“Həkim balıqlar”ın şəhəri Sivas - REPORTAJ

“Həkim balıqlar”ın şəhəri Sivas - REPORTAJ
Xəbərlər 10 Oktyabr 2018 18:57 82
“Həkim balıqlar”ın şəhəri Sivas - REPORTAJ

Sivas Türkiyənin Anadolu bölgəsində yerləşən qədim tarixə malik, orta əsrlərdə Böyük İpək Yolunun keçdiyi şəhərdir.

800 min nəfərin yaşadığı şəhər dənizdən uzaqda yerləşməsinə baxmayaraq, neçə əsrlik tarixi olan görkəmli yerləri ilə turistləri özünə cəlb etməyə davam edir. Eramızdan əvvəl I əsrdə əsası qoyulan şəhərin tarixi, mədəni keçmişi, məscidlər, mədrəsələr bu bölgənin əsas ekskursiya mərkəzinə çevrilib. 

Sivasın özünəməxsusluğu təkcə onun qədimliyində deyil. Bu gün çox insan bu şəhərin əsl “sirri”ndən xəbərsizdir. Bir çox dəri xəstəliklərinin müalicəsində effektiv təsirə malik yerin altında “gizlənmiş”, hər damlasında həyat nişanəsi olan termal bulaqlar və canlı “həkim balıqlar” Sivası Türkiyənin turizm mərkəzlərindən birinə çevirməkdədir. 

Təsadüfi deyil ki, 27-30 sentyabr tarixində III Beynəlxalq Termal Turizm Zirvəsi məhz Sivasda keçirilib. 52 ölkənin dəri xəstəlikləri üzrə tibb mütəxəssisləri, turizm agentliklərinin nümayəndələri və jurnalistlər olmaqla, 250 iştirakçının qatıldığı tədbir sağlamlıq turizmində xüsusi yeri olan Sivas valiliyi və Türkiyə Turizm Sağlıq Assosiasiyası (THTC) tərəfindən təşkil olunub. 

Tədbirə THTC-nin Azərbaycan Şəbəkə ofis direktoru Fərid Məcidovun rəhbərliyi ilə Azərbaycan səhiyyə işçilərindən və jurnalistlərdən ibarət 11 nəfərlik nümayəndə heyəti də qatılıb.

 

Qeyd edək ki, THTC 13 ildən artıqdır ki, insanları Türkiyədə müalicəyə cəlb edir.

Forumdan öncə iştirakçılar salonda nümayiş olunan stendlərlə tanış olublar. Burada Türkiyənin tibb ocaqlarının, turizm agentliklərinin nümayəndələri ətraflı məlumatla çıxış ediblər.

Cümhuriyyət Universitetində keçirilən Zirvə görüşündə Sivas valisi Davut Gül, Sivas bələdiyyə başçısı Sami Aydın, Ticarət Nazirliyinin Xidmətlər və Dövlət Sərmayəsi Departamentinin müdiri Alperen Kaçar, Türkiyə Sağlıq Assosiasiyasının - THTC qurucusu və rəhbəri Emin Çakmak və Sivasın digər səlahiyyətli nümayəndələri iştirak edib.

THTC rəhbəri Emin Çakmak öz çıxışında Türkiyənin müalicə üçün ən yaxşı seçim olduğunu qeyd edib:

“Hər gün bizə 144 ölkədən müraciət daxil olur. Keçən il 752 nəfər bizə müalicəyə gəlib. Türkiyədə psoriaz və ekzema kimi xəstəliklərin müalicəsinin dünyada analoqu yoxdur. İki-üç həftəyə istənilən nəticəni əldə edirik”.

Tədbirdə öz təcrübə və biliklərini bölüşən həkimlər Türkiyədə fəaliyyət göstərən klinikalardan, həmçinin “həkim balıqlar”ın müalicə prosesindən danışıblar. Hətta Azərbaycan nümayəndəliyi Sivasın Kangal bölgəsində “həkim balıqlar”la yaxından tanış olmaq imkanı qazanıb. “Balıklı Kaplıca” deyilən ərazidə yerləşən şəfaverici bulağa hər il müalicə üçün yüzlərlə insan gəlir. 

Buraya şəfa üçün gələnlər arasında azərbaycanlılar da çoxluq təşkil edir. Azərbaycandan başqa, buraya dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Almaniya və Rusiyadan da müalicəyə gələnlərin olduğu bildirilib. “Garra rufa” adlanan bu balıqlar şəfa tapmaq üçün gələnlərin yaralarının ölü hüceyrələrini ayırır, dərini yumşaldırlar. Müalicə üçün gələnlər müəyyən müddət ərzində suyun altında qalır və “həkim balıqlar” onların yaralarını sağaldırlar.

Dişləri olmadığından, insanların dərisinə zərər verməyən, yalnız bədənlərindəki qabıq və ölü dəriləri təmizləyən “həkim balıqlar”ın ağızlarındakı ferment sayəsində, xəstələrdə olan yaralar da müalicə olunur. “Həkim balıqlar” sədəf, psoriaz, ekzema və dermatit kimi xəstəliklərin müalicəsində istifadə edilir.

Xəstələrin çoxu həkim və dərmanlarda tapmadığı müalicəni burada alır.

Zirvə görüşündən sonra nümayəndə heyətimiz Sivasda yerləşən məşhur Medikana və Gültəpə xəstəxanalarına baş çəkərək, buradakı müayinə və müalicə prosesləri ilə yaxından tanış olublar. Burada müalicə olunanlar ən müasir tibb avadanlıqları və peşəkar həkimlərin himayəsindədir, deyə bilərik. Bu xəstəxanalar dünyanın hər yerindən pasiyentlər qəbul edir. 

Öz qonaqpərvərliyi ilə seçilən Sivasda Azərbaycan heyəti yeni istifadəyə verilmiş, son illərin ən mühüm layihəsi sayılan Bilici Termal Hotelin qonağı olub. Şəhərin ən lüks, ilk beşulduzlu yaşayış binası hesab edilən hotelin içərisində çoxlu sayda ailə otaqları, konfrans zalı, restoran, hovuz və saunalar yerləşib. Hotelin bir özəlliyi də ondan ibarətdir ki, hovuzlar və saunlar kişilərlə qadınlar üçün ayrı-ayrılıqda nəzərdə tutulub.

 

Eyni zamanda, burada müalicəvi termal sulardan da yararlanmaq mümkündür. 15 müxtəlif mineraldan ibarət bu termal sular dərinin təzələnməsinə, yenidən canlanmasına xidmət edir. Hoteldə diqqətçəkən məqamlardan biri də sağlam qidalanmaya üstünlük verilməsidir. Bir sözlə, ailəvi olaraq həm istirahət, həm də müalicə üçün ideal seçimdir. 

Növbəti gün Sivasla yaxından tanış olmaq üçün bir neçə görkəmli yerlərinə baş çəkdik. İlk tanışlığımız Sivas Arxeoloji Muzeyi ilə başladı. 1981-ci ilə qədər lisey olaraq istifadə olunan bina 1983-cü ildən muzey kimi fəaliyyət göstərir. Muzeydə etnoqrafik eksponatlar, sikkələr, möhürlər və hətta əlyazması olan kitablar da mövcuddur. Türkiyə keçmişinin bir qolu bu muzeydə yerləşir, deyə bilərik. 

Sivas gəzintisinin ən yaddaqalan yerlərindən biri Cümhuriyyət küçəsində yerləşən Sivas konqres binası oldu. “Cümhuriyyətin təməlini burada atdık” yazısının həkk olunduğu bu binada 1919-cu il 4 sentyabrda Mustafa Kamal Atatürk milli azadlıq müharibəsini dəstəkləmək üçün ölkənin hər yerindən gələn nümayəndələri bir araya gətirdi. Bununla da Türkiyə Cümhuriyyətinin qurulmasının ilk təməl daşı atılmış oldu. 

Təbii ki, Sivasa gəlib burada yerləşən məscid və mədrəsələrlə tanış olmasanız, bu şəhəri gördüyünüzü demək olmaz. Çünki Sivas öz tarixi mədrəsələri ilə Türkiyədə seçilən şəhərlərdən biridir. Onların əksəriyyətini Konak meydanında görə bilərsiniz. Gəzintinizə parkın cənubunda yerləşən “İki Minarəli Mədrəsə”dən (Çifte Minare medresesi) başlamağınız məsləhətdir. 

1271-ci ildə inşa olunan mədrəsə mürəkkəb reyleflərlə bəzədilmiş fasad və mavi çini qalıqlarından ibarət olan iki kərpic minarədən ibarətdir. Tələbələrin otağında və mühazirə zallarından yalnız təməllər qalıb. Şəhərin ən qədim məscidi olan “Ulu” məscid, “Qala” məscid, “Şəfa” mədrəsəsi, “Göy” mədrəsə də bu meydanda yerləşir.

Gəzintimizin sonunda isə Sivasın milli dəyəri hesab olunan kangal itləri ilə tanış olduq. Məlum oldu ki, kangal Türkiyə mənşəli çoban və gözətçi it irqidir. Adı Sivasın Kangal rayonundan gəlmədir. Kangal itləri daha çox çoban iti, gözətçi vəzifəsini yerinə yetirirlər. Kangal itinin ən diqqətçəkən xüsusiyyəti isə sahibinə duyduğu həddindən artıq sədaqət və onun aid olduğunu düşündüyü şeyləri qorumağa istiqamətli çox vəfali it olmasıdır. 

Bu səbəblə çox yaxşı bir döyüşçüdür. Deyilənə görə, pələnglə, aslanla döyüşən, onları məğlub edən yeganə itdir. Sivaslılar kangalın aslan kimi güclü və cüssəli olduğunu deyir. Əgər Sivasa yolunuz düşsə, mütləq kangal itlərinə baş çəkin. Tam pozitiv hisslərlə ayrılacağınızdan əmin ola bilərsiniz.

Səfərimizin son günü Sivas bizə qonaqpərvərliyi ilə yanaşı, qardaşlıq nümunəsi göstərdi. Sivasda “Azərbaycan Qarabağ” parkını görmək bizi qürurlandırmaya bilməzdi. 

Təəssüf ki, bununla da Sivas səyahətimiz sona çatdı. Hər zaman həm ziyarət, həm ticarət deyib xaricə səfər edirik. Bu dəfə həm istirahət, həm sağlamlıq deyib mütləq Sivasa üz tutun.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR