Ölkədə istirahət baha, xidmət sıfır həddindədir - ŞƏRH

Ölkədə istirahət baha, xidmət sıfır həddindədir - ŞƏRH
Xəbərlər 20 Oktyabr 2018 11:18 81
Ölkədə istirahət baha, xidmət sıfır həddindədir - ŞƏRH

Azərbaycanda xidmət, iaşə sektoru çox aşağı səviyyədədir. İllərdir ki, bu məsələ deyilir, tənqid olunur, ancaq hələ də ciddi irəliləyiş yoxdur. Ölkədə xidmət sektoru sıfır həddindədir.

Bunu Seyyah.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Bu səbəbdən insanlarımız çox zaman başqa yerlərə, xüsusilə xidmət səviyyəsinin çox yüksək olduğu Türkiyəyə üz tutmalı olurlar. Çünki Türkiyə bu məsələdə dünyanın ən qabaqcıl ölkələrini belə üstələyir, bu sektorda dünya brendlərindəndir”, - deyən millət vəkilinin sözlərinə görə, digər bir səbəb heç kimə sirr olmayan bahalıqdır:

“Bizdə istirahət, turizm məkanları çox bahalıdır. İnsanlarımızın çoxunun maddi durumu həmin istirahət məkanlarına üz tutmağa, orada istirahət etməyə imkan vermir. Məsələn, Azərbaycanda bir-iki günə istirahətə xərclədiyin pula Türkiyənin ən gözəl istirahət məkanlarında ən azı bir həftə istirahət etmək olar.

Başqa bir səbəb Bakının həddindən artıq yüklənməsi, ekoloji cəhətdən ağır durumda olması, xüsusilə, Xəzər dənizinin dəhşətli dərəcədə çirkli olmasıdır. Bildiyiniz kimi, paytaxtın bütün kanalizasiya suları, tullantıları Xəzərə axıdılır və nəticədə dəniz çirklənir.

Bununla yanaşı, Dənizkənarı Bulvarda müəyyən işlər görülsə də, hələ də mazut, üfunət iyindən durmaq olmur. Nəticədə dəniz sevən insanlar, dəniz kənarında istirahətə üstünlük verən vətəndaşlar başqa ölkələrə üz tutmalı olurlar.

Ölkənin şimal-qərb, şimal-şərq bölgələrinə, Şəki-Zaqatala, Şamaxı, Quba, Qəbələ, İsmayıllı, Qusar bölgələrinə gedirlər. Onlara bu guşələrdə olmaq, dincəlmək daha çox rahatlıq gətirir və sair”.

Millət vəkili hesab edir ki, bu məsələlər öz həllini tapmalıdır, insanlarımız pullarını kənara deyil, öz ölkələrinə yatırmalı, xərcləməlidir:

“Bununla belə, ədalət, insaf naminə deməliyik ki, əvvəlki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Bu məsələdə inkişaf, irəliləyiş, müsbət tendensiya göz önündədir, bunları demək lazımdır. Xüsusilə, ərəb ölkələrindən Azərbaycana gələn, üz tutan turistlərin sayı ildən-ilə artır”.

Qeyd edək ki, istər mediada, istər cəmiyyətdə, istərsə də parlamentdə tez-tez bəzi turistlərlə, xüsusilə ərəb ölkələrindən gələnlərlə bağlı narazılıqlar, narahatlıqlar ifadə olunur.

Bu məsələyə toxunan millət vəkili həmkarlarının dediklərinə hörmətlə yanaşdığını, onların çoxunu bölüşdüyünü bildirib:

“Turist olmaq o demək deyil ki, toxunulmaz şəxsdir. Bu, belə deyil. Turistin də Azərbaycan qanunlarına, adət-ənənələrinə hörmət etməsi vacibdir. Əgər kimlərsə bizim əxlaq tərzimizə, milli dəyərlərimizə uyğun olmayan davranış nümayiş etdirirsə, ona qanunun sərt üzü göstərilməlidir.

Lazım gələrsə, ölkədən çıxarılmalı, onun gəlişinə qadağa qoyulmalı, arzuolunmaz şəxslər siyahısına salınmalıdır. Eyni zamanda, kimlərsə pintiliyə, natəmizliyə (bu hallar tez-tez dilə gətirilir) və sairə hallara yol verirlərsə, onları da təhlükəsizlik kameraları vasitəsilə müəyyən etmək, qayda-qanunlara, təmizliyə riayət olunmasına məcbur etmək lazımdır.

Qoy, onlar Azərbaycandan gedəndən sonra öz tanış-bilişlərinə, Azərbaycana gəlmək həvəsində olanlara da bildirsinlər ki, bəs, filan-filan hərəkətlərə yol vermək olmaz, olarsa, onları nələr gözləyir.

Özü də bu məsələ tək bizdə deyil, dünyanın ən aparıcı, ən inkişaf etmiş ölkələrində də qayda-qanunlara, yerli xüsusiyyətlərə əməl etməyənlərə qarşı qanunun sərt dili ilə danışılır. Amma bu, heç də o demək deyil ki, bu hal bütün turistlərə aiddir və ya onlara şamil edilməlidir. Bu, düzgün olmazdı”.

Millət vəkili Tahir Rzayev hesab edir ki, ölkədə turizmin inkişafı ilə paralel olaraq, xidmət-iaşə sektoru inkişaf etməli, dünya standartlarına cavab verməlidir:

“Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi addımlar atılır. Böyük inkişaf var. Bu inkişaf Azərbaycan dövlətinin, ölkə prezidenti İlham Əliyevin turizmin inkişafına göstərdiyi qayğı və diqqətlə bağlıdır. Ölkədə çoxlu müasir hotellər, istirahət mərkəzləri tikilir.

Bəzən onlarda yer belə tapılmır. Həm daxili, həm beynəlxalq turizmdə uğurlar göz qabağındadır. Amma çox təəssüflər olsun ki, bəzən istirahət məkanlarında istənilən, arzuolunan səviyyədə xidmət olmur, göstərilmir. Xoş olmayan mənzərə, xidmət səviyyəsi ilə qarşılaşırıq.

Xidmət, iaşə məsələsi özü böyük zövq və mədəniyyət məsələsidir. Bu məsələyə dırnaqarası baxmaq olmaz, ona ciddi diqqət yetirmək, bu işlə məşğul olanların peşəkarlıqlarını, mədəniyyət, davranış, qulluq, xidmət səviyyələrini artırmaq lazımdır. Kimi gəldi, ucdantutma bu sektora işə cəlb etmək olmaz.

Çünki turizmin inkişafını istəyiriksə, mütləq bu sektorun səviyyəsinin artırılmasını da düşünməliyik. Xaricdən gələnlər sabah gedib öz ölkələrində deməsinlər ki, bəs Azərbaycanda belə bir vəziyyətlə, mənzərə ilə üzləşdik. Buna yol vermək olmaz.

Eyni zamanda, turistlər Azərbaycana gələrkən, öncədən hara gəldiklərini yaxşı bilməlidirlər, burada özlərini ərköyün uşaqlar kimi yox, Azərbaycan dəyərlərinə, adət-ənənəlrinə, ölkə qanunlarına uyğun şəkildə aparmalıdırlar.

Öz hərəkətlərinə çəki-düzən verməlidirlər. Mən bunu deyərkən, bütün turistləri nəzərdə tutmuram, amma çox təəssüflər olsun ki, özlərini yaxşı aparmayanları da var. Elə etmək, elə ölçü götürmək lazımdır ki, sonra gələnlər də addımlarını, davranışlarını ciddi şəkildə tənzimləsinlər”.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR