"AZAL" "Türk Hava Yolları" ilə anlaşdı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Türk Hava Yolları” (THY) ilə kod-şerinq sazişi imzalayıb.
Xəbərlər 16 Mart 2015 00:00 2497
"AZAL" "Türk Hava Yolları" ilə anlaşdı

Seyyah.az-ın AZAL-a istinadən yaydığı məlumata görə, saziş martın 29-da qüvvəyə minəcək.

AZAL-ın yaydığı məlumata görə, bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində AZAL-ın Bakı - İstanbul Atatürk/ Sabiha Gökçen/ Ankara istiqamətləri üzrə reyslərində THY-nin marketinq kodu yerləşdirəcək. AZAL-ın marketinq kodu isə öz növbəsində, THY-nin İstanbul - Bakı / Naxçıvan / Gəncə və Sabiha Gökçen – Bakı istiqamətləri üzrə reyslərində yerləşdiriləcək. Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.

AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib ki, THY ilə yeni kod-şerinq sazişi əsasında əməkdaşlıq qardaş ölkə ilə münasibətlərin inkişafında mühüm mərhələdir və həmçinin müştərilərimizin təyinat məntəqələrinə komfortlu şəkildə çatmaları üçün böyük imkanlar  yaradır: “Bu bizim Türkiyədəki mövqeyimizin möhkəmləndirilməsi istiqamətində atdığımız növbəti addımdır və region üzrə yeni müştərilər cəlb etməyə imkan yaradır. Biz Türkiyənin milli aviadaşıyıcısı olan, dünyanın əksər ölkələrinə və bir çox istiqamətlərə uçuşlar yerinə yetirən və  SkyTrax reytinqinə əsasən ardıcıl dörd il ərzində Avropanın ən yaxşı aviaşirkəti elan edilən THY ilə möhkəm əlaqələrin yaradılmasına çalışırıq”.

THY-nin İnvestisiya və texnologiyalar üzrə rəhbəri doktor Əhməd Bolat isə öz növbəsində bildirib ki, AZAL ilə kod-şerinq sazişini imzaladıqlarına görə çox şaddırlar: “İki qardaş ölkənin sərnişinləri üçün hər iki aviaşirkətin uçuş şəbəkəsi üzrə səyahət etmək imkanlarının artırılması məqsədilə əməkdaşlığımızı möhkəmləndirməyə səy göstəririk. Kod-şerinq sazişi kommersiya əməkdaşlığımız üçün də faydalı olacaq və müştərilər üçün yeni imkanlar yaradacaqdır. Hazırda “Azərbaycan Hava Yolları” hava gəmiləri parkını uğurla genişləndirməyə və müasirləşdirməyə davam edir və biz inanırıq ki, “Azərbaycan Hava Yolları” ilə bu əməkdaşlıq günü-gündən inkişaf edən Azərbaycanda kommersiya prespektivi baxımından hər iki aviaşirkət üçün əhəhmiyyətli dərəcədə faydalı olacaq”.

OXŞAR XƏBƏRLƏR