GÜRCÜSTANIN “SEVGİ ŞƏHƏRİ” SİQNAXİNİ TANIYAQ
Sevgilimlə evlənmə qərarı vermişdik. Və bunu mümkün qədər asan, maddi çətinlik və mənəvi sıxıntılar olmadan etmək istəyirdik. Əvvəldən mentalitet və adət-ənənələrin gətirdiyi problemlərə qarşıydıq. Bunları həyatımızdan uzaq tutmaq istəyirdik.
Odur ki, ənənəvi mərasimlərin heç birini etməmək qərarı verdik. Nigahımızı gözdən uzaq, kiçik bir şəhərdə – küçədə tanış olduğumuz taksi sürücülərinin şahidliyilə, toyumuzu isə bir parkda, 35 nəfər dost-tanışımızın iştirakı ilə etdik.
Bu, həyatımız boyu etdiyimiz ən yaxşı seçimlərdən biri idi. Evlilik həyat tərzidir. Onu necə başlamaq, qeyd etmək isə sadəcə bir seçimdir. Buna görə arzularımıza, seçimlərimizə anlayış və hörmətlə yanaşan ailələrimizə minnətdarıq.
10 DƏQİQƏYƏ NECƏ EVLƏNDİK?
Gürcüstana səyahət edəndə Siqnaxi adlı bir şəhərdən düşdü yolumuz. Şəhəri çox sevdik və elə burada evlənməyə qərar verdik. Gözəl, sakit şəhər olması ilə yanaşı, Siqnaxinin bir özəlliyi də var. Dünyanın istənilən ölkəsindən olan insanlar burada heç bir xüsusi sənəd və müraciət olmadan 10 dəqiqəyə evlənə bilirlər. Şəhər Gürcüstanın Şərqindəki Kaxeti vilayətindədir. Dünyada “City of Love” – “Sevgi şəhəri” kimi tanınır.

Yəqin elə mənim kimi, eşidənlərin çoxu bu sözün arxasında hansısa rəvayətin olduğunu düşünür. Nə Gürcüstanda yaşadığım 3 ildə bu barədə nəsə eşitdim, nə də oxuduğum mənbələrdən bu haqda nəsə tapdım.
GÜRCÜSTANIN “SEVGİ ŞƏHƏRİ”
Şəhərin abadlaşdırılmasına keçmiş prezident Mixael Saakaşvilinin hakimiyyəti dövründə başlanıb. Daha sonra “Sevgi şəhəri” adı ilə dünyada tanıdılmağa başlanıb. Gürcü dostlarımdan eşitdiyimə görə “Sevgi şəhəri” ifadəsi həmin brendləşmənin sadəcə bir parçası olub. Yəni, “City of Love” yazıb, təqdim edirlər. Açıqlaması isə belədir ki, bir çox cütlük Siqnaxini romantik yer hesab edir və burada evlənirlər.

Ümumiyyətlə, Saakaşvili hakimiyyətə gələndən sonra Gürcüstanın bir çox regionlarını abadlaşdırıb. Onlara yeni həyat verib. Batumi də belə şəhərlərdəndir. Gürcülər Saakaşvilini ümumən sevməsələr də, onun bu xidmətini ehtiramla xatırlayırlar.
TBİLİSİDƏN 109 KM UZAQLIQDADI
Siqnaxi Gürcüstanın paytaxtı Tbilisidən maşınla 1,5 – 2 saatlıq, Azərbaycanın Balakən rayonundan isə 1 saat 20 dəqiqəlik uzaqlıqdadır. Kiçik şəhərdir. Gəzib-görməyə 1 gün, evlənməyə isə 10 dəqiqə bəs edir.

Siqnaxidəki nigah idarəsi beynəlxalq statusa malikdir. Dünyanın istənilən ölkəsindən hər kəs bura gəlib, sadəcə pasportunu təqdim etməklə evlənə bilir. Bu nigah dünyanın hər yerində tanınır, qəbul olunur. Sadəcə, nigah şəhadətnaməsini təsdiqlətmək üçün apostil almaq gərəkir. Onu da Tbilisidə “Justice House”da təxminən 1 saata etdirmək olur.

PROSESİN QISA İZAHI:
Siqnaxiyə gedib, şəhər mərkəzində düşürsünüz;
Nigah idarəsi şəhərin mərkəzindədir;
Həftə içi 5 gün, səhər saat 10-dan axşam saat 5-dək işləyir;
Əvvəlcədən heç bir görüş və vaxt təyin etməyə ehtiyac yoxdur;
Yaxınlaşıb “evlənmək istəyirik”, – deyirsiniz;
Sizdən pasportunuzu təqdim etməyinizi xahiş edirlər;

Evlənmək üçün dövlət rüsumu 52 laridir (20 dollar);
Bu pula xidmət haqqı, nigah salonunda şampan şərabı və musiqi daxildir;
Pasportunuzu alırlar, vacib məlumatları qeyd edib, qaytarırlar;
Sonra sizdən şahid tapmağı xahiş edirlər;
Əgər əvvəlcədən müəyyən olunmuş şahidiniz yoxdursa, oradakı turistlər, yaxud binanın qarşısındakı taksi sürücüləri şahidiniz ola bilər;
Şahid olmağı xahiş etdiyiniz adamlar sizdən heç bir ödəniş tələb etmirlər və bunu sevə-sevə edirlər;

Nigah gürcü dilində olur, amma öncədən sizə rus dilində hər şeyi izah edirlər;
Gürcü dilində danışan nigah məmuruna istədiyiniz dildə cavab verə bilərsiniz. Mən ingilis, Orxan isə rus dilində “hə” dedik