Şənbə günü Lənkərana getmək üçün səbəb - FOTOLAR

Şənbə günü Lənkərana getmək üçün səbəb - FOTOLAR
Xəbərlər 7 Noyabr 2018 13:19 520
Şənbə günü Lənkərana getmək üçün səbəb - FOTOLAR

Xan Lənkərana gəlin, “Çay, çəltik, sitrus” festivalına qonaq olun! 

Noyabrın 10-da Lənkəranda ikinci "Çay,  çəltik, sitrus” festivalı  başlayacaq. Festival şəhərin mərkəzində,  H.Əliyev adına xatirə parkında, "Cəngi” sədaları altında  start götürəcək. Qızılı  payızda bayram ovqatı yaşamaq , təbiətin ilahi  gözəlliklərindən zövq almaq, bəxş etdiyi naz-nemətlərdən dadmaq, zəhmət adamları ilə üzbəüz görüşüb, sevinclərinə şərik olmaq istəyirsinizsə, bu tarixi qaçırmayın. Yolunuzu bu şənbə  Xan Lənkərandan salın. Bəs Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən builki festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi vəd edir -bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramında Lənkəranda istehsal olunan coxşeşidli  məhsullar və təbiətin bəxş etdiyi nemətlər nümayiş olunacaq, iştirakçılara istehsalçılarla  yaxından tanışlıq , birbaşa ünsiyyət imkanı  yaradılacaq.

Yerli çay fabriklərində istehsal olunmuş, ekoloji cəhətdən tam təmiz, qatqısız  Lənkəran çayını tədbir boyunca dada bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə, bişmişlərlə, limonlu samovar  çayından içəndə, bir daha əmin olacaqsınız ki, bu diyarın   məxməri çayının   həqiqətən də,  misli yoxdur, min bir dərdə  dərmandır.

Dərman demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac? Xəstəsi də şəfa tapan, Lənkəranın limonundan, naringisindən, feyxoa, kivi, portağalından dadın. Həm də əsil məqamıdır. İlin bu fəslində Lənkəran büsbütün naringi qoxuyur, havadan limon ətri gəlir. Barlı-bəhərli portağal bağları ağız sulandırır. Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək duyğulansın, könül sevsin. Lənkəranlılar yurdlarını çox sevirlər və inanırlar ki,  bu ilahi nemətlər saflıqlarına, zəhmətsevərliklərinə, xoş məziyyətlərinə, yurdsevərliklərinə görə onlara, Allahın lütfüdür.

Yeri gəlmişkən, Lənkəran   təkcə çayı, sitrus meyvələri ilə deyil,  ta qədimlərdən  həm də ətirli düyüsü, bu düyüdən bişirilən növbənöv plovları  ilə məşhurdur. "Akulə”, "Sədri”, "Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq istəyinizi  festival günü reallaşdıra bilərsiniz. Ən yaxşısı, gəlin, görün, dadın, qiymət verin. Necə deyərlər, həm ziyarət, həm ticarət!

Məhsul bayramı əmək adamlarının  qiymətləndirilməsi ilə də  yaddaqalan olacaq.  Festivalda Rayon İcra Hakimiyyəti  əlinin zəhməti ilə tanınıb seçilən bir qrup əmək adamını  fəxri-fərman və qiymətli  hədiyyələrlə mükafatlandıracaq.

Lənkəranın payızı bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır. İlin bu çağında  ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt itirməyin, bu şənbə qonağımız olun!

Cənub hərarətli   festivalda  təkcə Lənkəranın zəngin mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq. Burada dinləyəcəyiniz, bu yerlərin ab-havası hopmuş qədim nəğmələri çətin ki, bir ayrı məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizə  üzü nurlu "Nənələr”imiz  oxuyacaq, "Halay” ansamblı  unudulmaqda olan "Şalı-şalı" rəqsini ifa edəcək, yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər. Qol götürüb  süzməyi öz ixtiyarınıza  buraxırıq.

Festivalın təşkilatçıları iştirakçıların ötənilki təkliflərini də nəzərə alıblar. Lənkəranda yetişdirilən və istehsal olunan məhsulların satış yarmarkası da təşkil olunacaq. Məhsul bayramı axşam şəhər mədəniyyət mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.




















 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR