İsveçrənin mədəniyyət paytaxtı - BAZEL

İsveçrənin mədəniyyət paytaxtı - BAZEL
Xəbərlər 6 Noyabr 2018 08:57 29
İsveçrənin mədəniyyət paytaxtı - BAZEL

İsveçrənin böyüklüyünə görə üçüncü şəhəri sayılan Bazel bizə çox kiçik göründü. Bu şəhər 37 kvadratkilometr – təxminən Bakıdan 10 dəfə kiçik ərazini əhatə edir. Bu yığcam ölçüsünə görə, Bazeli “xırda meqapolis” adlandırırlar. Lakin bu, turistlərə sərfəlidir: şəhərin görməli yerlərinin əksəriyyətinə piyada və yaxud İsveçrə saatları kimi dəqiq işləyən ictimai nəqliyyatın rahat sistemindən istifadə etməklə getmək olar. Bununla belə, Bazel ölkə və dünya üçün əhəmiyyəti baxımından daha böyük şəhərləri geridə qoya bilər. Hər il burada “Art Basel” - iri beynəlxalq incəsənət sərgisi və “Baselworld” – saatların və zərgərlik məmulatlarının ən çağdaş sərgisi keçirilir. Şəhər İsveçrənin əczaçılıq və kimya sənayelərinin mərkəzi hesab edilir. Bazeldə 12 “Pritsker” mükafatına (“Pritzker Architecture Prize”) layiq görülən binanın tikintisi faktı isə şəhərə memarlıq mərkəzi adını da qazandırır.

İndi isə bütün bunlar barədə təfərrüatı ilə!

Vasilisk, Reyn suları və Şpalentor

Bizim “airBaltic” aviaşirkətinin reysi ilə Riqadan Sürixə uçuşumuz 2,5 saat sürdü. Nəzərinizə çatdıraq ki, Bazelin öz aeroportu var, lakin o, Fransa ərazisində, Müluz şəhərciyinin yaxınlığında yerləşir. Bu, dünyada yeganə aeroportdur ki, iki dövlət tərəfindən birgə idarə olunur. Əlavə olaraq, bu hava limanı yaxınlıqdakı Frayburq (Almaniya) şəhərinə də xidmət göstərir. Bu, üç ölkənin yolayrıcında yerləşən Bazelin böyük üstünlüklərindən biridir. Buradan qonşu ölkələrə və şəhərlərə səyahət etmək çox rahatdır. 

Beləliklə, biz Sürix aeroportunda baqajımızı gözləyirik. Buna çox vaxtımız getmədi, çünki “biznes-klass” sərnişinlərinin çamadanlarına “Priority” birkaları taxılır ki, bunun da sayəsində əşyaları digərlərinə nisbətən daha tez götürmək mümkündür. Yeri gəlmişkən, onu da öyrəndik ki, “airBaltic” ev heyvanları ilə səyahət etməyi xoşlayanlar arasında populyar aviaşirkətdir. Təkcə cari ilin yanvar-avqust aylarında “airBaltic” reysləri ilə 8164 it və pişik daşınıb. Əgər siz məzuniyyətinizi evdə saxladığınız şimpanze və ya pinqvinsiz təsəvvür edə bilmirsinizsə, bu da problem deyil; “kiçik dostlarınızı” baqaj şöbəsində və karqoda mənzilbaşına çatdıracaqlar.

Sürixdən Bazelə qatarla bir saata çatmaq mümkündür. Qatar sərnişinləri birbaşa aeroportdan Bazelin mərkəzinə aparır. İsveçrənin digər şəhərlərində olduğu kimi, Bazeldə də turistlər üçün ictimai nəqliyyat pulsuzdur. Bunun üçün təsdiq olunmuş otel bronunu təqdim etməniz kifayətdir. Yəni, sizə lazım olan tramvayla (Bazeldə ən populyar nəqliyyat növü) ödənişsiz otelinizə gedə bilərsiniz.

Bizim qaldığımız “Basilisk” (tərcümədə “vasilisk” deməkdir) mehmanxanası Köhnə şəhərin yaxınlığında yerləşirdi. Bəzi ehtimallara görə, “Bazel” sözü mifik qanadlı əjdahanın adından götürülüb. Hər halda onun təsvirinə hər yerdə - lövhələrdə, fəvvarələrdə, heykəllərdə və s. rast gəlmək olar. Bazelin üç ölkənin sərhədində yerləşdiyini xatırlayırdıq. Bu səbəbdən şəhərin mərkəzi ilə axan Reyn çayının onu tən yarı böldüyünü öyrənmək bizi heç təəccübləndirmədi. Bir sahildən digərinə keçmək üçün tarixi “Mittlere Brücke” körpüsündən və ya daha ekzotik vasitədən – qayıqdan istifadə etmək olar. Siz soruşa bilərsiniz ki, burada qeyri-adi nə var? Qeyri-adilik ondadır ki, bu qayıq motorsuzdur və avarla idarə olunmur, sadəcə, yalnız çayın öz axını hesabına üzür! Başqa tərəfə üzməməkdən ötrü qayıq çayın üzərindən çəkilmiş buraza bərkidilib. Axın çox güclü olduğundan qayıq digər sahilə 10 dəqiqədən də az müddətə çatır.

Yay aylarında Reyn sahilləri şəhər boyunca çimənlərlə dolu olur. Ona görə ki, çayın suyu büllur kimi şəffaf və təmizdir, burada çoxlu canlı yaşayır. Qayıqdan düşdükdən sonra pilləkənlə Pfaltsa (The Pfalz) qalxırıq. Reynə gözəl mənzərə açılan bu yer şəhərin ən populyar müşahidə meydançalarından biridir. Səmanın yüksəkliyində rəngarəng hava şarları görünür. Bu, Bazeldə tez-tez həyata keçirilən art-layihələrin bir hissəsidir.

Terrasdan sonra Köhnə şəhər özünün ən əsas görməli yerlərindən biri - Bazel kafedral baş kilsəsi ilə başlayır. Onun qırmızı qumdaşından olan divarları, parlaq kirəmitli damı, günəş və mexaniki saatlı iki qülləsi uzaqdan seçilir. Bu məbəd 1019-1500-cü illər arasında olan dövrdə romantik və qotik üslublarda tikilib. Baş kilsənin yerləşdiyi ərazi hazırda populyar görüş yeri olmaqla yanaşı, konsertlərin və tədbirlərin keçirilməsi üçün də tez-tez istifadə edilən məkandır.

Orta əsrlərdə Bazel 1400 yaşı olan, XIX əsrin ortalarınadək özünün müdafiə funksiyalarını yerinə yetirən divarlarla əhatə olunub. Sonra bu divarlar şəhərin böyüməsinə əngəl olduğu üçün dağıdılıb və onlardan yalnız ən gözəl olan üçü qorunub saxlanılıb. Onlardan biri - 40 metr hündürlüyü olan və kvadratşəkilli əsas qülləsi hər iki tərəfdən dəyirmi qüllələrlə əhatə olunmuş Şpalentor (Spalentor) divarı bu gün də şəhər landşaftının bəzəyidir.

Lutsiy Plank, Tenqli fəvvarəsi və Pikasso ilə bağlı əhvalat

Köhnə şəhərin ən valehedici binası yerli qırmızı qumdaşından tikilən, minalı ala-bəzək plitə ilə üzlənmiş və naxışlı fasadı ilə oyuncaq qəsrə bənzəyən Bazel ratuşasıdır (şəhər şurasının binası). 1507-1513-cü illərdə tikilən bina sonralar - XX əsrin əvvəllərinədək dəfələrlə yenidən tikilib. Ratuşanın həyəti gözəlliyinə görə fasaddan geri qalmır. Onun divarları şəkillərlə, keçidləri isə tağlarla bəzədilib. Bütün bu möhtəşəmliyi qədim Roma konsulu, Bazelin (daha dəqiq desək, müasir Bazeldən 20 km aralıda yerləşən Auqusta Raurika şəhərinin) əsasını qoyan Lutsiy Munatsiya Plankın heykəli tamamlayır. 

Əvvəllər olduğu kimi, indi də binada şəhər bələdiyyəsi, həmçinin Bazel-Ştadt kantonunun (İsveçrənin ən kiçik, eyni zamanda, əhalisinin sıx olduğu kanton) hökumət iqamətgahı yerləşir. Ratuşanın yerləşdiyi ərazi “Bazar” adlanır. Ərazidə həqiqətən də piştaxtalar qoyulub və onların üzərində təzə meyvə, tərəvəz və güllər satılır.

Bazelin görməli yerlərindən biri də Tenqli fəvvarəsidir. İsveçrəli heykəltəraş Jan Tenqli 1977-ci ildə bu fəvvarəni bir zamanlar köhnə teatr şirkətinin səhnəsinin olduğu yerdə tikib və o, dərhal şəhər sensasiyasına çevrilib. Bunun səbəbi odur ki, kinetik sənət janrında yaradılan fəvvarədə aşağıgərginlikli cərəyanla işləyən hərəkətverici mexaniki konstruksiyalardan istifadə edilib. Bu daim hərəkətdə olan və suyu ətrafa sıçradan 9 dəmir fiqur nə vaxtsa burada yerləşmiş səhnədə çıxış edən mimlər və aktyorlar kimi, sözün əsl mənasında, biri-biri ilə və tamaşaçılarla oynayır. Hazırda Bazeldə Tenqlinin yaradıcılığına həsr olunmuş muzey fəaliyyət göstərir.

Kreativ və yüksək sənətə Bazelin hər addımında rast gəlmək mümkündür. Təsadüfi deyil ki, şəhərdə hər ilin iyun ayında ən iri incəsənət yarmarkası – “Art Basel” keçirilir. Tədbirin davam etdiyi 3-6 gün ərzində dünyanın müxtəlif yerlərindən təxminən 300-ə yaxın seçilmiş qalereya tamaşaçılara müasir incəsənət nümunələrini təqdim edir. “Art Basel”ə gələn rəssamlar, sənət əsərləri kolleksiyaçıları və tanınmış adamlar şəhəri art-səhnəyə çevirirlər. 1970-ci ildə yaradılan yarmarkanın bünövrəsini qoyanlardan biri adlı-sanlı isveçrəli art-diler və kolleksiyaçı Ernst Beyeler olub. 1997-ci ildə Rixen bələdiyyəsində (Bazelin mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir) tanınmış italiyalı memar Rentso Piano tərəfindən Beyeler Fondu Muzeyi tikilib. Bu incəsənət mərkəzinin yaradılması sayəsində Beyeler kolleksiyası geniş ictimaiyyət üçün əlçatan olub. Bu muzeyi ziyarət etmək barədə tövsiyələri siz Bazel üzrə hər bir yol bələdçisindən tapa bilərsiniz. Muzey hay-tek üslubundadır ki, onun da yaradıcılarından biri Pianodur. Gözəl parkda, nəhəng ağacların əhatəsində yerləşən muzeyin qarşısında səfalı göl və yaşıl çəmənlik yerləşir. Burada gənc rəssamlar sərbəst şəraitdə naturadan rəsm çəkirlər. Fondun kolleksiyasında Beyelerin incəsənətə baxışlarını əks etdirən 250-dən çox klassik modernizm üslubunda əl işləri var ki, onların arasında Mone, Sezan, Van Qoqdan tutmuş Pikasso, Uorxola və Bekonadək məşhur rəssamların əsərlərini görmək mümkündür. Bununla yanaşı, muzeyin pavilyonlarında Afrika, Okeaniya və Alyaska xalqlarının qəbilə incəsənəti nümunələri də təqdim olunur. Burada müntəzəm olaraq müvəqqəti sərgilər keçirilir. Məsələn, bizim muzeyi ziyarət etdiyimiz dövrdə fransız rəssam Baltyusun əl işləri nümayiş etdirilirdi.

Muzeylər haqqında danışarkən Bazel Bədii Muzeyini (Kunstmuseum Basel) yada salmaq yerinə düşər. İsveçrənin iri muzeylərindən biri olan bu mədəniyyət ocağının kolleksiyasında hazırda 4 minə yaxın rəsm əsəri, heykəl, installyasiya və videoçarxlar, həmçinin 700 illik dövrü əhatə edən 300 min tablo və cizgi elementləri saxlanılır. Bu muzeylə bağlı əhvalat bazelliləri daha yaxşı səciyyələndirir. 1967-ci ildə maliyyə çətinlikləri ilə qarşılaşan kolleksiyaçı Piter Q.Steşelin ona məxsus olan Pikassonun iki əsərini satmaq qərarına gəlir. Əsərlər həmin vaxt Bazel Bədii Muzeyində sərgilənirdi. Bazelin incəsənət həvəskarları bunu eşidər-eşitməz əllərində “Sizə lazım olan hər şey - Pikasso” şüarı ilə küçələrə axışaraq rəsm əsərlərinin alınmasına ianə yığmağa başlayıblar. Xalq referendumu ilə başa çatan aksiya nəticəsində şəhər bu iki əsəri 8,4 milyon İsveçrə frankına əldə etməyə qərar verir. Bu əhvalatdan mütəəssir olan Pablo Pikasso özünün daha 4 əsərini Bazelə bağışlayır və bu hədiyyəni şəhərlilərin fədakarlığına həsr edir. Bu gün Rubens, Rembrandt, Sezan, Qoqen, Van Qoq və digər sənətkarların əsərləri ilə yanaşı, Pikassonun kolleksiyasını da Bazel Bədii Muzeyinin çoxsaylı zallarında görmək mümkündür.

Bazelin rekordları və ya şirin vermişel

Kiçik Bazel şəhəri bir neçə İsveçrə rekorduna malikdir. Belə ki, məhz burada ölkənin digər şəhərlərinə nisbətən daha çox – 40-dək muzey fəaliyyət göstərir. İsveçrədə ən iri zoopark da Bazeldə yerləşir. Burada 600-ə yaxın heyvan növü saxlanılır. Hər il mart-aprel aylarında Bazeldə “Baselworld” – dünyada ən böyük saat və zərgərlik sərgisi keçirilir. Oktyabr-noyabr aylarında isə İsveçrədə saysız-hesabsız stend və əyləncələri olan Payız yarmarkası təşkil edilir. Nəhayət, İsveçrənin ən qədim universiteti də Bazeldə yerləşir. 

Qabaqcıl təfəkkürlə yanaşı, bazellilər öz adət-ənənələrinə, o cümlədən kulinariyaya da hörmətlə yanaşırlar. Bazelin ən məşhur şirniyyatları qozlu və şəkərlənmiş meyvəli, ballı pryaniklər, yumşaq karamel və 100 ildən artıq “Läckerli Huus” yerli qənnadı mağazasında hazırlanan digər ləziz şirniyyatlardır.

Digər qənnadı mağazasında, həmçinin köhnə, 1898-ci ildə əsası qoyulan “Beschle”də biz İsveçrənin bu hissəsi üçün xarakterik olan (Cenevrə regionunda qarşılaşmadığımız) orijinal “Vermişel” pirojnasının dadına baxdıq. Bu desertin əsas tərkib hissəsi şabalıd əzməsidir ki, onu da vermişelə bənzər formada hazırlayırlar. Krem və beze parçaları ilə bəzədilmiş biskvitli səbətin üzərinə “vermişel” tökülür. Şabalıd əzməsi dadına və qatılığına görə Azərbaycanda yağ, un və şəkərdən hazırlanan halvaya daha çox bənzəyir.

Bazeldən sonra yollandığımız Sürixdə bizə “Vermişel” desertinin boşqabda olan variantının dadına baxmaq nəsib oldu. Bu isə artıq bir başqa əhvalatdır...

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR