Qərib ölkənin Qərb təhsilli tələbəsi – MÜSAHİBƏ

Qərib ölkənin Qərb təhsilli tələbəsi – MÜSAHİBƏ
Xəbərlər 1 Oktyabr 2018 17:47 766
Qərib ölkənin Qərb təhsilli tələbəsi – MÜSAHİBƏ

Xaricdə təhsil alan gənclər silsiləsindən növbəti tələbəmiz Kamil Qəribovdur. Paytaxt Bakıda anadan olan Kamil orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində (TDV BTL) başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olub. O, ikinci kurs tələbəsi olarkən, Təhsil nazirliyi tərəfindən yaradılan SABAH qruplarına seçilib və 2017-ildə bakalavr dərəcəsini müvəffəqiyyətlə bitirib. Hazırda tələbəmiz Çex Respublikasının Brno şəhərində yerləşən Masaryk universitetində  “Maliyyə” ixtisası üzrə magistr təhsili alır.

Niyyətin hara,mənzilin ora…

Kamil Qəribov hələ ölkəmizdə bakalavr təhsil aldığı zaman, Çex Respublikasının Praqa şəhərində yerləşən Karlova Universitetində – exchange – proqramında iştirak edib. Elə həmin müddət ərzində magistr təhsilini bu ölkədə almağa qərar verib. Çünki, Çexiya şəhərlərinin gözəlliyi, coğrafi-mövqeyi, təhsilinin keyfiyyətinə görə Avropada seçilən ölkələrdən biridir. Bu səbəbdən gəncimiz bu ölkədə təhsil almağı qarşısına məqsəd qoyaraq, magistr təhsili üçün universitet axtarışına başlayıb. Nəticədə, Masaryk universitetinə daxil olub. Kamilin bu seçiminin səbəbi Masaryk universitetinin maliyyə sahəsi üzrə ixtisaslaşması və magistr işi üzrə bir sıra publikasiyaların müəlliflərinin burada pedoqoji fəaliyyətlə məşğul olmasıdır.

 

30.000 dən çox tələbə…

Masaryk Universiteti Çex Respublikasında ikinci ən böyük universitet olmaqla yanaşı, “Compostela Group” və “Utrecht Network” beynəlxalq təhsil şəbəkələrinin üzvüdür. Bu universitet Çexoslavakiyanın birinci prezidenti olmuş Tomáš Garrigue Masarykin şərəfinə adlandırılıb. Hazırda universitet 9 fakültədən ibarətdir və 30.000 dən çox tələbə burada təhsil alır. Universitetin bir sıra beynəlxalq təşkilatlarla, tədrisin və təhsilin inkişafına dair proqram çərçivəsində 150-dən çox əməkdaşlıq müqaviləsi var. Burada Azərbaycanlı gənclər daha çox iqtisadiyyat və menecment ixtisası üzrə təhsil alırlar.  Amma hüquq, tibb, astrofizika kimi ixtisaslarda  təhsil alan tələbələrin sayı da az deyil.

Elmə olan marağın gücü…

Müsahibimiz deyir ki, “mənim fikrimcə, buradakı gənclərin sosial həyatı və çevrəsi daha rəngarəng olur,  nəinki bizim. Bu da ilk növbədə yaşadığın yerdən, oxuduğun universitetdən və s amillərdən asılıdır. Önəmli olan isə təbii ki, sosial həyatını və təhsilini balanslı şəkildə saxlamaqdır. Həmçinin çexlər üçün və o cümlədən digər avropa xalqları üçün öyrənmək heç vaxt gec deyil. Bizim universitetdə və həmçinin digər universitetlərdə müxtəlif yaş qruplarından olan tələbələrə rast gəlmək olar. Bu da yerli xalqın elmə olan marağının göstəricisidir”.

 Bizim təhsil müəssisələri üçün…

Kamilin fikrincə universitetdə vahid bir imtahan sisteminin olmaması, yəni hər bir professorun özünəməxsus qiymətləndirmə və tədris planının olması buranın üstün cəhətlərindən biridir. Bildirir ki, “təhsilin tələbə üçün uyğunlaşa bilən sistemdə olması, yəni tələbənin universitetə yox universitetin tələbənin üzərində fokuslanması məncə, bizim təhsil müəssisələri üçündə strateji hədəf olmalıdır. Əlavə olaraq onu qeyd edə bilərəm ki, online bir məlumat bazasının olması, tələbənin sualları yarandıqda və ya hər hansı br problem baş verdikdə, çıxış yolunu asan və cəld şəkildə sistemdən tapması  Çexiyada təhsilin inkişafında böyük rol oyanayan amillərdəndir”.

Hmm…maraqlıdır…

 Brnoya gəldiyim ilk günlərdə alış-veriş edə bilməmişdim. Buna səbəb burada mağazaların 99 faizinin şənbə və bazar günü işləməməsidir. Həmçinin cümə günləri də mağazalar günortaya qədər işləyir. Bu vəziyyətə alışmaq mənim bir müddət xeyli vaxtımı aldı. Amma hazırda hər şey qaydasındadır.

 

Tələbələrin iş həyatı…

Təbii ki, universitetin bir sıra beynəlxalq koporasiyalarla saysız-hesabsız təcrübə proqramları var ki, bu da tələbələrin ixtisaslı kadr kimi yetişməsində mühüm rol oynayır.  Demək olar ki, burdakı tələbələrin 90 faizi, təhsil müddətinin ikinci ilindən artıq işləməyə başlayırlar. Çünki, ilk iki semestr tədris planında vacib fənnlərin öyrənilməsinə sərf olunduğu üçün, növbəti semestrlər ərzində tələbələr daha rahat olur və part-time işləyə bilirlər. Mən də artıq ikinci semestrimin sonunda işləməyi planlaşdırıram. Amma mənim işləmək istədiyim pozisiya üçün çex dili bilmək zəruridir. Hazırda dərslərimə və çex dilinə konsentrasiya olmuşam.

 Təbliğat işləri bitmir…

Buraya gəldiyimiz ilk semestr Azərbaycan haqqında tələbələrə təqdimatlar nümayiş etdirdik. Belə ki, semestr ərzində hər həftə bir neçə ölkənin təqdimatları olur. Bizimki isə oktyabr ayına təsadüf etdi. Gənclərə milli mətbəximizdən olan təamlar, milli adət-ənənələrimiz haqqında məlumatlar verdik. Həmçinin yaxın günlərdə Novruz bayramını beynəlxalq mühitdə, müxtəlif xalqların nümayəndələri ilə keçirərək, onlara bayram haqqında ətraflı məlumat verdik. Hətta tələbə sayına görə rekord qırdıq və maraqlanan tələbələrə  Novruz bayramının demək olar ki, hər incəlikləridən danışdıq. Nəticədə bütün tələbələr bizim ölkə haqqında kifayət qədər məlumata sahib oldular.

 xaricdətəhsil.news saytının izləyicilərinə…

 Ən böyük tövsiyəm o olardı ki, birinci harada təhsil almaqlarını yox, gələcəkdə hansı peşə sahibi olmalarını özlərinə prioritet bilsinlər. Mənim fikrimcə əgər sevdiyin işi görməyəcəksənsə, arzuladığın peşə sahibi olmayacaqsansa dünyanın harasında təhsil alırsan al faydası olmaz. İkinci tövsiyəm o olardı ki, öz işinin peşəkarı olsunlar, çox çalışsınlar, qarşılarına bir hədəf qoysunlar və o hədəfə çatmaq üçün əllərindən gələni etsinlər, çünki ölkəmizin ixitsaslı kadrlara ehtiyacı var…UĞURLAR…

Mənbə: Xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR