Azərbaycandan Avropaya ucuz uçuşlar baş tutmadı

Avropa ölkələrinə ucuz uçuşlar təşkil etməsi ilə turistlər arasında populyar olan Macarıstanın "WizzAir" aviaşirkəti aprel ayında Bakıya planlaşdırdığı uçuşları təxirə salıb.
Xəbərlər 17 Mart 2015 00:00 1782
Azərbaycandan Avropaya ucuz uçuşlar baş tutmadı

Seyyah.az-ın məlumatına görə, bu barədə fins.az şirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Xatırladaq ki, bir qədər əvvəl "WizzAir"  bəyan etmişdi ki, martın 29-dan etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri bərpa edəcək. Amma hazırda şirkətin saytından, aprel ayına bilet sifarişi etmək mümkün deyil. Macarıstan istiqamətində ilk uçuş mayın 3-nə nəzərdə tutulub.

Fins.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Azərbaycanın turizm şirkətlərinin bir qismi bundan xəbərdardır. Onlar turistlərə alternativ aviareys təşkil etmək barədə düşünürlər. Bəzi turizm operatorları isə vəziyyət barədə məlumatlı deyil.

“Təxirə düşmüş reyslərin xərcini "Wizz Air" özü çəkəcək”

Məsələn, “Millenium Tur” şirkətindən fins.az-a bildirilib ki, vəziyyətdən xəbərləri var və "WizzAir" təxirə salınmış reysləri ilə bağlı məsələni özü həll edəcək. Şirkətin tur meneceri Gunay Ağayevanın sözlərinə görə, aviaşirkət turistləri baha başa gəlməsinə baxmayaraq digər rəqib şirkətlərin aviareysləri ilə yola salır: “Turistlər istəsə, digər aviaşirkətlərin uyğun uçuş marşrutlarından yararlana bilərlər. Bunun üçün “Azərbaycan Hava Yolları”, “Türk Hava Yolları” və digər aviaşirkətlərin İstanbul və yaxud "WizzAir"in Tiflis reysindən  istifadə  etmək mümkündür”. 

“Biletlərin pulu geri qaytarılacaq”

“R&R Travel” şirkətində də "WizzAir"in aprel ayında uçuşları təxirə saldığını bilirlər. Şirkətin əməkdaşı Surə Muradova fins.az-a deyib ki, "WizzAir" təxirə salınan reyslərə görə, satılan biletlərin pulunu geri qaytaracaq. Viza və digər xərclərin kompensasiya ediləcəyi isə məlum deyil. 

Onun sözlərinə görə, uçuşları təxirə düşən müştərilər əlavə xərc çəkib digər marşrutlardan istifadə edə bilərlər. Söhbət Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva və “Türk Hava Yolları”nın İstanbul reysindən gedir. Amma bu WizzAir"lə müqayisədə təqribən 3-4 dəfə baha başa gəlir. Məsələn, Avropaya Moskavadan getmək istəyənlər 450-460 manat xərc çəkməlidir. 

Bununla belə, artıq xərcə düşüb səyahətə getmək istəyənlər var. S.Muradova deyir ki, bu gün artıq digər reyslərlə uçmaq istəyən15-ə yaxın turist onlara müraciət edib. 

“Turistləri eyni qiymətə başqa reyslərlə yola sala bilərik”

“Dərviş Travel” şirkəti isə bəyan edir ki, "WizzAir"in aprel uçuşlarının təxirə salınması hələ dəqiq deyil. Bununla yanaşı, şirkətin rəhbəri Nadir  Nadirov fins.az-a açıqlamasında bildirib ki, lazım gəlsə turistləri başqa marşrutlarla yola sala bilərlər. Onun sözlərinə görə, təxirə düşmüş reyslərə görə turistlərdən əlavə pul almamaq şərti ilə onların digər reyslərlə uçuşunu təşkil etmək mümkündür: “Avropaya uçan turistlər, ucuz başa gəldiyi üçün əsasən "WizzAir" şirkətinin reyslərindən istifadə edirlər. Ancaq əgər  uçuşlar təxirə salınsa, turizm şirkətləri digər reyslərdən istifadə edib xərcləri qarşılamalıdır”. 

OXŞAR XƏBƏRLƏR