Riqada payız gəzintisi

Riqada payız gəzintisi
Xəbərlər 1 Noyabr 2018 11:02 772
Riqada payız gəzintisi

Latviyanın paytaxtı və Baltikyanı bölgədə ən böyük şəhər olan Riqanın əsası XII əsrin əvvəlində qoyulub. Bu müddətdə şəhər çox kataklizmlərlə üzləşib. Təkcə son 100 ildə - 1991-ci ildə Latviya dövlət müstəqilliyini bərpa edənə qədər Riqa bir neçə dəfə işğal edilib, dağıntılara məruz qalıb.

Bu gün Avropanın dinamik inkişaf edən paytaxt şəhərlərindən biri, regionun iqtisadi inkişaf mərkəzi və əsas nəqliyyat qovşağı olan Riqada tarixi keçmişlə müasir meyillər üzvi şəkildə birləşir. Çoxsaylı turistlər “Köhnə şəhər”in ensiz küçələrində gəzişmək, muzeylərə tamaşa etmək və dadlı milli yeməklərdən ləzzət almaq üçün buraya axışırlar.

Bugünkü reportajımızda sizə bu və bir sıra başqa məsələlər barədə məlumat vermək istəyirik.

Ratuşa meydanı, Qarabaşlılar Evi və Bremen musiqiçiləri

Bakı ilə Riqa arasında birbaşa aviareyslər işləyir. Latviyanın milli airBaltic aviaşirkətinin reysləri ilə Bakıya uçuş müddəti təqribən 3 saat 50 dəqiqədir. Biznes-klass salonunda uçan sərnişinləri aeroportda ayrıca qeydiyyat stolu, təyyarədə isə lap restoranda olduğu kimi isti yemək gözləyir. Biz səhər reysi ilə uçduq, salonda bizə hisə verilmiş mal əti, toyuq əti və pendir təklif etdilər. Riqada 1973-cü ildə tikilmiş airBaltic aeroportu ildə 4 mindən çox sərnişin qəbul edir. Aeroportdan şəhərin mərkəzinə avtomobillə 10 dəqiqəyə çatmaq olar. 

Yolboyu pəncərələrdən baxanda qeyri-adi binalar - əsasən XIX əsrə aid ağac memarlığı nümunələri görünür. Riqada ağacdan tikilmiş evlərdən ibarət bütöv məhəllələr var. Bu evlərin bəziləri bərpa olunub, digərləri hələ növbə gözləyirlər. Bu ərazidə taxta tikililərin çox olması həm bu materialın bol olması, həm də onun istiliyi yaxşı saxlaması ilə izah edilir. Yeri gəlmişkən, Riqanın ağac memarlığı nümunələri UNESCO-nun mədəni-tarixi irs siyahısına daxil edilib.

Şəhərin mərkəzi hissəsində modern, neorenessans və digər üslublarda tikilmiş möhtəşəm binalar diqqəti cəlb edir. Nəhayət, Riqanın tarixi mərkəzi sayılan “Köhnə şəhər” də UNESCO-nun dünya irsi siyahısına daxil edilib. “Köhnə şəhər” orta əsrlər memarlığı qoruğudur. Riqaya gələn turistlər adətən şəhərlə tanışlığı bu hissədən başlayırlar.

Dauqava (Qərbi Dvina) çayının sağ sahilində yerləşən “Köhnə şəhər”in özəyi Ratuşa meydanıdır. Orta əsrlərdə buranı bazar meydanı adlandırırdılar. İkinci Dünya müharibəsi dövründə bu meydan praktiki olaraq dağıdılıb. Bu gün Ratuş meydanı və orada olan bütün binalar tamamilə yenidən qurulub.

Təbii ki, şəhər idarəsi – Riqa Dumasının iclasları keçirilən Ratuşa bu meydanda yerləşir. Lakin şəhərin bu hissəsinin əsas bəzəyi Qarabaşlılar Evidir. Parlaq fasadlı, qeyri-adi gözəlliyi ilə diqqəti cəlb edən bu bina Şimali Avropa manyerizmi üslubunda inşa edilib. Onun tavanlarında çəkilmiş rəsmlər görənləri heyran edir. XIV əsrdən etibarən burada yerləşən orijinal ev 1941-ci ildə nasist ordusunun artilleriya atəşi nəticəsində dağılıb, 1999-cu ildə isə elə həmin yerdə yeni bina ucaldılıb. Qarabaşlılar Evi tarixən subay tacirlər gildiyası üçün nəzərdə tutulurdu. 2012-2015-ci illərdə bu bina Latviya Prezidentinin iqamətgahı olub, 2017-ci ildə isə yenidən turistlər üçün açılıb. Prezidentin dəftərxanası isə digər tarixi kompleksə - 1330-cu ildə əsası qoyulmuş Riqa qəsrinə köçürülüb.

Qarabaşlılar Evinin qarşısında Rolandın heykəli qoyulub. Əlində qılınc və qalxan tutmuş bu cəngavər orta əsrlərdə ədalət rəmzi olub. Elə buradaca öz memarlıq xüsusiyyətlərinə görə ümumi ansambldan seçilən düzbucaqlı şəkildə binanı görmək olar. Latviyanın işğalı muzeyi yerləşən bu binada ekspozisiya ölkənin sovetlər (1940-1941,1944-1991) və nasistlər (1941-1944) tərəfindən işğalına həsr edilib.

Ratuş meydanının yaxınlığında Müqəddəs Pyotr kilsəsi ucaldılıb. Kilsənin günbəzinsə yerləşən 123,5 metr hündürlüyündə ...uzaqdan seçilir. Maraqlıdır ki, 1985-ci ildə hündürlüyü 368,5 metr olan yeni teleqüllə tiklinə qədər bu kilsə şəhərdə ən uca tikili hesab edilirdi. Kilsənin yanında tuncdan tökülmüş “Bremen musiqiçiləri” kompozisiyası yerləşir. Bu kompozisiya Riqaya onunla qardaşlaşmış alman şəhəri Bremenin hədiyyəsidir.

Ətriyyat, şokolad muzeyi və dirijabllar üçün anqarlar

Latviya Avropa İttifaqının üzvüdür və burada dövriyyədə olan valyuta avrodur. “Köhnə şəhər” alış-veriş üçün geniş imkanlar verir. Addım başı suvenir dükanları, xalq sənəti məmulatlarının – kəhrəba bəzək əşyaları, taxta müxəlləfat, yun məmulat satılan köşklər gözə dəyir. Burada “Galerija Centrs” adlı müasir mol da var. Lakin hələ sovet dövründən məşhur olan iki brendin firma mağazaları diqqəti daha çox cəlb edir. söhbət Dzintars ətriyyat markasından və Laima qənnadı müəssisəsindən gedir. SSRİ dövründə Dzintars firmasının məhsulları (Dzintars latış dilində “kəhrəba” deməkdir) Bakının bütün univermaqlarında satılırdı. Bu gün Azərbaycanda bu məhsulları görməzsiniz, amma Riqada demək olar ki, hər yerdə Dzintars mağazaları var. Özü də elə təsəvvür yaranır ki, bu mağazada qiymətlər elə sovet dövründəki kimidir. Məsələn, kişilər və qadınlar üçün ətriyyatın qiyməti 3-4 avrodan başlanır. Yaxşı məlum olan klassik məhsullar buraxılışı davam edir, lakin tamamilə yeni məhsullar da var. Piştaxtalarda odekolon, ətir, dəriyə və saçlara qulluq vasitələri, bir sıra başqa məhsulların böyük çeşidi nümayiş etdirilir. 

Laima qənnadı brendi Azərbaycanda o qədər də məlum deyil. Halbuki bu brendin tarixi 1870-ci ildən başlanır. Həmin ildə alman Teodor Riqert Latviyada ilk şokolad istehsalını yaradıb. Bu barədə Riqada 2014-cü ildən fəaliyyət göstərən Laima firma şokolad muzeyində olarkən xəbər tutduq. Bir neçə ildən sonra Riqetrin fabriki təkcə Baltikyanı bölgədə deyil, bütün Rusiyada şirniyyat istehsal edən ən iri müəssisələrdən birinə çevrilir. 1881-ci ildə geniş çeşidli məhsullar – şokoladdan başlamış balıq konservlərinə qədər müxtəlif məhsullar istehsalı üzrə ixtisaslaşan Gegingerin fabriki yaradılır. 1921-ci ildə isə Makedoniya şirniyyat fabriki açılır, sonrada onun adı dəyişdirilərək Laima adlandırılır. 1938-ci ildə Latviya hökuməti yuxarı adlarını çəkdiyimiz şirkətlərin səhmlərini alır və onları Laima adı altında bir müəssisə şəklində birləşdirir.

Məlumdur ki, 1958-ci ildə Laimanın buraxdığı məhsullar çeşidində 169 növ müxtəlif şirniyyat, o cümlədən məşhur “Serenada”, “Trüfel”, “Krasnıy mak”, “Belokça”, “Prozit” və başqa konfetlər vardı. Qaysı qurusu və şokoladlı qoz, müxtəlif tamlı zərif zefir qarışığından ibarət “Serenada” konfetləri, araxısli və kremli “Cielavina” (“Qaranquş”) tort-beze bu brendin fəxridir.

Riqanın mərkəzində 1924-cü ildə quraşdırılmış və əvvəlcə “Böyük saat” adlanan saat hələ də işləyir. 1936-cı ildə həmin saatın üzərində reklam məqsədilə Laima loqotipi yerləşdirilib və o vaxtdan onu Laima saatı adlandırırlar.

Laima muzeyinin ən qədim eksponatı hələ 1894-cü ildə Rigertin fabrikində hazırlanmış şokolad fiqurudur. Bu fiqur uzun illər boyu Riqada bir ailədə saxlanıb, sonra isə muzeyə hədiyyə edilib.

Muzeydə Laima brendinin tarixindən əlavə şokoladın hazırlanması prosesi barədə məlumat əldə etmək, şokolad fontanından bir stəkan 80 faizli duru şokolad içmək, üzərinə öz adınız yazılmış şokolad plitəsi hazırlamaq olar. Təbii ki, muzeyin nəzdindəki Laima firma mağazasındakı xoşunuza gələn şirniyyatları ala bilərsiniz.

Alış-veriş mövzusunun davamı kimi Riqanın daha bir mühüm ticarət obyekti – “Köhnə şəhər”in yaxınlığında yerləşən Mərkəzi bazar barədə də məlumat vermək istərdik. Avropada ən qədim və ən böyük bazarlardan biri olan bu bazar ticarət məqsədləri üçün ...dirijabl anqarlarından tikilmiş beş pavilyondan ibarətdir. Pavilyonlar arasında meyvə, tərəvəz, gül-çiçək və başqa məhsullar satılan çoxsaylı piştaxtalar yerləşir. Mövsümdə burada yerli giləmeyvələr, göbələk və şorabalar da tapmaq olar. Balıq məhsulları pavilyonuna baş çəkməyinizi xüsusi tövsiyə edirik. Burada təzə, dondurulmuş və hisə verilmiş şəkildə ilanbalığı, karp, nərə balığı, siyənək və başqa balıq növləri tapa bilərsiniz. Aldığınız məhsulları uzaq məsafəyə aparmaq üçün onları elə buradaca vakum paketə yığarlar.

“Üç qardaş”, Brivibas və yuqendstil

Riqada əsil klassik payız müşahidə olunur – hava dumanlı, parklarda xalıları xatırladan xəzəllər, səhərlər təmiz hava ləzzət verir. Belə havada gəzintiyə çıxmağın öz ləzzəti var. “Köhnə şəhər” ilə tanışlığı davam etdirmək üçün Liva meydanına gəlməyiniz məsləhətdir. Bu meydanın ətrafında bir neçə maraqlı görməli yer var. XVIII əsrə aid yaşayış binaları kompleksi, yenə həmin əsrdə tikilmiş Böyük Tacir Gildiyası və Kiçik Sənətkarlar Gildiyası təmtəraqlı interyerləri ilə diqqəti cəlb edir. Axşamlar meydanda çoxsaylı kafelər işləyir, canlı musiqi sədaları eşidilir. 

Orta əsrlərə aid “Üç qardaş” binalar kompleksini qeyd etməmək olmaz. Rəvayətə görə bu binalar eyni nəslə mənsub olan, lakin müxtəlif əsrlərdə yaşamış kişilər tərəfindən inşa edilib. Buradakı ən qədim bina XV əsrə aiddir. Hazırda bu binaların birində memarlıq muzeyi fəaliyyət göstərir.

“Köhnə şəhər”in dövrəsində mənzərəli kanalda ördəklər üzür. Əvvəllər burada qala divarları olub. Qala divarları qüllələrindən biri hələ də qalır. Əvvəllər “Pesoçnaya” adlanan bu qüllə indi “Poroxovaya” adlanır. Qüllənin təqribən 1330-cu ildə tikildiyi bildirilir. Bir neçə dəfə sökülüb yenidən tikilmiş bu qüllə indiki adını XVII əsrdə alıb. O vaxt burada barıt saxlanırmış. 1919-cu ildən həmin qüllədə Latviya hərb muzeyi yerləşir.

Yaxınlıqda kazarmaların tarixi binası görünür. Hazırda həmin binada Amerika Ticarət Palatası və Latviya şəhərlərinin diplomatik nümayəndəlikləri yerləşir. Latviyanın 70-dən çox şəhərinin gerbləri təsvir edilmiş qəşəng fasad diqqəti cəlb edir.

Kanalı keçib “Köhnə şəhər”in hüdudlarını tərk etsəniz, çox maraqlı “kəşflər” edə bilərsiniz. Latviyanın müstəqillik rəmzi olan Azadlıq heykəli 1935-ci ildə ucaldılıb. Riqanın əsas küçəsi olan Brivibas (“Azadlıq”) küçəsində yerləşən, 42 metr hündürlüyündə daş sütunun zirvəsində əlində üç ulduz tutmuş qadın heykəli qoyulub. Bu ulduzlar Latviyanın Vidzeme, Kurzeme və Latqale adlı tarixi vilayətlərinin rəmzləridir.

Azadlıq heykəlindən bir qədər şimalda “Köhnə şəhər”in ətrafında yaşıl zonanın bir hissəsi olan səliqəli park və Bastion təpəciyi, cənubda isə 1863-cü ildə tikilmiş Latviya Milli Operasının binası görünür. Yeri gəlmişkən, Riqada ilk elektrik işıqlandırma sistemi 1887-ci ildə əvvəllər Alman Teatrına məxsus olmuş bu binada quraşdırılıb.

Gəzintini davam etdirsəniz, Latviya Milli Rəssamlıq Muzeyinin 1905-ci ildə tikilmiş möhtəşəm arxitektur binasını görə bilərsiniz. Latviyada incəsənət əsərlərinin ən böyük toplusu bu muzeydə saxlanılır.

Riqanın mərkəzi hissəsini öyrənmək istəsəniz, yuqend üslubunda (modernin və ar-nuvonun analoqu) tikilmiş çoxsaylı memarlıq kompleksləri qarşınıza çıxacaq. Bu üslubda ən parlaq nümunələri Elizabetes və Albert küçəsində görmək olar. Riqanın mərkəzi hissəsindəki binaların təxminən üçdə bir hissəsi bu üslubda tikilib. Bu fakt Riqa şəhərinin Avropada yuqendstil paytaxtı adlanmasına əsas verir. Çoxları bilmir ki, bu binaların bir hissəsi məşhur kinorejissor Sergey Eyzenşteyn atası, riqalı memar Mixail Eyzenşteyn tərəfindən layihələşdirilib.

Pərakəndə şəkildə yerləşən müasir memarlıq nümunələri Latviya paytaxtının klassik landşaftına bir rəngarənglik gətirir. Qəribə piramida formalı bir tikili – Latviya Milli Kitabxanasının yeni binası uzaqdan diqqəti cəlb edir. 2008-2014-cü illərdə tikilmiş bu müasir informasiya və mədəniyyət mərkəzi “Nur qəsri” adlanır. Şəhərdə kimdən soruşsanız, sizə ilk növbədə deyər ki, bu binanın tikintisinə 260 milyon avrodan çox vəsait sərf edilib.

Yeri gəlmişkən, Riqada addımbaşı rus nitqi eşidilir, ictimai yerlərdəki yazıların çoxu isə həm də rus dilində verilib. Beləliklə, burada dil baryeri ilə qarşılaşmayacaqsınız.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR