt yaşadığı ərazidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını təsdiq edən amillərdəndir. S.Abbasov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mədəniyyət, təhsil, mətbuat, nəşriyyat sahəsində həyata keçirilən layihələrindən danışmış və bu layihələrin əsas məqsədinin iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq olduğunu qeyd edib. 
Daha sonra Mədəniyyət Mərkəzində həyətində qurulmuş Azərbaycan mədəniyyətini tərənnüm edən ekspozisiya, milli musiqi alətləri, milli geyilmli qızların çıxışı, habelə qədim Azərbaycan geyimlərinin nümayişi Azərbaycan milli musiqisinin sədaları ilə lentə alınıb. Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən "Azərbaycan tarixi" muzeyi və muzeydə saxlanılan eksponatlar verilişdə nümayiş etdiriləcək. 
S.Abbasovun qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda son zamanlar çəkilmiş yeni bədii filmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onlara göndərilmiş və sözügedən filmlərin özbək dilinə dublyaj edilməsi məqsədi ilə "Özbəkkino" Milli Agentliyinə, Özbəkistan Dövlət Televiziyasına müraciət olunacaq. O, sözügedən qurumlarla bu barədə danışıqların aparıldığını və Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin dəstəyi ilə yaxın günlərdə layihənin icrasına başlanılacağını bildirib.

 

OXŞAR XƏBƏRLƏR