“Tarqovı”dakı restoranlar: altı manata qayğanaq, 250 manata şampan - FOTO

“Tarqovı”dakı restoranlar: altı manata qayğanaq, 250 manata şampan - FOTO
Xəbərlər 26 Sentyabr 2018 14:38 82
“Tarqovı”dakı restoranlar: altı manata qayğanaq, 250 manata şampan - FOTO

Nizami küçəsinə nəzər yetirsək, ötən illərə nisbətən restoranların iki dəfə artdığını müşahidə edərik. Ancaq nə hacətdirsə, axşam vaxtı bu restoranlarda boş yer tapmaq müşkül məsələdir. Halbuki xalqı dindirsən, deyirlər ki, acından ölürük. Bəs bu boyda restoranlarda pul xərcləyib, yeyənlər kimlərdir? Orası müəmmadır.

Bu, başqa bir mövzudur. Keçək əsas məsələyə...

Bəs bu restoranlarda qiymət necədir? Çox yox, üçcə restorana baş çəkib. Qısa da olsa, qiymətlərlə maraqlandıq.

İlk olaraq baş çəkdiyimiz restoran “Fisincan” oldu. Qarışıq rənglər, milli ornamentləri əks etdirən süfrələr və divanlarla bəzənən restoranda beş manata beş qutab yemək şansınız var.

Qiymətlər normaldır, 6-12 manat arası qəlyanaltılar, klab sendviçlər və salatlardan dada bilərsiniz.

Ən bahalı yemək miks kabab sayılır. Onun isə qiyməti 45 manatdır.

Restoranda ən bahalı içkinin dadına baxmaq istəsəniz, bunun üçün 175 manatınızdan keçməlisiniz. “Chivas Regal” adlanan içkinin miqdarı isə 1 litr təşkil edir.

Oradan yolumuzu “Casual Brasserie”dan salırıq. Digər məkanlara nisbətən bir az baha olan bu restoranda soğanlı qayğanaq yemək üçün altı manat ödəmək lazımdır.

Restoranın rəngarəng ab-havası içərisində yeyə biləcəyiniz ən bahalı yemək isə “Dallas Steak”dir. Bunun üçün 36 manat ödəməyiniz kifayətdir.

Caza qulaq asa-asa “Moet Chandon” dadmaq istəsəniz, 250 manat ödəyərək bu istəyinizə nail ola bilərsiniz.

Hər gün 12:00-dan 15:00-dək 10 manata biznes lançdan faydalana bilərsiniz.

“Casual Brasserie”a çəpəki baxan “Central Baku” restoranına da baş çəkirik. Buranın özünəməxsus dizaynı göz oxşayır.

Yeməklərin qiyməti digər restoranlarla eyni olsa da, porsiyalarının az olması müşahidə olunur. 

Ən diqqətçəkən qiymətlər isə səhər yeməkləri ilə bağlıdır. Səhər yeməyi yeyərkən özünüzü Nyu-Yorkda hiss etmək istəyirsinizsə, 15 manat ödəməlisiniz.

Əgər “Vətənimin səhər yeməyi Nyu-Yorkdan daha faydalıdır, daha doyumludur” fikrinə sahibsinizsə, bu zaman sizi sürpriz gözləyir. Çünki buna görə 55 manatınızdan keçmək məcburiyyətində qalacaqsınız.

Restoranlara gedərkən hərə öz cibinə uyğun məkanları seçsə də, ucuz ətin şorbası olmadığını da nəzərinizə çatdırmaq istəyirik.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR