Seyyah saytına öz uğurlu tələbə həyatını danışan növbəti gəncimiz Fərid Həsənlidir. 23 yaşlı müsahibimiz Nəsimi rayonu 211 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Universitetində (BBA) proqramı üzrə Maliyyə ixtisasına yiyələnib. Bakalavr təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. 2017-ci ildən etibarən paytaxt Varşavanın “Kozminski Universiteti”-də Maliyyə ixtisası üzrə magistr təhsili alır.
“Tələbə xaricdə təhsil alırsa bu o demək deyil ki”
Xaricdə təhsil istəyinin reallaşmasını bizimlə bölüşən tələbəmiz deyir ki, “hələ bakalavr proqramında oxuyarkən, müəllimlərim xaricdə təhsil almış peşəkarlar idi. Təhsil müddətində onların təcrübələri imkan yaratdı ki, təhsil üçün xaricə üz tutum. Təhsilimin 3-cü ilində Ruminya və Polşada beynəlxalq yay məktəbinə qoşulmağa qərar verdim. 4-cü kursda isə təhsilini bitirdiyim Azərbaycan Universiteti tərəfindən İtaliyada 1 aylıq qısa müddətli ixtisas artırma proqramına göndərildim. Xaricdə təhsilin praktiki forması ilə tanış oldum, qısa müddətli proqramın verdiyi nəticəni görüb uzun müddətli oxumaq qərarına gəldim. Təbbi ki, valideynlərim və dostlarımın da mənə dəstəyi çox oldu. Odur ki, öncə ölkəni seçdim. Polşa da aylıq xərclərin digər ölkələrdən aşağı olması ilə əlaqədar bu ölkəni seçdim. Daha sonra isə Maliyyə ixtisası hansı universitetdə daha yaxşı tədris edilir deyə araşdırma etdim. Hazırkı seçimimdə yanılmamışam.
Xaricdə təhsilin bir çox yaxşı tərəfləri var…
Amma tələbə xaricdə təhsil alırsa bu o demək deyil ki, o peşəkardır. Ölkəmizdə təhsil alan çoxlu tələbələr var ki, xaricdə təhsil alanlardan qat-qat üstündür. Son zamanlarda da xaricə tələbə axınının sayı artmaqdadır. Maraqlı bir məqamı qeyd edim ki, ölkəmizdə universitetə daxil ola bilməyən tələbələr çox rahatlıqla xarici universitetlərdən qəbul alırlar. Bu axının yaxşı və pis tərəfləri də var. Yaxşı tərəfi ondan ibarətdir ki, tələbə təhsil üçün səy göstərir, hər hansı vasitələrlə arzusunu reallaşdırmağa çalışır. Pis tərəfi isə tələbənin təklif aldığı universitetdəki təhsil sistemi əksər hallarda çox bərbad vəziyyətdə olur və o tələbə sadəcə zaman keçirir. Bunu hər kəs bilir ki, yaxşı bir universitetdə təhsil almaq üçün yaxşı göstəricilərə malik olmaq lazımdır. Təklif edərdim ki, ölkəmizdə ali məktəbə qəbul ola bilməyən tələbələr yenidən hazırlaşsınlar,vuruşsunlar. Yox əgər bu alınmırsa, onda xaricdə yaxşı bir universitetə üz tutsunlar.
Kozminski Universiteti…
Kozminski Universiteti 1993-cü ildə Varşavada təsis edilən özəl ali məktəbdir. Burada polyak və ingilis dillərində biznes təhsil proqramları keçirilir. Xarici tələbələr daha çox üstünlük təşkil edir. Universitetdə ən çox sevdiyim məkan onun kitabxanasıdır. Tələbələrin də ən çox keçirdikləri vaxt elə buradır. Qeyd edim ki, imtahan sessiyasında burada yer tapmaq çətin məsələdir. Kitabxanın daxilində əlavə kompüter otaqları, şəxsi otaq və konfrans zalları yerləşməkdədir ki, tələbələr bundan hər zaman yararlana bilər. Burada azərbaycanlı tələbələr azlıq təşkil edir. Hazırda mənimlə birlikdə 3 tələbə təhsil alır. Onlardan biri biznesin idarə edilməsi ixtisası üzrə bakalavr, digəri isə mənimlə birlikdə maliyyə ixtisasının magistr dərəcəsi üzrə təhsil alır. Ötən illərdə səhv etmirəmsə 1 və yaxud 2 tələbə burada maliyyə ixtisasını bitirib.
Müqayisəli tələbəlik…
Əgər müqayisəni yerli tələbələr ilə nəzərdə tuturuqsa, demək olar ki, təhsil alan bu tələbələr ölkənin vətəndaşıdır və ailələri ilə birlikdə yaşayır. Onlar gündəlik ehtiyaclarını ödəməyə çox zaman sərf etmirlər və əsasən dərslərini oxumağa səy göstərirlər. Burada əsl tələbə həyatını biz yaşayırıq və bundan zövq almağa çalışırıq. Gülür… Elə tələbə həyatında da fərqlər buradan başlayır. Ümumilikdə isə fərqli mədəniyyətlərə aid olduğumuza görə fərqli göstəricilərə sahibik. 
İlk olaraq soruşurlar ki…
Bura gəldiyim ilk gündə universitetin proqram (application) və virtual universitet sistemi məndə təəccüb doğurdu. Sözün düzü bu sistemlə ilk dəfə qarşılaşırdım deyə məndə maraq doğurdu. Bu sistemdə təhsil alan tələbələrin xüsusi hesabları var. Gündəlik dərslərin hansı saatlarda və hansı otaqlarda olması barədə məlumatdan başlayaraq, dərs materiallarının yerləşdirdiyi platformaya kimi sadalamaq olar. Tələbəyə lazım olan bütün vasitələr orada yerləşdirilib və hər hansı bir məsələ üçün tələbə və yaxud dekan şöbəsinə getməyə ehtiyac qalmır. Tələbələr hətta öz koordinatlarına uyğun işlər üçün də müraciət edə bilərlər. Universitet barədə bütün yeniliklər də bu platformada yer alır. Dərslərin keçirilmə metodu isə əsasən praktik yöndəndir. Müəllimlər nəzəri biliklərdən daha çox tələbələrə real bazar üzərində tapşırıqlar verirlər. Bunun vasitəsilə tələbə həm nəzəri həm də praktiki biliyi özündə gücləndirmiş olur. İmtahanların keçirilməyi universitet üçün ən önəmli hissələrdən biridir. Tələbələr xaricdə təhsil barədə sual verərkən, ilk bunu soruşurlar ki, imtahanlar necədir? keçmək rahatdırmı? İmtahanların təşklində universitetin imtahan departamenti məşğul olur. Müəyyən krediti az olan fənlər var ki, onlar elə dərslər üzərindən qiymətləndirilir. Bəzi fənlər isə yazılı və elektron imtahan vasitəsilə keçirilir. Elə bizdəki kimi. Ümumiyyətlə, maliyyə ixtisası burada iki üsulla tədris edilir.
İŞƏ qəbul oldum…
Mən full-time üsulu ilə təhsil alıram, elə bu yaxında “Qiymətli kağızların prosesi” üzrə kiçik mütəxəssis olaraq, tanınmış Citi şirkətində işə qəbul oldum. İş saatım saat 4:00-dan gecə yarısına kimidir. Əməliyyatların əksər hissəsi Amerika Kapital Bazarı ilə olduğuna görə şirkət bu saatlarda da fəaliyyət göstərməkdədir. Sahəsini yaxşı bilənlər üçün bəli iş imkanları çoxdur. Əksər şirkətlər polyak dili tələb edirlər. Lakin yerli dili bilməyənlər üçün xarici şirkətlərdə də vakansiyalar var, tələbələr mənim kimi bu şirkətlərə müraciət edə bilərlər.
Mənim fəaliyyətim…
Hazırda “Biznesmen.az” mediya agentliyində layihə meneceri olaraq fəaliyyətdəyəm. Elə bu layihədən məlumatı olanlar deyə bilərlər ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün hansı addımları atırıq və ölkəmizi necə tanıdırıq. Təhsil müddətində bir çox təqdimatlarla da ölkəmiz barədə müəyyən iqtisadi araşdırmalar edərək xaricilərə məlumat vermişik. Hazırda isə Polşa ilə Azərbaycan arasında bir çox biznes əlaqələrinin təşkilində araşdırmalar aparmaqdayam.
Sonda…
Sizə xaricdə təhsil alan tələbələrin öz təcrübələrini bölüşməyə imkan yaratdığınız təşəkkürümü bildirirəm. Təhsil almaq istəyən tələbələrə isə universitet və peşə seçimində diqqətli olsunlar. Əldə etdikləri təhsil imkanlarından maksimum yararlanmağa çalışsınlar, əgər valideynləri hesabına təhsil alacaqlarsa bu pulları lazımsız əyləncələrə xərcləməsinlər. Sahələrinin peşəkarı olub bir müsəlman və azərbaycanlı gəncin nəyə qadir olduğunu hər yerdə sübut etməyə çalışsınlar. Bu müsahibəni oxuyan gənclər isə universitetimizdə təhsil almaq istəsələr istənilən vaxt mənimlə sosial şəbəkə üzərindən əlaqə saxlaya bilərlər. Uğurlar hər kəsə!
Mənbə: Xaricdetehsil.new